Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-359/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş 14 yanvar 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı 13 dekabr 2023-cü il tarixdə 13487,5 Avro məbləğində olan vəsaiti avans olaraq bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 14 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən, xarici hüquqi şəxsin filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli 12 nömrəli müqavilədən də göründüyü kimi, həmin müqavilə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən bağlanmış və müqavilədə alıcı qismində adıçəkilən hüquqi şəxs təsbit olunmuş, pul vəsaiti də Azərbaycan Respublikasından çıxarılmışdır. Buna baxmayaraq, müvafiq malların ölkəyə idxal olunmasına dair yük gömrük bəyannaməsi, yaxud pul vəsaitinin geri qaytarılmasına dair sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, hüquqi şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan xarici hüquqi şəxsin filialı - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 dekabr 2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" QSC-də olan hesabdan 13487,5 Avro məbləğində pul vəsaiti «AİR SEA MODE LTD» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 19 dekabr 2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 13487,5 Avro məbləğində olan vəsait bank hesabından 13 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara avans olaraq köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 03 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, «AİR SEA MODE LTD» şirkəti ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı 13487,5 Avro məbləğində xarici valyutada olan vəsaiti 13 dekabr 2023-cü il tarixdə bank vasitəsilə avans olaraq Azərbaycan Respublikasından kənara köçürmüş və 13487,5 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.2-yarımbəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı mübahisəli valyuta əməliyyatı üzrə satıcı ilə birbaşa müqavilə bağlamış, alıcı qismində öz adından çıxış etmiş və ödənişi Azərbaycan Respublikasındakı bank hesabından həyata keçirmişdir. Yuxarıda qeyd edilən Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən, qabaqcadan ödəniş edildikdə, həmin ödəniş müqabilində mallar Azərbaycan Respublikasının ərazisinə idxal edilməli və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti ölkəyə geri qaytarılmalıdır. Hazırkı iş üzrə isə nə malların Azərbaycan Respublikasına idxalı həyata keçirilmiş, nə də 13487,5 Avro məbləğində valyuta vəsaiti xaricdən geri qaytarılmışdır. İşin qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13487,5 (on üç min dörd yüz səksən yeddi avro, 50 avro sent) Avro valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 2697,4 (iki min altı yüz doxsan yeddi avro, 40 avro sent) Avro (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-359/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-359/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver