Məhkəmə qərarları › İş №3(5-93)-366/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-366/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-366/2026 04.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli, EQ 32813665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli, EQ 32813665 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, S.A.Səlimov 21 dekabr 2025-ci il tarixdə Gəncə şəhəri, Nizami və Heydər Əliyev küçələrinin kəsişməsi, Əttarlar küçəsi istiqaməti 2də idarə etdiyi “X3” minik markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması əsası ilə barəsində 100 manat cərimə tətbiq edilmişdir. Qərar əsassızdır, belə ki, qərarda əksini tapmış fotoşəkillərdən də görünür ki, o, İXM-nin həmin maddəsinin tələblərini pozmamış, svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməmişdir. Lakin, tipi, markası, modeli və yeri bəlli olmayan kamera, nasaz texniki vasitə maşınının nömrəsini çəkmişdir. Hazırki inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, həmin qərar İXM-nin tələblərinə tam olaraq cavab vermir. Müşahidə kamerası müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış, kameranın müvafiq sertifikatı yoxdur və metroloji sınaqdan keçməmişdir. O, svetoforun qarşısında qırmızı işıqda dayanmışdır. Sadəcə kameranın perspektivi elə görsənir ki, guya o, hərəkət etmişdir. Əgər video müşahidə əldə edilərsə onun həmin hüquq pozuntusunu törətmədəyi görünər. Şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş quruma məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Belə ki, məhkəmə 21 və 30 yanvar 2026-cı il tarixli sorğular ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək, sözügedən inzibati xəta ilə bağlı sübutların təqdim olunmasını tələb etsə də, qərarından şikayət verilmiş inzibati qurum məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan fotoşəkillərdən isə S.A.Səlimovun inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzbati xətanı törətməsini birmənalı olaraq müəyyənləşdirmək mümkün deyildir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinin tələbinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.1-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli, EQ 32813665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar