Məhkəmə qərarları › İş №3(5-93)-369/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-369/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-369/2026 09.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Tərtər rayonu, Bəyimsarov Ə/D, Bəyimsarov kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Şikayət verən X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının zahatı:

2. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahatında bildirmişdir ki, onun tərəfində hər-hansı bir inzibati xəta törədilmədiyi halda barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş qərarla razı olmamış, səlahiyyətli orqana şikayət etmiş ona guya hadisəni əks etdirən video göstərmişlər. Lakin o videodakı onun maşını olmamışdır. Daha sonra isə bildirmişdir ki, əgər iddia etdikləri kimi o videodakı onun maşınıdırsa o zaman ona niyə yerindəcə protokol tərtib edilməmiş, bundan başqa əgər protokola etiraz etmişdirsə ümumiyyətlə onun barəsində qərar qəbul etmək səlahiyyəti həmin inspektorda olmamışdır. Ancaq qərardan görünür ki, onun barəsində protokol tərtib edən inspektorla qərar qəbul edən eyni şəxs olmuşdur. Sonda məhkəmədən qeyd olunan hallara qiymət verərək, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hadisəyə dair video materiala baxılarkən müəyyən edilir ki, ərizəçi X3 qadağanedici işıqdan keçərək qayda pozuntusu etmişdir. Hazırki şikayəti isə məsuliyyətdən yaxa qurmaq məqsədi daşımaqdadır. Odur ki, qərarın qüvvədə saxlanılmasını xahiş edir.

4. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, inzibati xətanı törədən X3 olmuşdur. Onu saxlamış, saxlanma səbəbini izah etmiş, sonuncu da protokolla razılaşmış, lakin vaxtının olmamasını bildirərək protokol yazılarkən gözləyə bilməyəcəyini və protokolu, qərarı elektron kabinetə göndərməyi xahiş etmişdir. O, da vətəndaşın tələsdiyini nəzərə alaraq, sonuncunu yola salmış daha sonra protokolu tərtib edərək elektron kabinetinə qərarla birgə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 17:41-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X7 küçəsi 345 ünvanı ərazisində “Changan Deepal S 07” markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” tələblərinin pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

6. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməlidir.

7. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaratmışdır. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən təqdim edilmiş video görüntüdən X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini aşkar surətdə görmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi zamanı hərəkətin davam etdirilməsi qaydaları yolayrıclarında, piyada keçidlərində və zolaqlarda təhlükəsizliyi, sürücülərin dayandırılma məcburiyyətini, həmçinin xüsusi səs/işıq siqnallı operativ avtomobillərə yol verilməsi qaydalarını tənzimləyir. Svetoforun qırmızı və ya sarı işığında, habelə nizamlayıcının qadağanedici işarəsində sürücü stop-xətt qarşısında və ya yolayrıcına girmədən dayanmalıdır. Səlahiyyətli orqan tərəfindən isə təqdim edilmiş video görüntüdə X1 idarə etdiyi “Changan Deepal S 07” markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 17:41-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X7 küçəsi 345 ünvanı ərazisində qeyd olunan inzibati xətanı törətməsi müəyyən edilmir. Belə ki, həmin videoya tərəflərin iştirakı ilə birgə məhkəmə iclas zalında baxılarkən qeyd edilən pozunutunu törədən nəqliyyat vasitəsi görünsə də, həmin nəqliyyat vasitəsinin “Changan Deepal S 07” markalı ** OF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclas zalında X3 videodakı maşının ona məxsus olmadığını, qarşı tərəf isə nömrənin aşikar formada görünmədiyini, lakin həmin nəqliyyat vasitəsinin X2 məxsus olduğunu və məhkəməyə nəqliyyat vasitəsinin aşikar görüntüsünü növbəti iclasda təqdim edəcəyini bildirsə də həmin görüntünü məhkəməyə təqdim etməmişdir. Bundan başqa X3 məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, video materialda hadisəni onun törətməsi konkret müəyyən edilməmiş, buna baxmayaraq səlahiyyətli orqan təkidlə bildirir ki, pozunutunu törədən nəqliyyat vasitəsi ona məxsusdur, o zaman nə üçün o protokola etiraz etdiyi halda qarşı tərəf “Yol Patrul Xidməti” haqqında Təlimata uyğun olaraq qərarı qəbul etmək səlahiyyətinə malik olmasa da qərar qəbul etmişdir. Həmin vəsatəti isə şahid yol patrul xidməti inspektoru, polis baş serjantı X4 belə əsaslandırmışdır ki, X3 protokolla razılaşmış, lakin vaxtının olmamasını bildirərək protokolu tərtib etməsini gözləməmişdir. O da protokol və qərarı elektron kabinetə göndərmişdir. Məhkəmə iclas zalında hər iki tərəf bir-birlərinin dəlil və sübutlarını qəbul etməmiş, deyilənləri təkzib etmişlər.

8. Göstərilən hallar özlüyündə, iş üzrə bir sıra ziddiyyətli məqamların mövcudluğuna dəlalət edir ki, həmin ziddiyyətli halların tam və hərtərəfli şəkildə araşdırılaraq aydınlaşdırılması isə məhkəmə iclasında baxılarkən mümkün deyildir.

9. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati xətanı əks etdirən, xətanı törədən nəqliyyat vasitəsinin nömrəsi aydın əks olunan video görüntüyə birgə baxış keçirilməli, inzibati xəta hadisəsi baş verən ərazi videomüşahidə nəzarəti altındadırsa, hadisənin gürüntülərini elektron daşıyıcıda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim etməli, inzibati protokola inzibati xətanı törədən şəxs tərəfindən etiraz olunub-olunmaması məsələsi aydınlaşdırılmalı, protokola etiraz olunduğu halda, səlahiyyətli şəxs tərəfindən “Yol Patrul Xidməti” haqqında Təlimatın tələblərinin pozulub-pozulmaması halı araşdırılmalıdır.

10. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

11. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi üçün əsasdır.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.

17. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

18. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X3 tərəfindən verilmiş şikayət təmin edilsin. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar