Məhkəmə qərarları › İş №3(5-93)-37/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-37/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-37/2026 10.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 dekabr 2025-ci il tarixli, EQ 32733468 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 dekabr 2025-ci il tarixli, EQ 32733468 nömrəli qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. R.B.Nəsibova şikayətini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, nəqliyyat vasitəsi idarə edir, ara-sıra qayda pozuntularına görə barəsində inzibati cərimələr tətbiq olunur. 18 dekabr 2025-ci il tarixdə mobil telefonuna EQ 32733468 nömrəli protokolla bağlı cərimə mesajı gəlmiş, o, mobil tətbiq vasitəsilə törətdiyi iddia edilən inzibati xəta hadisəsi ilə maraqlananda qeyd olunan tarixdə protokolda göstərilən ünvanda olmadığını müəyyən etmişdir. Həmin qərarsız cərimə nədənsə ödənilmiş cərimələr siyahısında yer almış, lakin barəsində toplanmış cərimə ballarının artmasına səbəb olmuşdur. Digər tərəfdən, həmin cərimə 18 dekabr 2025-ci il tarixə təsadüf etsə də, qərarın onun kabinetinə yerləşdirmə tarixi əks olunmamışdır. Həmin protokolda göstərilən qayda pozuntusu əslində 05 sentyabr 2025-ci il tarixdə qeydə alınmış, protokol əsasında qəbul edilmiş qərarla tətbiq edilmiş cərimə isə ödənilmişdir. Digər tərəfdən, 18 dekabr 2025-ci il tarixli protokola əlavə edilmiş şəkillərdə nə tarix, nə saat, nə də inzibati xəta hadisəsini qeydə almış cihaz məlumatları təsbit edilməmiş, videogörüntü isə ümumiyyətlə mövcud deyildir. Bu da onu göstərir ki, sübutlar mötəbər deyildir və başqa tarixə təsadüf edir. O, həmin nömrəsiz qərardan inzibati orqana şikayətlə müraciət etdikdən sonra ona EQ 32733468 nömrəli qərar təqdim edilmişdir. Həmin qərara əsasən, o, İXM-nin 327.1-1-ci və 327.7-ci maddələri ilə təqsirli bilinmiş, barəsində 100 manat cərimə tətbiq olunmuş və cərimə balı 20 olduğuna görə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə iclasında R.B.Nəsibova şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş quruma məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Belə ki, İXM-nin: 57-1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir. 100.5 və 100.5.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 81-ci maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Hazırki halda şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar tədqiq edilərkən bir sıra ziddiyyətli hallar aşkar edilmişdir. Belə ki, 18 dekabr 2025-ci il tarixli, EQ 32733468 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarda göstərilmişdir ki, “X5” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 18 dekabr 2025-ci il tarixdə, saat 17:09-da Bakı-Quba yolunun 8-ci kilometrliyində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdiyinə görə İXM-nin 317.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə barəsində 100 manat və 2 cərimə balı tətbiq edilmiş, nəticədə il ərzində toplanmış cərimə balı 20-yə çatdığından o, həm də İXM-nin 327.7-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələri idarə etmək hüququq 6 ay müddətinə məhdudlaşdırılmışdır. Lakin, qərarda inzibati xəta hadisəsinin törədilmə vaxtı kimi həm 17:09, həm də 14:52 göstərilmiş, həmin inzibati xəta hadisəsi xüsusi texniki vasitə ilə qeydə alınmasına baxmayaraq, texniki vasitənin göstəriciləri, kameranın nömrəsi qeyd olunmamışdır. Digər tərəfdən, EQ 32733468 nömrəli protokol X1 yerləşdirilərkən qərarın verildiyi tarix, qərarın nömrəsi və kabinetə yerləşdirilmə tarixi göstərilməmişdir. Məhkəmə 07, 16, 28 yanvar və 04 fevral 2026-cı il tarixli sorğular ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək, sözügedən inzibati xəta ilə bağlı sübutların təqdim olunmasını tələb etsə də, qərarından şikayət verilmiş inzibati qurum məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinin tələbinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 dekabr 2025-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.1-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 18 dekabr 2025-ci il tarixli, EQ 32733468 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş hazrıki məhkəmə qərarında göstərilən hallar nəzərə alınmaqla, yenidən baxılması üçün həmin İdarəyə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar