Məhkəmə qərarları › İş №3(5-93)-380/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-380/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-380/2026 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3, şikayət vermiş şəxs - X8, şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi - X10, şikayət vermiş şəxsin nümayəndəsi və vəkili - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun İXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. X13 şikayət ərizəsində göstərmişdir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X14 MN ******* saylı, 09 dekabr 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab olunaraq barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həm yoxlama zamanı, həm protokolun tərtibi zamanı, həm də inzibati icraat aparilan zaman kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, idarənin əməkdaşları 26 noyabr 2025-ci il tarixdə şadlıq sarayına gəlib, mətbəxə, tüstü bacasına baxış keçirmişlər. Həmin vaxt özü orada olmamışdır. Nümayəndəsi obyektdə olmuşdur. Protokolda göstərilir ki, guya ki, tüstü bacasından atmosferə atılan zərərli tullantların miqdarını Ankat tipli aparatla ölçmüş və tullantıların normadan artıq olmasını müəyyən etmişlər. Əvvala bildirir ki, əməkdaşlar ölçmə işləri apararkən onların yanında nə o, nədə ki, sarayın işçilərindən heç kim olmamışdır. Qanunvericiliyin tələbinə görə kimin olub- olmamasından asılı olmayaraq tərtib etdikləri protokolun mötəbərliyi üçün əməkdaşlar ölçmə ilə bağlı fotoşəkil çəkməli olsalarda bunu etməmişlər və bunu protokola əlavə etməmişlər. Ən böyük pozuntulardan biri isə odur ki, əməkdaşlar həm protokolu, həm də aktı həmin vaxt, şadlıq sarayında tərtib etməmişlər. Yoxlamadan sonra əməkdaşlar sadlıq sarayını tərk edib getmişlər. Onların nümayəndənin imzalamaqdan imtina etməsi ilə bağlı protokolda qeyd etdikləri isə tamamilə əsassızdır, həqiqətdən uzaqdır. Əvvala o özü orada olmadığından protokola imza etməkdən imtina etməyi mümkünsüzdür. Qaldı ki, nümayəndəsinin imzalamaqdan imtina etməsi ilə bağlı qeydlərə bu tamamilə yanlışdır. Ona görə ki, qeyd edilən protokol müəssisədə tərtib edilməmişdir, əməkdaşlar baxış keçirəndən sonra müəssisəni tərk edib getmişlər və harada, nə vaxt tərtib etmələri ilə bağlı məlumatları olmamışdır. Qeyd olunan bu hallar İXM-nin 100-cü maddəsinin tələblərinə ziddir. Bundan başqa qeyd edilən yoxlama aparılarkən bu cür yoxlamaların aparılması üçün qanunvericiliklə müəyyən olunmuş digər tələblərə də əməl olunmamışdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 02 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddəsinə uyğun olaraq yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü maddəsinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə uyğyn olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamanın nəticəsi olaraq tərtib olunmuş sənədlərdə yoxlamanın vahid məlumat reyestrində qeydə alınması və reyestrdən verilən kod barədə məlumat yoxdur. Təkcə bu fakt qəbul olunmuş qərarın və onun qəbul edilməsinə əsas olmuş protokolun ləğv olunması, inzibati icraata xitam verilməsi üçün kifayətdir. Ən nəhayət inzibati icraat aparılan zaman o dəvət edilməmiş, iştirakı təmin olunmamışdır. Bu hal da hesab edir ki, İXM-nin tələblərinin, onun hüquqlarının kobud şəkildə pozulmasıdır, qəbul edilmiş qərarın qanunsuz olduğunun göstəricisidir və qeyd olunan qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X19 tərəfindən qəbul edilmiş 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə MN ******* saylı, 09 dekabr 2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.” Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs - X13 məhkəmədən barədə MN ******* saylı, 09 dekabr 2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Keçirilmiş xx.xx.2026-cı il tarixli, xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli məhkəmə iclaslarında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi və vəkili - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ümumilikdə şikayətin məzmununa uyğun çıxış etməklə bildirmişdir ki, 09 dekabr 2025-ci il tarixli MN ******* saylı qərar X11 göndərilməmiş, həmin qərarı nazirliyə rəsmi ərizə ilə müraciət edəndən sonra 08 yanvar 2025-ci il tarixdə əldə etmişdir. “Fərid Palace” şadlıq sarayının sahibkarı X13 olsa da, faktiki olaraq işləri sonuncunun həyat yoldaşı X10 həyata keçirir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilmiş prosessual hərəkətlər qanunsuzdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. xx.xx.2025-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Fərid Palace” şadlıq sarayına gələrkən həmin şadlıq sarayında X13 olmasa da, onun etibarnamə üzrə nümayəndəsi qismində çıxış edən X10 orada olmuşdur. Qanuni yoxlamanın həyata keçirilməsi üçün yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini şəxsiyyət vəsiqəsi ilə birlikdə yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Hazırki yoxlama həyata keçirilən zaman isə yuxarıda sadalan prosessual hərəkətlərə əməl olunmamışdır. Əlavə olaraq “Fərid Palace” şadlıq sarayının tüstü bacasında atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq qurğular mövcuddur, amma Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Fərid Palace” şadlıq sarayında yoxlama həyata keçirəndən sonra tərtib olunan protokolda göstərilmişdir ki, tüstü bacasından atmosferə atılan zərərli tullantıların miqdarı “Ankat” tipli aparatla ölçmüş və tullantıların normadan artıq olmasını müəyyən edilmişdir. İddia edilir ki, tullantı normasının miqdarı 9 olmuşdur. Ölçmə həyata keçirilən zaman əməkdaşların yanında nə X13, nə də ki “Fərid Palace”-nin işçilərindən kimsə olmamışdır. Ölçmə zamanı kimin orada olmasından asılı olmayaraq müvafiq foto-şəkil çəkilərək protokola əlavə edilməli idi, lakin bu foto-şəkil mövcud deyildir. Bundan başqa protokol şadlıq sarayında tərtib edilməmişdir. Ona görə də, nümayəndəsinin imzalamaqdan imtina etməsi ilə bağlı protokolda qeyd edilənlər əsassızdır. Bundan başqa xx.xx.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında qanunun 16-cı maddəsinə əsasən plandankənar yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. xx.xx.2025-ci il tarixdə “Fərid Palace” şadlıq sarayında yoxlama həyata keçirilən zaman həmin maddənin tələblərinə əməl olunmamışdır. Əlavə olaraq “Fərid Palace” şadlıq sarayında yoxlama zamanı atmosferə atılan tullantının miqdarı 9.4 ml/qram olmuşdur. Nazirliyin əməkdaşları SSRİ dövründə mövcud olmuş normativ akta əsasən atmosferə atılan dəm qazının miqdarının normasını 5 ml/qram olaraq qəbul etmişlər. Bu isə yolverilməzdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ya da Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş norma varsa, həmin normaya istinad olunmalıdır. Nəzərə alınmalıdır ki, sübutların qanunsuz olması onunla da təsdiq edilir ki, yoxlama barədə qərar Ədliyyə Nazirliyində reyestrlə rəsmiləşdirilməmişdir. Hesab edir ki, bu halların hamısı qərarın qanunsuz olduğunun göstəricisidir və qeyd olunan qərarın ləğv edilməsi üçün əsasdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Keçirilmiş xx.xx.2026-cı il tarixli, xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli məhkəmə iclaslarında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Fərid Palace” şadlıq sarayında vətəndaş şikayəti əsasında araşdırma həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” çağrı mərkəzinə sakinlərin “Fərid Palace” şadlıq sarayından gələn tüstüdən rəsmi şikayət daxil olmuş, Nazirliyin ölçmə işlərini həyata keçirən X18 Monitorinq İdarəsinin əməkdaşları ilə birgə adı çəkilən obyektə yoxlamaya getmişlər. Xüsusi ölçmə cihazı ilə obyektin yuxarı mərtəbəsində, tüstü bacasının yerləşdiyi yerdə atmosferə atılan dəm qazının miqdarı ölçülmüşdür. Ölçmə prosesində X8 etibarnamə üzrə nümayəndəsi X10 da iştirak etmiş, ölçmənin nəticəsində atmosferə atılan dəm qazının norması 5 ml/qram olduğu halda, həmin obyektdə 9.4 ml/qram həddində müəyyən edilmişdir. X18 Monitorinq İdarəsinin monitorinq aktı əsasında tərəfindən xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixdə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunarkən X8 etibarnamə üzrə nümayəndəsi X5 izahat alınmış, sonra isə sonuncu imzasıyla izahatı təsdiq etmişdir. X10 izahatı yazarkən fotoşəkili də çəkilmişdir. O, məzuniyyətdə olan zaman X10 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlmişdir, lakin qərarı ala bilmədən geri qayıtmış, daha sonra xx.xx.2025-ci il tarixdə inzibati tənbeh tətbiq etmə haqqında qərar poçtla X8 etibarnamə üzrə nümayəndəsi X7 göndərilmiş, lakin poçt göndərişinin çatdırılması uğursuz olmuşdur. xx.xx.2026-cı il tarixli məhkəmə iclasına çıxış edən şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi X10 izahatında bildirmişdir ki, kiçik sahibkar kimi həyat yoldaşı X13yla birgə “Fərid Palace” şadlıq sarayında sahibkarlıqla məşğul olurlar. Hər il eyni tarixdə şikayətçi onların fəaliyyəti barədə şikayət edirlər və həmin şəxsdən başqa heç kim şikayətçi deyildir. xx.xx.2025-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Fərid Palace” şadlıq sarayının damında tüstü bacasında keçirilən ölçmədə o, əməkdaşların yanında olmamışdır. Həmin qurumun əməkdaşları dama çıxsalar da, o aşağıda qalmışdır. Şadlıq sarayının işçiləri tüstü bacasını müntəzəm təmizləyirlər. Həmçinin tüstü bacasında olan təmizləmə qurğularıyla atmosferə atılan tullantıların miqdarı da tənzimlənir. Əvvəllər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Fərid Palace” şadlıq sarayında yoxlama həyata keçirilərkən o yoxlamada iştirak edir və sonda fotoşəkil çəkilirdi. Lakin bu dəfə o yoxlamada iştirak etməmiş, fotoşəkil də çəkilməmişdir. Əməkdaşlar yoxlamaya gələndə özlərini təqdim etməmiş, sadəcə ona nömrə vermişlər. O, dama ona görə çıxmamışdır ki, yoxlama vaxtı toy var idi, həm də axşam zamanı ora çıxmağa ehtiyat etmişdir. Yoxlamanı bitirdikdən sonra 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları aşağı düşmüş, onunla söhbət aparmış, lakin heç bir akt tərtib edilməmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol onun iştirakı olmadan obyektdən kənarda tərtib olunmuşdur. Protokoldada onun aktı imzalamaqdan imtina etməsi qeyd edilsə də, həmin gün, hələ xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərar qəbul edilməmişdən əvvəl ona cərimənin hissə-hissə ödənilməsinə razılıq verdiyinə dair ərizə yazdırılmışdır. O, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə üç dəfə getmiş, qərarı və protokolu tələb etmiş, lakin qərarı ona verməmişlər, hətta o qərarı almamışdan əvvəl ona köhnə tarixə aid sənədlər imzaladılmışdır. Ona görünən suala cavab olaraq bildirmişdir ki, onun təqdim edilən foto-şəkilində müddətin hissə-hissə icrası ilə bağlı ərizəni yazırdı. Keçirilmiş xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli məhkəmə iclaslarında iştirak edən şahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Monitorinq İdarəsinin aparıcı mütəxəsisi X9 bildirmişdir ki, ölçmə cihazıyla atmosferə atılan tullantının maksimum miqdarı 5 mq/voltmetr ola bilər. Bununla bağlı Səhiyyə Nazirliyinin normativ aktı mövcuddur, o cümlədən beynəlxalq təcrübədə belə həmin norma 5 mq/voltmetr olaraq qəbul edilmişdir. SSRİ dövründən etibarən Azərbaycanda norma 5 mq/voltmetr olaraq qəbul edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələylə bağlı qəbul etdiyi normativ akt yoxdur. Atmosferə atılan tullantının normal miqdarını göstərən normativ akt Səhiyyə Nazirliyinə verilən sorğu ilə əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 62 ünvanında fəaliyyət göstərən “Fərid Palace” şadlıq sarayının fəaliyyəti zamanı manqal işlək vəziyyətdə olduğu zaman atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarı ölçülən zaman atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarı ətraf mühit üçün yol verilən həddən artıq olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 62 ünvanında fəaliyyət göstərən “Fərid Palace” şadlıq sarayından ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına göstərən həmin obyektin vəzifəli şəxsi X13 İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. OMS K 08724 nömrəli kalibrləmə sertifikatından görünür ki, qaz analizatoru “Ankat- 64M3-04 tipli qurğu xx.xx.2025-ci il tarixdə kalibrlənmiş, növbəti kalibrlənmə tarixi olaraq xx.xx.2025-ci il tarixi göstərilmişdir. xx.xx.2025-ci il tarixli, 003901 nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xətt xidmətinə daxil olan xx.xx.2025-ci il tarixli, İD 32301, xx.xx.2025-ci il tarixli İd 32321 nömrəli, xx.xx.2025-ci il tarixli İD 32549 nömrəli və elektron poçt ünvanına daxil olan xx.xx.2025-ci il tarixli məktubların icrası ilə əlaqədar Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Fərid Palace” şadlıq sarayının ətraf ərazisində XKEMİnin baş mühəndisi Fətəli Eyyubov, aparıcı mühəndis Natiq Rəsulov, 11 saylı RETSİ-nin məsləhətçi müfəttişi Nümayəndə3, şadlıq sarayının nümayəndəsi Nağıyev Əliyullanın iştirakı ilə sabit hava şəraitində saat 18:40-dan 19:30-dək monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, “Fərid Palace” şadlıq sarayında qaz-toz tutucu təmizləyici qurğu quraşdırılmışdır. Monitorinq ölçmə işləri şadlıq sarayı fəaliyyətdə olan zaman tüstü bacasının yaxınlığında təxminən 5-7 metr məsafədə “Ankat-64M3-04” səyyar cihazı vasitəsi ilə aparıldı. Ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı) 9,4 mq/m3 olmuşdur. (norma 5,0 mq/m3) təsnif etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Akta əlavə edilmiş 4 ədəd foto-şəkilin tədqiqi edilməklə müəyyən edilir ki, monitorinq zamanı manqal yanılı vəziyyətdə olmuş və həmin zaman ölçmə cihazında nəticə 9,4 olaraq görünmüşdür. X1 stolda əyləşərək yazı yazması müəyyən edilir. xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, X4 Əliyulla Ənvər oğluna 5 il müddətinə onu müxtəlif dövlət qurumlarında təmsil etmək üçün etibarnamə vermişdir. Fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2025-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə uçota alınmışdır. X3 qrafikalı əlifba ilə əlyazma ilə xx.xx.2025-ci il tarixdə yazdığı izahatda göstərmişdir ki, “Yazıb sizə bildirirəm ki, şadlıq sarayında atmosferə atılan tüstü normadan artıq olsa da, tərəfimizdən qurğuya daim qulluq olunur. Mütəmadi təmizlənir. Nəzərə alaraq, köməklik göstərməyinizi xahiş edirəm. İzahatımı özüm yazdığım doğruluğunu imzamla təsdiq edirəm.” Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, X8 şikayəti rədd edilməlidir. Belə ki, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən vətəndaş müraciəti əsasında “Fərid Palace” şadlıq sarayında manqal işlək vəziyyətdə olduğu zaman atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarı şadlıq sarayının damında “Ankat-64M3-04” səyyar cihazı vasitəsi ilə ölçülmüş və həmin ərazidə dəm qazının (CO) miqdarının norma 5,0 mq/m3 olduğu halda 9,4 mq/m3 olması müəyyən edilmişdir. Buna görə, həmin obyektin vəzifəli şəxsi X13 İXMnin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.10-cu maddəsinə əsasən atılmanın (tullantının) yol verilən həddi dedikdə – stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin alınmasının yol verilən həddi başa düşülür. 9.2-ci maddəsinə əsasən atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müəyyən edilir. 10.1 və 10.3-cü maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. Atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri və ona fiziki təsirin yol verilən səviyyəsinin müəyyən edilməsi” qaydalarının 3-cü bəndinə əsasən Atmosfer havasının keyfiyyətinin gigiyenik normativləri – atmosfer havasının gigiyenik keyfiyyət meyarı olub, atmosfer havasında zərərli (çirkləndirici) maddələrin miqdarının (konsentrasiyasının) insan sağlamlığına zərərli olmayan maksimum yol verilən hədlərini müəyyən edir. Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi üzrə mövcud qanunvericiliyə uyğun olaraq atmosfer havasının keyfiyyətinin gigiyenik normativlərini və onların müəyyən edilməsi üsullarını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyənləşdirir və təsdiq edir. xx.xx.2002-ci il tarixli, GN 4336/01-02 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Yaşayış yerlərinin atmosfer havasını çirkləndirən maddələrin yol verilən konsentrasiya həddi” adlı sanitariya normativindən görünür ki, karbon oksidin (CO) birdəfəlik maksimal yol verilən konsentrasiya həddi 5 mq/m³ olaraq müəyyən edilmişdir. Bu normativ göstərici əhalinin sanitariya-epidemioloji təhlükəsizliyinin təmin edilməsi və insanların sağlamlığına zərərli təsirin qarşısının alınması məqsədilə qəbul edilmiş gigiyenik standartdır və atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsi zamanı tətbiq olunan hüquqi meyar kimi çıxış edir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinin müəyyən edilməsi Qaydaları”na əsasən isə bu normativlərin müəyyən edilməsi və təsdiqi səlahiyyəti Səhiyyə Nazirliyinə məxsusdur. Bu baxımdan karbon oksid üçün müəyyən edilmiş 5 mq/m³ həddi atmosfer havasının çirklənmə səviyyəsinin qiymətləndirilməsi üçün tətbiq edilən rəsmi gigiyenik norma hesab olunur və atmosferə atılan tullantıların yol verilən həddini müəyyən edərkən hüquqi əsas kimi qəbul edilməlidir. Buna görə də obyektin fəaliyyəti nəticəsində atmosferə atılan karbon oksidin miqdarının bu normativ həddi aşması ətraf mühitin mühafizəsi sahəsində müəyyən edilmiş tələblərin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi karbon oksidin (yəni dəm qazının) birdəfəlik maksimal yol verilən konsentrasiya həddi 5 mq/m3 təşkil edir. “Fərid Palace” şadlıq sarayından atmosfer havasına buraxılan dəm qazının miqdarı isə yol verilə bilən miqdardan çox, yəni 9,4 mq/m3 olmuşdur. Həmin miqdar Ankat-64M3-04” səyyar cihazı vasitəsi ilə ölçülərək müəyyən edilmişdir. Sözügedən cihaz isə xx.xx.2025-ci il tarixdə kalibrlənmiş, növbəti kalibrlənmə tarixi isə xx.xx.2025-ci il tarixi olmuşdur. Başqa sözlə, xx.xx.2025-ci il tarixdə həmin cihazla ölçmə aparılmasında heç bir pozuntuya yol verilməmişdir. Bundan başqa məhkəmə şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi X6 qəbul edilmiş aktdan məlumatsız olması və xx.xx.2025-ci il tarixdə hər hansı ərizə yazmaması barədə məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını və iş üçün əhəmiyyət kəsb edən digər halları müəyyən etmək məqsədilə iş üzrə hər cür faktiki məlumat sübut kimi qəbul edilə bilər və bu məlumatlar digər sənədlərlə yanaşı maddi sübutlarla da müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş fotoşəkilin tədqiqi zamanı müəyyən olunur ki, X10 masada əyləşmiş vəziyyətdə yazı yazır və bu hal onun həmin vaxt inzibati icraatla bağlı yazılı izahat tərtib etdiyini təsdiq edir. Halbuki o, məhkəmə iclasında həmin anda cərimənin hissə-hissə ödənilməsi barədə ərizə yazdığını bildirmişdir. Məhkəmə tərəfindən təqdim olunmuş fotoşəklin məzmunu və həmin sənədlərin müqayisəli təhlili göstərir ki, bu izahat həqiqətə uyğun deyildir. Belə ki, hissə-hissə ödəmə barədə ərizənin məzmunu cəmi beş sətirdən ibarət olduğu halda, fotoşəkildə X6 yazdığı sənəddə artıq altıncı sətirin yazılması açıq şəkildə görünür. Bu isə onun məhkəmədə bildirdiyi izahatın faktiki sübutlarla uzlaşmadığını göstərməklə həmin vaxt başqa məzmunlu sənəd yazıldığını, yəni iş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatın məhz onun tərəfindən tərtib edildiyini təsdiq edir. Sözügedən izahatın məzmununda da göstərilmişdir ki, şadlıq sarayından atmosferə atılan tüstünün normadan artıq olması etiraf edilmiş və qurğuya mütəmadi qulluq edildiyi bildirilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud olan maddi sübutların və sənədlərin məcmusuna əsaslanaraq X6 həmin aktdan xəbərsiz olması və qeyd edilən tarixdə ərizə yazmaması barədə izahatını inandırıcı hesab etmir və onu işin faktiki halları ilə təkzib olunan müdafiə mövqeyi kimi qiymətləndirir. Bundan başqa məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticə doğurmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materialları və müəyyən edilmiş faktiki hallar həmin qanunun tətbiqi üçün zəruri olan hüquqi şərtlərin mövcud olmadığını göstərir. Belə ki, sözügedən qanunun məzmunundan irəli gəldiyi kimi, sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqan tərəfindən sahibkarın sahibkarlıq fəaliyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş məcburi tələblərə əməl etməsinin planlı və ya plandankənar qaydada qiymətləndirilməsi məqsədi ilə həyata keçirilən nəzarət tədbirlərinin məcmusudur və həmin tədbirlər nəticəsində aşkar edilmiş pozuntular üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Halbuki hazırkı iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının “Fərid Palace” şadlıq sarayına gəlməsi sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti çərçivəsində həyata keçirilən yoxlama deyil, fiziki şəxsin müraciəti əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində aparılmış ilkin araşdırma tədbiri olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən məlumatlardır. İş materiallarından da görünür ki, aidiyyəti dövlət orqanına daxil olmuş vətəndaş müraciəti əsasında obyektə baxış keçirilməsi və atmosferə atılan tullantıların miqdarının müəyyən edilməsi məhz həmin məlumatın yoxlanılması məqsədilə aparılmışdır. Bu baxımdan qeyd olunan tədbir sahibkarlıq sahəsində aparılan yoxlama kimi deyil, inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olan məlumatın araşdırılması məqsədilə həyata keçirilmiş prosessual hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də nümayəndənin reyestrdə qeydiyyatın aparılmaması ilə bağlı arqumenti hüquqi əsasdan məhrumdur və həmin halların mövcudluğu inzibati icraatın qanuniliyinə təsir göstərən hal kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar