Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-390/2026 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, Hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs, AZ1130, Bakı Şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsi, ev 37a, mənzil 50, VÖEN **********. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 152.800 (bir yüz əlli iki min səkkiz yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 152.800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi "xxxx" MMC-nin hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş "xxxx" ASC-dən müvafiq malların ölkəyə daxil olması, yaxud pul vəsaitinin ölkəyə qaytarılmasına dair təkrar məlumat daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. xx.xx.2026-cı il tarixdə Şəxs tərəfindən məhkəməyə yazılı izahat göndərilərək bildirilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində Çin Xalq Respublikasında fəaliyyət göstərən X2 şirkəti ilə qısaqol və uzunqol köynəklərin tədarükünə dair 2411/23 nömrəli əsas müqavilə bağlanmışdır. Həmin müqavilənin icrası çərçivəsində satıcı tərəfə 552 800 (beş yüz əlli iki min səkkiz yüz) ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Sözügedən ödəniş bank vasitəsilə, qanunvericiliyin tələblərinə uyğun və kommersiya təyinatı açıq şəkildə göstərilməklə icra olunmuşdur. Müqavilə üzrə göndərilmiş ilk mal partiyasının qəbul mərhələsində məhsulların keyfiyyət göstəricilərinin müqavilə şərtlərinə uyğun olmadığı müəyyən edilmiş, bu səbəbdən 187 600 ABŞ dolları dəyərində olan həmin mallar alıcı tərəfindən bugünədək anbarda saxlanılmışdır. Ehtiyac olarsa baxış keçirilməyə hazırıq. Aşkarlanmış ciddi keyfiyyət uyğunsuzluqları ilə əlaqədar olaraq tərəflər arasında aparılan danışıqlar nəticəsində əsas müqavilə üzrə qalan malların göndərilməsinin dayandırılması barədə razılıq əldə edilmişdir. Nəticədə, ödənilmiş avans məbləğindən istifadə olunmamış 365 200 ABŞ dolları qalığı formalaşmışdır. Tərəflər bu məbləğin geri qaytarılması əvəzinə, beynəlxalq ticarət təcrübəsində geniş tətbiq olunan əvəzləşmə (set-off) mexanizmi əsasında növbəti malların alışının dəyərinə yönəldilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Sözügedən razılaşma tərəflər arasında xx.xx.2024 tarixində imzalanmış Əlavə Razılaşma ilə rəsmiləşdirilmiş və əsas müqaviləyə rəsmi dəyişiklik xarakteri daşımışdır. Əlavə Razılaşmaya uyğun olaraq, istifadə olunmamış avans qalığı aşağıdakı şəkildə əvəzləşdirilmişdir: 153 700 ABŞ dolları - xx.xx.2024-cü il tarixli 2006/24 nömrəli müqavilə üzrə yataq kisəsi mallarının alışına; 143 100 ABŞ dolları xx.xx.2024-cü il tarixli 2009/24 nömrəli müqavilə üzrə yataq kisəsi mallarının alışına; 68 400 ABŞ dolları - xx.xx.2024-cü il tarixli 3010/24 nömrəli müqavilə üzrə gödəkcə mallarının alışına yönəldilmişdir. Qeyd edilən müqavilələr üzrə mallar faktiki olaraq tədarük edilmiş, ölkə ərazisinə idxal olunmuş və müvafiq qaydada gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Beləliklə, avans ödənişi real ticarət əməliyyatları çərçivəsində təyinatı üzrə istifadə olunmuş, hər hansı vəsaitin ölkə xaricində məqsədsiz saxlanılması və ya qanunsuz dövriyyəsi halı baş verməmişdir. Hazırda bank tərəfindən irəli sürülən əsas irad ondan ibarətdir ki, əvvəlki müqavilə üzrə ödənilmiş avans ilə sonradan idxal edilmiş mallar üzrə təqdim olunan sənədlərdə müqavilə nömrələrinin fərqli olması bankın daxili nəzarət və komplayns prosedurlarında uyğunsuzluq kimi qiymətləndirilmişdir. Bununla yanaşı, avans məbləğinin iki ildən artıq müddət ərzində eyni müqavilə çərçivəsində sənədləşdirilməməsi bank tərəfindən risk elementi kimi dəyərləndirilmişdir. Qeyd etmək istərdi ki, sözügedən hallar formal xarakter daşıyır və əməliyyatların iqtisadi mahiyyətini dəyişmir. Belə ki, mallar faktiki olaraq idxal edilmiş, valyuta vəsaiti təyinatı üzrə istifadə olunmuş və heç bir vəsait ölkə xaricində məqsədsiz və ya qanunsuz şəkildə saxlanılmamışdır. Avansın növbəti tədarüklərə yönəldilməsi tərəflər arasında imzalanmış razılaşma (müqavilə dəyişikliyi) sənədi ilə rəsmiləşdirilmiş və hüquqi əsaslara söykənmişdir. İnzibati xəta haqqında protokola cavab olaraq bildirilir ki, açıqda qalan avans 84 400 ABŞ dolları xx.xx.2024 tarixli 2009/24 nömrəli müqavilə üzrə yataq kisəsi mallarının alışına və 68 400 ABŞ dolları xx.xx.2024 tarixli 3010/24 nömrəli müqavilə üzrə gödəkcə mallarının alışına əvəzləşdirilmişdir, **********4379 və **********1593 nömrəli X4 altında mallar ölkəyə idxal olunmuşdur. Avansın geri qaytarılmaması şirkətin iradəsindən asılı olmamışdır. Qarşı tərəf olan Çin Shanghai firması xarici valyuta əməliyyatlarının dövlət nəzarətində olduğu səbəbinə görə pulun geri qaytarılması çətin və gec proses olduğundan avans məbləğini yalnız növbəti alışa yönləndirilib əvəzləşmə metodu ilə razılığa gələ biləcəklərini bildirmişlər. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, avansın geri qaytarılması deyil, kommersiya əvəzləşməsi yolu ilə istifadə edilməsi seçilmişdir. Bu hal borcun icrasından yayınma deyil, öhdəliyin alternativ icra formasıdır. Əlavə Razılaşma hüquqi baxımdan etibarlıdır. Tərəflər arasında bağlanmış Əlavə Razılaşma: əsas müqaviləyə rəsmi dəyişiklik xarakteri daşıyır; tərəflərin qarşılıqlı iradəsini ifadə edir; beynəlxalq ticarət hüququnda tanınan set-off mexanizmini tətbiq edir. Bu razılaşma ilə avans vəsaitinin hüquqi taleyi müəyyən edilmiş və qeyri-müəyyənlik aradan qaldırılmışdır. Əməliyyatların real iqtisadi mahiyyəti mövcuddur. Avans vəsaiti: ölkə xaricində məqsədsiz saxlanılmamışdır; real malların idxalı ilə balanslaşdırılmışdır; gömrük rəsmiləşdirilməsi və faktiki tədarüklə təsdiqlənmişdir. Bu baxımdan, yalnız müqavilə nömrələrinin fərqli olması əməliyyatın mahiyyətini dəyişmir və formal uyğunsuzluq maddi pozuntu kimi qiymətləndirilə bilməz. Valyuta qanunvericiliyinin pozulması niyyəti mövcud olmamışdır. Şirkət tərəfindən: vəsait gizlədilməmiş, dövriyyədən çıxarılmamış, qeyriqanuni istifadə edilməmişdir. Əksinə, bütün əməliyyatlar bank nəzarəti altında, sənədlərlə və faktiki idxalla müşayiət olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən, KOMBAT GROUP MMC-nin hərəkətlərində valyuta vəsaitinin qaytarılmasından qəsdən yayınma, qanunvericiliyin pozulması niyyəti və ya real iqtisadi məzmundan kənar əməliyyat mövcud olmamışdır. Mövcud hal tərəflər arasında bağlanmış Əlavə Razılaşma əsasında öhdəliklərin yenidən tənzimlənməsi və beynəlxalq ticarət praktikasına uyğun icrası kimi qiymətləndirilməlidir. xx.xx.2026-cı il tarixdə Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş şikayət ərizəsində hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olduğu iddia edilsə də, bu mövqe iş üzrə faktiki hallar, tərəflər arasında mövcud olan real kommersiya münasibətləri və inzibati məsuliyyətin yaranması üçün zəruri olan hüquqi şərtlərlə ziddiyyət təşkil edir. Belə ki, hüquqi şəxs tərəfindən xarici kontragentlə bağlanmış müqavilə əsasında geyim mallarının idxalı məqsədilə rəsmi qaydada bank vasitəsilə avans ödənişi həyata keçirilmiş, həmin ödənişin məqsədi əvvəlcədən konkret müəyyən edilmiş mal tədarükünün təmin edilməsi olmuşdur və bu ödəniş kommersiya dövriyyəsi çərçivəsində tam şəffaf şəkildə icra edilmişdir. İlkin müqavilə üzrə ölkəyə daxil olmuş malların istehsal qüsurları, yəni defektli olması tərəflər arasında kommersiya mübahisəsi yaratmış, bu hal müvafiq sənədlərlə təsdiq edilmiş və nəticədə tərəflər avans məbləğinin geri qaytarılması əvəzinə, iqtisadi baxımdan daha məqsədəuyğun olan alternativ mexanizmə üstünlük vermişlər. Həmin mexanizm tərəflər arasında imzalanmış əlavə razılaşma ilə avansda qalan pul vəsaitinin növbəti malların dəyərinə yönəldilməsi olmuşdur ki, bu da hüquqi şəxsin valyuta vəsaitini gizlətmək, qaytarmamaq və ya təyinatından kənar istifadə etmək niyyətinin olmadığını açıq şəkildə sübut edir. Əksinə, əlavə razılaşmanın mövcudluğu hüquqi şəxsin vicdanlı davranışını, kommersiya münasibətlərini davam etdirmək və valyuta öhdəliyini faktiki olaraq mal idxalı yolu ilə bağlamaq iradəsini göstərir. Əlavə razılaşmaya uyğun olaraq avansda qalan pul vəsaiti sonrakı dövrdə yeni müqavilə çərçivəsində idxal edilmiş malların dəyərinə tam şəkildə əvəzləşdirilmiş, həmin mallar faktiki olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, bu hal gömrük bəyannamələri və invoyslarla təsdiqlənmişdir və nəticə etibarilə inzibati xəta predmeti kimi göstərilən pul vəsaiti real olaraq mal ilə əvəz olunmuşdur. Mərkəzi Bankın mövqeyində əsas diqqət elektron sistemlərdə avans ödənişinin ilkin müqavilə ilə formal uyğunluğunun olmamasına yönəldilsə də, bu yanaşma inzibati hüququn əsas prinsiplərinə, xüsusilə də əməliyyatın iqtisadi mahiyyətinin formal sənəd göstəricilərindən üstün tutulması prinsipinə ziddir, çünki hazırkı halda alıcı eyni, satıcı eyni, əməliyyatın məqsədi dəyişməz olaraq geyim mallarının idxalı olmuş və valyuta vəsaiti qarşılığında real mal dövriyyəsi baş vermişdir. Yalnız müqavilə nömrəsinin dəyişməsi və texniki sistem uyğunluğunun olmaması valyuta vəsaitinin təyinatından kənar istifadəsi kimi qiymətləndirilə bilməz və inzibati məsuliyyətin avtomatik yaranmasına əsas vermir. olmuşdur. Əksinə, bütün əməliyyatlar rəsmi bank nəzarəti altında aparılmış, valyuta ödənişi gizlədilməmiş, sənədləşdirilmiş və son nəticədə real mal idxalı ilə bağlanmışdır. Nəticə etibarilə, Mərkəzi Bankın mövqeyi yalnız elektron sistemlərdə formal uyğunsuzluqlara və mal nomenklaturasındakı fərqlərə əsaslanır ki, bu da inzibati məsuliyyətin yaranması üçün kifayət deyil. Bundan əvvəl bildirdiyimiz kimi, inzibati xəta yalnız real pozuntu, real zərər və real təqsir mövcud olduqda yarana bilər. Hazırkı iş üzrə isə valyuta vəsaiti təyinatına uyğun istifadə edilmiş, dövlətin valyuta maraqlarına hər hansı zərər vurulmamış və inzibati xəta tərkibinin nə obyektiv, nə də subyektiv əlamətləri formalaşmamışdır. Bu səbəbdən, məhkəmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə işə xitam verilməsini və hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş edirlər. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli əlavə razılaşma ilə müəyyən edilmiş müqavilələr üzrə ölkəyə gətirilmiş mallarla avans ödənişinə görə ölkəyə gətirilməli olan mallar fərqlidir. Belə ki, avans ödənişinə görə ölkəyə uzunqol və qısaqol köynəklər idxal olunmalı idisə, sözügedən müqavilələrə görə yataq kisələri və gödəkçələrin alınması razılaşdırılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar ölkə ərazisinə idxal edilməmişdir. Qeyd olunanları nəzərə alınması xahiş edilmişdir. xx.xx.2026-cı il tarixdə Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən irəli sürülmüş mövqeyə münasibət bildirərək qeyd etmişdir ki, həmin mövqe iş üzrə faktiki halların mahiyyətini əks etdirmir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin məqsəd və məzmununun həddindən artıq formal, dar və birtərəfli şərhinə əsaslanır. Mərkəzi Bank öz mövqeyində yalnız malların ad və növ fərqliliyinə istinad etməklə inzibati məsuliyyətin yarandığını iddia edir, lakin valyuta əməliyyatının real iqtisadi nəticələrini, tərəflər arasında mövcud olmuş kommersiya münasibətlərini, habelə bağlanmış əlavə razılaşmanın hüquqi qüvvəsini və mülki dövriyyədə yaratdığı nəticələri nəzərə almır. İlk növbədə xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin ümumiyyətlə mal idxalı ilə əvəz olunmamasını və ya həmin vəsaitin təqsirli şəkildə ölkəyə qaytarılmamasını cəzalandıran normadır. Həmin maddənin dispozisiyasında avans ödənişinin mütləq şəkildə ilkin müqavilədə göstərilən eyni adda, eyni növdə və eyni nomenklaturada mallarla əvəz olunması tələbi nəzərdə tutulmamışdır. Qanunun əsas məqsədi mal adlarının dəyişməsinə görə sanksiya tətbiq etmək deyil, valyuta vəsaitinin real iqtisadi dövriyyədən kənarda qalmasının, yəni ölkədən çıxarılıb faktiki olaraq bağlanmamasının qarşısını almaqdır. Mərkəzi Bankın mövqeyi qəbul ediləcəyi təqdirdə, bu yanaşma inzibati hüququn bir sıra fundamental prinsipləri ilə açıq ziddiyyət təşkil edər. Belə ki, inzibati hüquqda əsas prinsiplərdən biri əməliyyatın iqtisadi mahiyyətinin onun formal əlamətlərindən üstün tutulmasıdır. Hazırkı halda əməliyyatın iqtisadi mahiyyəti dəyişməmişdir: alıcı eyni hüquqi şəxs, satıcı eyni xarici kontragent olmuş, valyuta vəsaiti ölkədən çıxarılmış və qarşılığında real mallar idxal edilmişdir. Yalnız malların çeşidinin dəyişməsi bu əməliyyatın iqtisadi mahiyyətini dəyişmir və onu hüquqazidd hərəkətə çevirmir. Eyni zamanda, Mərkəzi Bankın iddia etdiyi kimi, “eyni mal” meyarının əsas götürülməsi qanunun əsas niyyətini ikinci plana keçirir və faktiki olaraq inzibati məsuliyyəti avtomatik xarakterə salır. Belə bir yanaşma tətbiq olunarsa, kommersiya dövriyyəsində tez-tez rast gəlinən hallar (defekt, keyfiyyətsizlik, bazar şərtlərinin dəyişməsi, alternativ tədarük mexanizmlərinin seçilməsi ve s.) hamısı inzibati xəta kimi qiymətləndirilməli olar ki, bu da nə qanunun məqsədinə, nə də sağlam hüquqi məntiqə uyğundur. Bundan əlavə, Mərkəzi Bankın mövqeyi qəbul edilərsə, tərəflər arasında bağlanmış əlavə razılaşmaların hüquqi qüvvəsi faktiki olaraq inkar edilmiş olur. Halbuki əlavə razılaşma mülki-hüquqi münasibətlərin ayrılmaz hissəsidir və tərəflərin qarşılıqlı iradəsini əks etdirir. Bu cür razılaşmaların tanınmaması mülki dövriyyənin sabitliyi, müqavilə azadlığı və hüquqi müəyyənlik prinsiplərinə ciddi zərbə vurur. Digər mühüm ziddiyyət ondan ibarətdir ki, Mərkəzi Bank yalnız obyektiv əlamətlərə formal yanaşır, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tətbiqi üçün zəruri olan subyektiv əlaməti yəni təqsir elementini tamamilə nəzərə almır. Hazırkı iş üzrə hüquqi şəxs tərəfindən nə qəsd, nə də ehtiyatsızlıq mövcud olmuşdur. Əksinə, bütün əməliyyatlar rəsmi bank nəzarəti altında aparılmış, valyuta ödənişi gizlədilməmiş, sənədləşdirilmiş və son nəticədə real mal idxalı ilə bağlanmışdır. Nəticə etibarilə, Mərkəzi Bankın mövqeyi yalnız elektron sistemlərdə formal uyğunsuzluqlara və mal nomenklaturasındakı fərqlərə əsaslanır ki, bu da inzibati məsuliyyətin yaranması üçün kifayət deyil. Bundan əvvəl bildirdiyi kimi, inzibati xəta yalnız real pozuntu, real zərər və real təqsir mövcud olduqda yarana bilər. Hazırkı iş üzrə isə valyuta vəsaiti təyinatına uyğun istifadə edilmiş, dövlətin valyuta maraqlarına hər hansı zərər vurulmamış və inzibati xəta tərkibinin nə obyektiv, nə də subyektiv əlamətləri formalaşmamışdır. Bu səbəbdən, məhkəmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə işə xitam verilməsini və hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş edirlər. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X3 yuxarıdakı ərizələrin məzmununda izahat verdi və məhkəmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Mərkəzi Bankı nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2411/13 saylı müqaviləyə əsasən birinci tərəf ikinci tərəfə “köynəklər” mallarının satışını həyata keçirir. X2 şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2009/24 saylı müqaviləyə əsasən birinci tərəf ikinci tərəfə “yataq kisələri” mallarının satışını həyata keçirir. X2 şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2006/24 saylı müqaviləyə əsasən birinci tərəf ikinci tərəfə “yataq kisələri” mallarının satışını həyata keçirir. xx.xx.2024-cü il tarixdə X2 şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Müqaviləyə 001 nömrəli əlavə Razılaşmaya əsasən xx.xx.2023-cü il tarixli 2411/23 nömrəli qısaqol və uzunqol köynəklərin tədarükünə dair əsas müqaviləyə edilən rəsmi dəyişiklikləri təsbit edir və əvvəldən ödənilmiş avans məbləğinin növbəti malların alışının dəyərinə əvəzləşdirilməsi qaydasını tənzimləyir. Müqavilənin 1.1-1.7-ci bəndlərinə görə "xxxx" MMC tərəfindən X2 şirkətinə 552.800 ABŞ dolları məbləğində avans ödənişi edilmişdir. Göndərilmiş ilk partiya malların qəbulunda ciddi keyfiyyət uyğusuzluqları aşkar edildiyindən alıcı malları qəbul etməmişdir. Göndərilmiş ilk partiyanın dəyəri 187.600 ABŞ dolları təşkil etmişdir. Nəticədə istifadə olunmamış avans qalığı 365.200 ABŞ dolları olmuşdur. Tərəflər qarşılıqlı razılıq əsasında avansın qalıq hissəsinin 365.200 ABŞ dollarının növbəti malların alışının dəyərinə əvəzləşdirilməsinə razılaşmışlar. Qalıq avans məbləğindən 153.700 ABŞ dolları xx.xx.2024 tarixli, 2006/24 nömrəli müqaviləyə əsasən yataq kisəsi mallarının alışına yönəldilir. Qalıq avans məbləğindən 143.100 ABŞ dolları xx.xx.2024-cü il tarixli 2009/24 nömrəli müqaviləyə əsasən yataq kisəsi mallarının alışına yönəldilir. Qalıq avans məbləğindən 68.400 ABŞ dolları xx.xx.2024-cü il tarixli 3010/24 nömrəli müqaviləyə əsasən gödəkçə mallarının alışına yönəldilir. X2 şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 3010/24 müqaviləyə əsasən birinci tərəf ikinci tərəfə “gödəkçələr və əlcəklər” mallarının satışını həyata keçirir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs 152800 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən 152800 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən müştərinin təqdim etdiyi **********4379 saylı YGB-də qeyd olunan müqavilə, proforma invoys köçürülən avansın müqaviləsi və proforma invoysu ilə eyniləşmədiyindən bağlanılmamışdır. xx.xx.2024-cü il tarixli **********4379 gömrük bəyannaməsindən görünür ki, X2 şirkətindən Şəxs MMC-nin ünvanına ümumi invoys dəyəri 2009/24 nömrəli müqavilə çərçivəsində 153.700 ABŞ dollar məbləğində mallar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli **********1593 gömrük bəyannaməsindən görünür ki, X2 şirkətindən Şəxs MMC-nin ünvanına ümumi invoys dəyəri 3010/24 nömrəli müqavilə çərçivəsində 255.000 ABŞ dollar məbləğində mallar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli **********6363 gömrük bəyannaməsindən görünür ki, X2 şirkətindən Şəxs MMC-nin ünvanına ümumi invoys dəyəri 2411/23 nömrəli müqavilə çərçivəsində 187.600 ABŞ dollar məbləğində mallar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli **********1310 gömrük bəyannaməsindən görünür ki, X2 şirkətindən Şəxs MMC-nin ünvanına ümumi invoys dəyəri 2006/24 nömrəli müqavilə çərçivəsində 153700 ABŞ dollar məbləğində mallar daxil olmuşdur. X2 şirkətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ilkin müqavilə üzrə tədarük edilmiş malların istehsal prosesində yaranmış problemlər səbəbindən qismən qüsurlu olduğu müəyyən edilmişdir. Qüsurlu malların çatdırılmasına görə məsuliyyəti qəbul edir və bunu təsdiqləyirlər. Bu məsələ tərəflər arasında xoş niyyət prinsipi əsasında müzakirə edilmiş, yaranmış vəziyyətdən irəli gələn müqavilə öhdəliklərininicrasından imtina edilməmiş və ya yayınma baş verməmişdir. Tərəflərin qarşılıqlı razılığı əsasında və kommersiya öhdəliklərinin düzgün şəkildə yerinə yetirilməsi məqsədilə qərara alınmışdır ki, qalan avans məbləği nağd qaydada geri qaytarılmasın. Əvəzində, tərəflər arasında imzalanmış Əlavə Sazişə uyğun olaraq, həmin avans məbləği sonrakı müqavilələr üzrə ( Müqavilə №2006/24, 2009/24 və 3010/24 ) tədarük edilmiş malların dəyərinə qarşılıqlı hesablaşma (offset) yolu ilə silinmişdir. Sonrakı müqavilələr üzrə mallar müvafiq qaydada istehsal edilmiş və təhvil verilmiş, qalan avans məbləği isə tam şəkildə həmin malların dəyərinə yönəldilmişdir. Nəticə etibarilə, qeyd olunan avans ödənişi ilə bağlı bütün öhdəliklər tam həcmdə yerinə yetirilmiş, tərəflər arasında bu məsələ ilə əlaqədar heç bir açıq maliyyə tələbi qalmamışdır. Azərbaycan Respublikası Mərkəzi X5 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən araşdırılmış iş materiallarından müəyyən olunur ki, Şəxs MMC tərəfindən xarici kontragentə ödənilmiş avans məbləği real kommersiya əməliyyatı çərçivəsində həyata keçirilmiş, valyuta vəsaiti qarşılığında mallar faktiki olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilmişdir. İlkin müqavilə üzrə tədarük edilmiş malların bir hissəsində aşkar edilmiş keyfiyyət uyğunsuzluğu tərəflər arasında mülkihüquqi xarakterli kommersiya mübahisəsi yaratmış, lakin bu hal valyuta vəsaitinin təyinatından kənar istifadəsi kimi qiymətləndirilə bilməz. Həmçinin iş üzrə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma ilə istifadə olunmamış avans məbləğinin geri qaytarılması əvəzinə növbəti müqavilələr üzrə malların dəyərinə yönəldilməsi razılaşdırılmışdır. Sözügedən razılaşma əsas müqaviləyə rəsmi dəyişiklik xarakteri daşıyır. Əlavə razılaşmaya uyğun olaraq mallar ölkə ərazisinə idxal edilmiş və gömrük bəyannamələri ilə təsdiqlənmişdir. Mərkəzi Bank tərəfindən irəli sürülən iradlar formal xarakter daşıyır və əməliyyatın real iqtisadi mahiyyətini dəyişmir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından irəli gələrək inzibati məsuliyyətin yaranması üçün həlledici meyar avans yolu ilə ödənilmiş valyuta vəsaiti qarşılığında müvafiq malların müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal edilməməsi və ya vəsaitin geri qaytarılmamasıdır. Qanunvericilikdə “eyni malın” idxalı tələbi nəzərdə tutulmamış, əsas məqsəd ödənilmiş vəsaitin real iqtisadi nəticə ilə – mal dövriyyəsi ilə bağlanmasıdır. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, ödənilmiş avans məbləği tərəflər arasında bağlanmış əlavə razılaşma əsasında növbəti müqavilələr üzrə malların dəyərinə yönəldilmiş, həmin mallar faktiki olaraq idxal olunmuş və gömrük bəyannamələri ilə təsdiqlənmişdir. Beləliklə, avans yolu ilə ödənilmiş valyuta vəsaiti müvafiq malların idxalı ilə əvəzləşdirildiyindən, valyuta vəsaitinin geri qaytarılmasından yayınma, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati xəta tərkibi formalaşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-390/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-390/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver