Məhkəmə qərarları › İş №3(5-93)-401/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-401/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-401/2026 21.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157 və 510-cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 157 və 510-cu maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Şəxs barəsində İXM-in 157 və 510-cu maddələri ilə olan xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda şəxs haqqında məlumatlar, cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Bundan başqa protokolda İXM-in 157 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaların mahiyyəti düzgün göstərilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, inzibati xətanın mahiyyəti göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq inzibati xəta haqqında protokolda öz əksini tapmasından asılıdır. Həmçinin inzibati xəta haqqında protokolda iş üzrə zərərçəkmiş şəxs barədə məlumatlar, yəni onun ad və soyadı, yaşadığı yerin ünvanı kimi məlumatlar göstərilməmişdir. Həmçinin zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərə dair inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İXM-in 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bundan başqa iş materialları təhlil edilərək müəyyən etdim ki, X1 müraciəti əsasən polis şöbəsində araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin aparılmış araşdırma zamanı X1 hadisə vaxtı aldığı xəsarətlərlə bağlı məhkəmə-tibb ekspertizası keçirilərək rəy alınmadan, Şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması ilə kifayət qədər araşdırma aparılmadan, sonuncunun əməllərində İXM-in 157 və 510-cu maddələrinin tərkib əlamətlərinin olması əsası ilə barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa verilmişdir. Belə ki, İXM-in 157-ci maddəsinin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi şəxsin əməlində İXM-157-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etməkdən ötrü zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi zəruridir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 157 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 157 və 510-cu maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar