Məhkəmə qərarları › İş №3(5-93)-405/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-405/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-405/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 22 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-296/2017 saylı, 05 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 15374,34 ABŞ dolları tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Hazırda icra sənədi üzrə 14147 ABŞ dolları ödənilməmiş borc qalmışdır. İpoteka predmeti olan nəqliyyat vasitəsi tələbin yönəldilməsi məqsədi ilə axtarışa verilmiş, 27 dekabr 2025-ci il tarixdə avtomobil saxlanılaraq duracağa yerləşdirilmiş, lakin duracağa yerləşdirilən zaman nəqliyyat vasitəsi yararsız vəziyyətdə olmuşdur. Belə ki, avtomobilin motoru, sürətlər qutusu və akumlyayotu olmamışdır. Bununla bağlı müfaviq akt da tərtib edilmişdir. Borclu tərəfindən bugünədək cəmi 1000 ABŞ dolları ödəniş edilmiş, başqa hər hansı bir ödəniş olunmamışdır. İcra sənədinin uzun müddət icra olunmamasının səbəbi isə odur ki, 25 aprel 2018-ci il tarixdə "xxxx" MMC-in məktubu əsasında “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. 2018-ci ildən 2025-ci il tarixədək tələbkarla borclu arasında hər ay ödəniş edilməsi ilə bağlı razılıq olmuşdur. 2025-ci il tarixdə təkrar olaraq icraata başlanılmışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilmiş, sonuncuya sms bildirişlər göndərilmiş, hətta ünvanına gedilsə də, müsbət nəticə əldə etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş, yalnız polis əməkdaşı borcluya zəng etdikdən sonra icra şöbəsinə gəlmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, şəxsin barəsində daha əvvəl İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, lakin yekun olaraq icra sənədi geri qaytarıldığından və protokol tərtib edilərkən yenidən icraata başlamaq haqqında qərar qəbul edilmədiyindən iş üzrə icraata xitam verilmiş, daha sonra tələbkarın müraciətinə əsasən xx.xx.2025-ci il tarixdə yenidən icra vərəqəsi verildiyinən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası üçün xx.xx.2025-ci il tarixdə bildiriş verilsə də, nəqliyyat vasitəsi istismara yararsız halda icra qurumuna təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onlarla telefon əlaqəsi saxlanılmış, həmin zaman da icra şöbəsinə getmişdir. Nə vaxt çağırılmışdırsa, həmin vaxtda icra şöbəsinə getmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həyat yoldaşı-nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, 2025-ci ilin iyul ayında da eyni qaydada həyat yoldaşı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və yoldaşı 500 manat cərimə edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilmişdir. Sözügedən avtomobilinin üzərinə isə razılıq olduğu üçün həbs qoyulmamışdır. Həmin avtomobili etibarnamə ilə 3000 manata Zakir adlı şəxsə satmışdılar. Avtomobili idarə edən şəxs özü həmin avtomobili icra şöbəsinə vermiş, avtomobil isə evakuatorla gətirilmişdir. Həmin vaxtı da anası xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün müalicəsinə pul lazım idi. 4800 ABŞ dolları və 1500 manat banka ödənilmişdir, geri qalan məbləği isə Zakir adlı şəxs hər ay 200 manat olmaqla ödəmişdir və avtomobil geri qaytarılmışdır. Məhkəmə qərarında da avtomobilin hərrac yolu ilə satılması göstərilmişdir. Tələbləri ondan ibarətdir ki, avtomobil satılsın, bundan sonra geri qalan məbləğ tələb olunsun. Avtomobilin motoru tökülmüşdür, ilkin olaraq avtomobili satdığı zaman 2500 və ya 3000 manat almışdır, həmin pulu da anasının xəstəliyi üçün xərcləmişdir. Həmin zaman bankla razılıq olmuşdur. Avtomobili 2025-ci il dekabr ayının 27-si icra şöbəsinə vermişlər. Zakir adlı şəxslə aylıq pul ödənilməyi ilə bağlı razılığa gəlmişdilər. İlkin olaraq da pulu banka ödəmişdilər. Banka da aylıq 200 manat ödəniş ediləcəyi bildirilmişdi. Bank 2022-ci ildə ləğv olunmuşdur. Bank ləğv olunana qədər bankın xəzinadarı qəbz verirdi, 1500 manat və 4800 ABŞ dolları miqdarında ödəniş etmişdilər, ödənişlər Emin adlı şəxsə olunmuşdur. Avtomobilin qiyməti həmin vaxtı olan borca uyğun dəyərləndirilmişdir. Avtomobili o Zakir adlı şəxsə satanda avtomobilin ciddi problemləri var idi, ondan avtomobili aldıqdan sonra şəxs yenidən avtomobili təmir etdirmişdi. Onun avtomobilin icra şöbəsinə nə vəziyyətdə təqdim olunmasından məlumatlı deyildir, Zakir adlı şəxs özü aktın tərtib edilməsində iştirak etmişdir Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, borclu tərəfindən 9 il müddət ərzində cəmi 2000 ABŞ dollarına yaxın ödəniş edilmişdir. Dəfələrlə borclu ilə görüşüb razılıq əldə etməyə çalışsalar da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Onlar hətta müəyyən qədər güzəştə də getmişlər. Lakin borclunun ən sonda avtomobili söküb, gətirib təqdim etməsi artıq qərəzli davranışını göstərir. 2018-ci ildə icra sənədinin icra edilmədən geri qaytarılmasını istəmişlər, onlar təşkilat olaraq hər bir halda borclulara qarşı anlayışla davranmışlar. Avtomobil 2 ay bundan əvvəl sökülmüşdür və avtomobilin motorxanasına baxış keçiriləndə qərəzli şəkildə sökülməsi müəyyən edilmişdir. Hətta həmin avtomobilin 2 ay öncə ticarət mərkəzinin avtodayanacağına giriş-çıxış etdiyi görünür, bununla bağlı qəbz də vardır. Yəni avtomobil təqdim edilməmişdən əvvəl idarə edilmişdir. 2025-ci il oktyabr ayının 24-ü avtomobili idarə etmişlər. Hal-hazırda borclunun 14147 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Əsas məbləğ 10919 ABŞ dolları təşkil edir. Faiz məbləğ isə 3000 ABŞ dollarına yaxın qeyd olunub. Avtomobil təhvil verilənə qədər cəmi bir dəfə ödəniş həyata keçirilmişdir. O da təxminən ya 2020-ci il tarixdə olmuşdur. Hazırki günə borc 14147 ABŞ dolları təşkil edir. 9 ildir ki məhkəmənin qətnaməsi icra olunmur. Qeyd edilənlkəri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədən inzibati xəta haqqında iş üzrə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" MMC BOKT-nin cavabdeh X3 qarşı "kredit müqaviləsinin vaxtında əvvəl ləğv edilməsi, müqavilə üzrə borcun tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair " iddia ərizəsi qismən təmin edilmiş, X6 ilə "xxxx" MMC BOKT arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilmişdir. Cavabdeh X6 ilə "xxxx" MMC BOKT arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 12151.96 (on iki min yüz əlli bir dollar doxsan altı sent) ABŞ dolları əsas, 3 222,28 (üç min iki yüz iyirmi iki dollar iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 15374,34 (on beş min üç yüz yetmiş dörd dollar, 34 sent) ABŞ dolları məbləğində borc və 80 ABŞ dolları dəbbə pulu və 100 manat hüquqi xidmət haqqı tutulmuşdur. Həmin tələb 31 iyul 2015-ci tarixli saylı ipoteka müqavilə əsasında ipoteka qoyulmuş, X3 məxsus olan 90ZP155 dövlət qeydiyyat nişanlı, “LAND ROVER DİSCOVERY” tünd göy metallik rəngli, Ban N SALLAAA146A403325 Mühərrik N --, buraxılış ili 2006-cı il olan avtomobilə yönəldilmiş, avtomobil açıq hərracdan satılması, borcun həmin əmlak hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X4 90ZP155 dövlət qeydiyyat nişanlı, “LAND ROVER DİSCOVERY” markalı, buraxılış ili 2006-cı il olan avtomobili təhvil vermiş, avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin motoru, karopkası, akkumlyatoru yoxdur. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmurları ünvan 1 ünvanına getsələr də, qapını açan olmamışdır. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, 90ZP155 dövlət qeydiyyat nişanlı, “LAND ROVER DİSCOVERY” markalı, buraxılış ili 2006-cı il olan avtomobili saxlanılması üçün "xxxx" MMC BOKT-un nümayəndəsi Nümayəndə1 saxlanılması üçün verilmişdir. Avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobilin matoru, karopkası və akumlyatoru yoxdur. APM1 seriyalı **********5 saylı qəbzin surətindən görünür ki, 90ZP155 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 13:55-də “28 Mall” Ticarət Mərkəzinin parklanma yerinə daxil olmuş, həmin tarixdə saat 14:38-də parklanma yerindən çıxış etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə araşdırması zamanı toplanmış, məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-296/2017 saylı icra vərəqəsinə əsasən iddiaçı "xxxx" MMC BOKT-nin cavabdeh X3 qarşı "kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, müqavilə üzrə borcun tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair" iddia ərizəsi qismən təmin edilmiş, X6 ilə "xxxx" MMC BOKT arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilmişdir. Cavabdeh X6 ilə "xxxx" MMC BOKT arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 12151.96 (on iki min yüz əlli bir dollar doxsan altı sent) ABŞ dolları əsas, 3 222,28 (üç min iki yüz iyirmi iki dollar iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 15374,34 (on beş min üç yüz yetmiş dörd dollar, 34 sent) ABŞ dolları məbləğində borc və 80 ABŞ dolları dəbbə pulu və 100 manat hüquqi xidmət haqqı tutulmuş, həmin tələb 31 iyul 2015-ci tarixli saylı ipoteka müqavilə əsasında ipoteka qoyulmuş, X3 məxsus olan 90ZP155 dövlət qeydiyyat nişanlı, “LAND ROVER DİSCOVERY” tünd göy metallik rəngli, Ban N- SALLAAA146A403325, buraxılış ili 2006-cı il olan avtomobilə yönəldilmiş, avtomobilin açıq hərracdan satılması, borcun həmin əmlak hesabına ödənilməsi qət edilmiş, hazırkı tarixədək Şəxs qeyd edilən icra vərəqəsi üzrə "xxxx" BOKT MMC qarşısında 14147 (on dörd min yüz qırx yeddi) ABŞ dolları məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmədə müəyyən edir ki, sözügedən icra sənədi xx.xx.2025-ci il tarixdə yenidən icraya yönəldildikdən sonra xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası üçün müvafiq müddət verilmişdir. Bu tarixdən etibarən borclu icra sənədində göstərilən tələbləri dürüst, vicdanlı və tam həcmdə yerinə yetirməyə borclu olmuşdur. İş materiallarından görünür ki, icra sənədinə əsasən tələbin yönəldildiyi ipoteka predmeti olan nəqliyyat vasitəsi borclu tərəfindən icra orqanına saz və istismara yararlı vəziyyətdə təqdim edilməli olduğu halda, avtomobil xx.xx.2025-ci il tarixdə motoru, sürətlər qutusu və akkumulyatoru olmadan, faktiki olaraq istifadəyə yararsız vəziyyətdə təqdim edilmişdir. Bu hal işin mübahisəsiz halı olmaqla həmin tarixli aktla da təsdiq edilmişdir. Məhkəmə borclunun avtomobilin uzun müddət nasaz vəziyyətdə olması barədə izahatlarını iş materialları ilə uyğunsuz və əsassız hesab edir. Belə ki, zərər çəkmiş hüquqi şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş ticarət mərkəzinin parklanma yerinə giriş-çıxış sənədlərindən görünür ki, sözügedən nəqliyyat vasitəsi 2025-ci il oktyabr ayının 24-də saat 13:55-də “28 Mall” Ticarət Mərkəzinin parklanma yerinə daxil olmuş, həmin tarixdə saat 14:38 parklanma yerindən çıxış etmişdir. Bu fakt avtomobilin həmin tarixdə faktiki olaraq saz vəziyyətdə və istismara yayarlı nəqliyyat vasitəsi olduğunu sübut edir. Məhkəmə hesab edir ki, avtomobilin parklanma ərazisinə daxil olması və oradan çıxması yalnız mühərriki, transmissiyası (sürətlər qutusu) və digər əsas texniki hissələri işlək olan nəqliyyat vasitəsi ilə mümkündür. Bu isə borclunun avtomobilin əvvəlcədən yararsız vəziyyətdə olması barədə verdiyi izahatları təkzib edir və avtomobilin icra orqanına təqdim edilməzdən qısa müddət əvvəl saz vəziyyətdə istismar edildiyini təsdiq edir. Belə olan halda, avtomobilin icra şöbəsinə təqdim edilərkən mühərrikinin, sürətlər qutusunun və akkumulyatorunun olmaması məhkəmə tərəfindən avtomobilin icraata başlanıldıqdan sonra qərəzli şəkildə istismara yararsız hala salınması kimi qiymətləndirilir. Bu hərəkətlər borclunun icra sənədinin real icrasına mane olmaq, ipoteka predmetinin dəyərini azaltmaq və icra tədbirlərindən yayınmaq niyyətini göstərir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, ipoteka predmeti olan əmlakın qorunmasına, onun texniki vəziyyətinin saxlanılmasına və dəyərinin azalmasına yol verilməməsinə görə məsuliyyət bilavasitə borclunun üzərindədir. Borclunun avtomobili üçüncü şəxsə verməsi, satması və ya etibarnamə ilə idarə olunmasına icazə verməsi onu bu məsuliyyətdən azad etmir. Borclu tərəfindən avtomobilin digər şəxsə satılması və alıcının həmin avtomobilə görə banka 4800 ABŞ dolları və 1500 manat, habelə aylıq 200 manat ödənişlər etdiyini iddia etsə də, həmin ödənişlərin tam, davamlı və icra sənədi üzrə borcu azaldan şəkildə həyata keçirildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, tələbkarın nümayəndəsi isə borclu tərəfindən ödənilməli olan 15374,34 ABŞ dolları vəsaitdən cəmi bir 2020-ci ildə ödəniş edildiyini, hazırkı tarixə ödənilməli olan borcun 14147 ABŞ dolları təşkil etdiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, borcun ödənildiyini sübut etmək yükü borclunun üzərinə düşür və bu yük hazırkı iş üzrə yerinə yetirilməmişdir. Bundan başqa barəsində icraat aparılan Şəxs nümayəndəsi avtomobilin ilkin satışı zamanı alıcının onlara 3000 manat ödəniş edildiyini, həmin vəsaiti banka ödəmədiyini, anasının xəstəliyinə xərclədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, borcun ödənilməsinin avtomobilə yönəldildiyi halda həmin avtomobilin satışına görə əldə edilmiş vəsaitin banka deyil, istənilən şəxsi məqsədlər üçün istifadə edilməsi məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasından qərəzli yayınma halıdır. Məhkəmə həmçinin onu da nəzərə alır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-4144/2025 saylı qərarı ilə borclu Şəxs barəsində eyni məsələ ilə bağlı İXM-nin 528.1-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi borclunun icra sənədini icra etməsi ilə bağlı olmayıb, icra sənədi geri qaytarıldıqdan sonra icraata başlamaq haqqında qərar olmadan icra tədbirlərinin görülməsi ilə əlaqədar olmuşdur. Bu səbəbdən həmin qərar borclu üçün məsuliyyəti istisna edən və ya onu hazırkı halda məsuliyyətdən azad edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs 9 ilə yaxın müddət ərzində borcu faktiki olaraq ödəməməsi, icraata yenidən başlanıldıqdan sonra ipoteka predmetinin qəsdən yararsız hala salınaraq təqdim edilməsi, icra tədbirlərindən yayınması və verdiyi izahatların sübutlarla təkzib olunması onun icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə yönəlmiş qərəzli davranışını təsdiq edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqələri, bildiriş, tərəflərin izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən yaxud ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun hazırki icra sənədi üzrə ilk dəfə məsuliyyətə cəlb edilməsi nəzərə alınaraq barəsində aşağı həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə uyğundur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakterizə edən hallar, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Təqsirləndirilən şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqdim edilmiş “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatı”nda göstərdiyi hüquqi yardıma görə sərf etdiyi saatı 5 (beş) saat, ödənilməli haqqın miqdarını isə 55 manat olaraq göstərmiş, göstərilən hüquqi yardımın saatları barədə hər hansı əsaslandırma aparılmamışdır. Məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsinə sərf edilmiş saat suni şəkildə şişirdilməklə hesabatda qeyd edilmişdir. Halbuki, iş üzrə cəmi bir məhkəmə iclası keçirilmiş, dövlət hesabına vəkil təyin edilməsi barədə qərar saat 14:45-də qəbul edilmiş, iclas 14:55-də başlanmış, həmin iclasın müddəti isə 25 dəqiqə olmuşdur. Müdafiəçinin məhkəmə iclasına gəlib getmək üçün yola sərf etdiyi vaxt da nəzərə alınmaqla məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardımın ümumi saatı 2 (iki) saat olaraq qəbul edilməli, həmin hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 22 (iyirmi iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili X5 dövlət büdcəsinin vəsaiti hesabına 22 (iyirmi iki) manat pul vəsaiti ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar