Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-413/2026 13.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(001)-568/2025 saylı icra sənədi üzrə borclu "xxxx" MTK-nın vəzifəli şəxsi Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 21 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MTK-nın (bundan sonra - MTK) inşa etdiyi yaşayış binasından ev almışlar. Lakin, həmin vaxtdan keçən müddət ərzində MTK müqavilə öhdəliklərini yerinə yetirməmiş, binaya çıxarış alınması üçün sənədləri Dövlət Komissiyasına təqdim etməmişdir. Məcbur qalaraq, MTK-ya qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddiaları qismən təmin edilmiş, yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməsi, MTK-dan aldıqları mənzilin ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbəsi, plan-cizgisi və MTKnın nizamnaməsinin təsdiq edilmiş surətinin iddiaçı X2 təqdim edilməsi MTK-ya həvalə edilmişdir. MTK həmin qətnaməni qismən icra edərək, müvafiq sənədləri iddiaçı Zərərçəkmiş şəxs təqdim etsə də, yaşayış binasını Dövlət Komissiyasına təqdim etməmişdir. Bu hərəkətləri ilə MTK onların mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq, "xxxx" MTK-nın vəzifəli şəxsi Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edirlər. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak etmiş "xxxx" MTK-nın vəzifəli şəxsi (baş idarə müdiri) Şəxs izahatında bildirdi ki, MTK olaraq tələb olunan sənədləri Dövlət Komissiyasına təqdim etmişlər, hətta sənədlərin təhvil alınması ilə bağlı onlara kod da verilmişdir. Sənədləri Dövlət Komissiyasına təqdim etmələrini təsdiq edən sübutlar MTK-nın ofisindədir. Əgər vaxt verilərsə həmin sənədləri məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru, eləcə də barəsində icraat aparılan vəzifəli şəxs məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Məhkəmə icra məmurunun və barəsində icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-568/2025-009 nömrəli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmiş, həmin tarixdə sözügedən qərar “tələbin könüllü icrası haqqında” bildirişlə birlikdə "xxxx" MTK-ya göndərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarı mövcuddur, həmin qərarla yaşayış binasının müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməsi, MTK-dan aldıqları mənzilin ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbəsi, plan-cizgisi və MTKnın nizamnaməsinin təsdiq edilmiş surətinin iddiaçı X2 təqdim edilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Məhkəmə baxışında iştirak etmiş şəxslərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan məhkəmə qərarı tam icra olunmamışdır. Belə ki, cavabdeh "xxxx" MTK qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş inşa etdiyi yaşayış binasını müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilməsi vəzifəsini icra etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs qətnamənin tam icra edilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edəcəklərini bildirmiş, Şəxs vəsatəti əsasında məhkəmə iclası təxirə salımışdır. Buna baxmayaraq, məhkəməyə qətnamənin tam icrasını təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MTKnın sədri, vəzifəli şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Buna görə də, əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə vəzifəli şəxs kimi Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs qismində Şəxs inzibati məsuliyyətə cəlb ediliməli və barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MTK-nın vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-413/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-413/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver