Məhkəmə qərarları › İş №3(5-93)-420/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-420/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-420/2026 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla "xxxx" MMC-dən müvafiq sənədlərin təqdim edilməsi üçün X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məktublar göndərilsə də, MMC tərəfindən sənədlərin təqdim edilməməsi səbəbilə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbinin pozulması ilə bağlı vəzifəli şəxs kimi barəsində 1300 (bir min üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin, qeyd olunan qərar qanunvericiliyin tələblərinə uyğun olaraq ona rəsmi qaydada təqdim edilməmiş və barəsində inzibati icraat aparılması və qəbul edilmiş qərar barədə vaxtında və düzgün məlumatlandırma aparılmamışdır. Yalnız xx.xx.2026-cı il tarixində MN 187107 saylı inzibati tənbeh vermə haqqında qərar ona çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati tənbeh haqqında qərar barəsində çıxarılan şəxsə dərhal və ya qanunla müəyyən olunmuş qaydada təqdim edilməli və bununla da şəxsə müdafiə hüququnun həyata keçirilməsi üçün real imkan yaradılmalıdır. Həmçinin müfəttişliyin tələb etdiyi sənədlərlə bağlı sorğu və protokolun tərtib edilməsi ilə dəvət məktubu vaxtında göndərilməmiş və o, vaxtında məlumatlandırılmamışdır. Nəticə etibarilə, inzibati xətanın törədilməsinə əsas olmuş halın qanunla tələb olunan qaydada və müddətdə aradan qaldırılması mümkün olmamışdır. Göstərilənlər isə inzibati icraatın prosessual normalarının kobud pozuntusu olmaqla yanaşı, qəbul edilmiş şərti inzibati təhbehin qanunsuzluğuna və əsassızlığına səbəb olmuşdur. Əlavə olaraq xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının qəbul edilməsinə əsas olmuş vətəndaş X1 əmək hüquqlarının pozulması barədə Nazirliyə ünvanladığı müraciətə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində baxıldığı qeyd olunmuşdur. Həmin məktubda əmək hüquqlarının pozulması ilə bağlı X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsilə əlaqədar 3-17-5/2-84841/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu "xxxx" MMCyə göndərildiyi, lakin sənədlərin təqdim edilməməsi qeyd olunmuşdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmələri məqsədi ilə 17 11.2025-ci il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 1 saylı Bakı DOST Mərkəzinə və ya video konfrans vasitəsi ilə baxılmasına dəvət olunmaları göstərilmişdir Həmin dəvət məktubu onlara xx.xx.2025-ci il tarixində çatdırılmışdır. Həmçinin Müfəttişlik tərəfindən qeyd olunan inzibati xətanın törədilməsinə dair vəzifəli şəxslə eyni zamanda hüquqi şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi üçün MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edərək məhkəməyə göndərilmişdir Həmin protokola dair Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli Qərardad qəbul edilmişdir Qərardada əsasən, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması göstərilmişdir. Odur ki, X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 bildirmişdir ki, X1 "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə xidmətin Bakı şəhər İdarəsində baxılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin MMC-yə məktubla müraciət olunaraq müvafiq məlumatları təqdim etməsi xahiş edilmişdir. Həmin məktub həm poçtla göndərilmiş, həm də MMC-nin elektron kabinetində yerləşdirilmişdir. X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa məktubda qeyd edilmiş sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunsa da "xxxx" MMC tərəfindən lazımi məlumatlar tam və vaxtında təqdim edilməmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1300 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənləri nəzərə alınaraq X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-84841/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanladığı müraciətə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən müraciətə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107) təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şikayəti ilə bağlı "xxxx" MMC-yə -17-5/2-84841/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək müvafiq sənədlərin 7 iş gün ərzində təqdim edilməsi tələb edilsə, sənədlər təqdim edilməmiş, nəticədə MMC-nin direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1300 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasına əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmədə toplanmış iş materiallarından X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciəti əsasında X5 Xidməti Bakı şəhər İdarəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə 3-17-5/2-84841/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərərək, müraciətin araşdırılması üçün müvafiq sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Lakin "xxxx" MMC tərəfindən müvafiq məlumatlar X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Bununla bağlı "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1300 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar