Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-421/2026 20.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33044656 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33044656 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 02 yanvar 2026-cı il tarixdə mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, Vaqif küçəsi ilə S.Vurğun prospekti istiqamətində saat 16 radələrində hərəkət etdikdən sonra guya İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan xəta törətməyi barədə 03 yanvar 2026-cı il tarixdə mobil telefona SMS daxil olmuşdur. Elektron kabinet vasitəsi ilə daha geniş məlumat əldə edərkən orada avtomobilin digər avtomobillərlə birgə ümumi görüntüsü barədə və avtomobilin ön görüntüsü fotoları yerləşdirilmişdir. “X4” (YHH) Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq həmin küçə boyu hərəkət zamanı “maksimum surət həddi”ni bildirən (təsdiq edən) YHH Qanunun 3.24 və ya qarşıda radan bildirən YHH Qanunun 6.14 “informasiya stendi” nişanları mövcud deyildir. Halbuki, məsələn qeyd edilən hər iki nişanlar Heydər Əliyev prospekti boyu radarlara qədər quraşdırılmışdır. Məlumdur ki, şəhərdaxili fərqli yollarda müxtəlif maksimum surət hədləri ilə, yəni saatda 50(+10), 60(+10) və 70(+10) km surətlərlə avtomobillərin idarə edilməsi mümkündür. Həmin ərazidən tez-tez və bir neçə dəfə keçdiyindən, orada avtomobil axını daim intensiv olduğundan surət həddini aşmağı şübhəlidir, həmçinin qeyd etdiyi nişanlar da olmadığından xətanın qeydə alınması qanunsuzdur. Ümumiyyətlə, şəhərdaxili hərəkət zamanı surət limitinə əməl edərək avtomobilini saatda 50-60 km surətindən artıq idarə etmir. Buna görə də stasionar radar vasitəsi ilə çəkilmiş fotolarda avtomobili ilə surət həddini aşmağı inandırıcı deyil. Belə olan halda fotoşəkildə qeyd edildiyi kimi guya saatda 60 km olduğu ərazidə saatda 71(!) km surətlə hərəkət etməklə İXM-nin 328.1-ci maddəsi ilə xəta törətməyi barədə çıxarılmış elektron qərar əsassız və qanunsuzdur. Şübhə yaradan məqamdan biri də surətinin saatda 72,73,74,75 km və s. deyil, məhz 71(!) olmasıdır. Ona görə də 02 yanvar 2026-cı il tarixli, EQ 33044656 saylı protokol əsasında çıxarılmış 03 yanvar 2026-cı il tarixli elektron qərarı əldə edərək tərəfindən məhkəməyə şikayətlə müraciət edilmişdir. Avtomobilin surət həddini aşması barədə xətanın düzgün qeydə alınması üçün ilk öncə qanunun tələbinə görə həmin küçədə YHH Qanunun 3.24 və 6.14 nişanları olmalıdır. Əks halda inzibati xəta haqqında protokol və qərar qanunun tələblərinə ziddir. Qəbul ediləcək qərarın qanuni və ədalətli olmasına əsas yaradan və iş üçün əhəmiyyətli olan aşağıdakı hallar da araşdırılmalı və BDYPİ tərəfindən sübuta yetirilməsi (stasionar radarla bağlı sübut əhəmiyyətli sənədlər təqdim edilməlidir). BDYPİ tərəfindən inzibati icraat aparılarkən yuxarıda qanunun tələblərinə əməl edilməmişdir. Həmçinin, ölçmə vasitələrinin yoxlamalarını Azərbaycan Respublikasının Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları həyata keçirir. Eləcə də, Dövlət metroloji xidmət (digər səlahiyyətli təşkilatlar) orqanları tərəfindən ölçmə vasitələrinin istifadə üçün yararlığının və onların təyin edilmiş məcburi tələblərə cavab verməsinin müəyyənləşdirilməsi başa düşülür. Mövcud Qanunvericiliyə görə Dövlət metroloji nəzarətindən və yoxlanmasından keçən ölçmə vasitələri istehsaldan buraxılma, təmir, xaricdən gətirilmə və istismar zamanı yoxlanılmalıdır. Yoxlama, sınağın nəticələrinə görə təsdiq edilmiş normativ sənədlərə uyğun aparılır. Həmçinin, yoxlamanın nəticələri aşağıdakılardır: ölçmə vasitəsinin tətbiq üçün yararlı olduğunu sübut etmək; bu halda onun və texniki sənədin üzərinə yoxlama damğası vurulur və yoxlama şəhadətnaməsi verilir. Yoxlama damğası-müəyyənləşdirilmiş formaya malik işarədir. Ölçmə vasitəsinin üzərinə vurulur. Onların istifadəyə yararlığını sübut edir. Hesab edir ki, ərazidə surət limitinə əməl etdiyi halda stasionar radar vasitəsi ilə texniki səhv və ya texniki xəta olaraq barəmdə İXMnin 328.1-ci maddəsi ilə əsassız cərimə tətbiq edilmişdir. Oxşar işlə üzrə təcrübə onu göstərir ki, eyni maddə ilə BDYPİ-nin elektron qərarından məhkəməyə verilmiş şikayətin qismən təmin edilərək elektron qərarın ləğvi, işin yeni araşdırmaya göndərilməsi, lakin araşdırma nəticəsində heç bir yeni sübut təqdim edilmədiyi halda BDYPİ-nin ikinci dəfə də eyni elektron qərarından verilən şikayətlər təmin edilərək elektron qərar məhkəmələr tərəfindən ləğv edilib işin icraatına xitam verilir. Onun iştirakı ilə baxılan eyni maddə ilə olan əvvəlki işlər üzrə təcrübə göstərir ki, BDYPİ-nin nümayəndələri qəbul etdikləri elektron qərarlardan verilən şikayətlərə baxılarkən məhkəmə iclaslarında iştirak etmirlər, işin nəticəsi ilə maraqlanmırlar, elektron qərarlar ləğv edilsə belə ondan apellyasiya qaydasında şikayət vermirlər. Bu da BDYPİ-nin çıxardığı elektron qərarların əsassız və qanunsuz olduğunu təsdiq edir. Odur ki,, Baş Dövlət Yol Polis İdarəsi tərəfindın 02 yanvar 2026-cı il tarixli, EQ 33044656 saylı protokol əsasında çıxarılmış 03 yanvar 2026-cı il tarixli elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Belə ki, onun tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta ilə bağlı ona heç bir sübut təqdim edilməmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33044656 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2026cı il tarixli, EQ 33044656 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə saat 15:22-də Bakı şəhəri, Nəsimi rayonu, M.P.Vaqif küçəsində “HYUNDAİ SONATA MİNİK” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaqla İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33044656 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33044656 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən xx.xx.2026cı il tarixli, EQ 33044656 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-421/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-421/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver