Məhkəmə qərarları › İş №3(5-93)-440/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-440/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-440/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti baş inspektoru, polis kapitanı X2 iştirakları ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, “xx.xx.2025-ci il tarixində barəsində AR İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən EQ31213268 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və buna müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, tərəfindən nəqliyyat vasitəsi hərəkət hissəsinin kəsişməsində və kəsişən hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayandırılmışdır. Həmin qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(001)-8017/2025 nömrəli qərarı ilə sözügedən inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Hazırda eyni inzibati işlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 11 dekabr 2025-ci il tarixində eyniməzmunlu inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar hər hansı yeni dəlil və ya sübutla əsaslandırılmamış və qərara eyni fotoşəkillər əlavə olunmuşdur. Belə ki, qərarda qeyd olunmuşdur ki, tərəfimdən Bakı şəhəri, Neftçi Qurban küç, 88 ünvanında "nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və ya durmaya" görə inzibati xəta törədilmişdir. Halbuki, o nəqliyyat vasitəsini hərəkət hissəsinin kəsişməsindən 5 metrdən az yaxınlıqda deyil, yolun daha yuxarı hissəsində saxlamışdır və hərəkət hissəsinin kəsişməsinə ən azı 10 metr məsafə var idi. Protokola əlavə olunmuş fotoşəkillərə də nəzər yetirdikdə görünür ki, avtomobilin dayandığı yerdə hər hansı hərəkət hissəsinin kəsişməsi mövcud deyil. Əgər avtomobil həqiqətən hərəkət hissəsinin kəsişməsinə 5 metrdən az məsafədə dayandırılmışdırsa, hansı səbəbdən YPX əməkdaşı inzibati xətanı sübut etmək üçün çəkdiyi fotoşəkillərdə bunu aydın şəkildə göstərməyib? Deməli həmin yerdə hərəkət hissəsinin kəsişməsi olmadığından, bu cür fotoşəkil çəkmək mümkün olmamışdır. Eyni məsələ ilə əlaqədar yenidən əsassız olaraq və hər hansı yeni sübut əlavə edilmədən inzibati tənbeh vermə haqqında qərarın qəbul olunması Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara qarşı süründürməçilik, məhkəmələrdə iş yükünün lüzumsuz olaraq artırılması və vəzifə səlahiyyətlərinin lazımınca icra olunmamasından başqa anlama gəlmir. BDYPİ-nin vəzifəli şəxslərinin sözügedən hərəkətləri ilə bağlı zəruri araşdırmaların aparılması və qanunauyğun tədbirlərin görülməsi üçün tərəfindən yuxarı instansiyalara da şikayətlər ünvanlanmışdır. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunmuşdur.” xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 izahatında bildirmişdir ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi onun barəsində xx.xx.2025ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Sözügedən qərar Binəqədi Rayon Məhkəməsinin qərarı ilə bir dəfə ləğv olunmuş və yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilmişdir. Səlahiyyətli orqan tərəfindən isə yenidən eyni qərar qəbul edilmişdir. Lakin, yeni qərarda da heç bir yeni əsas və sübut göstərilməmiş, eyni əsaslarla sadəcə olaraq yeni qərar qəbul etmişdilər. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qərara əlavə edilmiş fotoşəkildəki nəqliyyat vasitəsini saxladığı yer Səbail rayonu, Bayıl qəsəbəsidir. Yerli baxış olarsa, nəqliyyat vasitəsini saxladığı yeri dəqiq olaraq göstərə bilməz. Çünki, hadisə 3-4 ay əvvəl olduğundan tam dəqiq ünvanı xatırlaya bilmir. Hesab edir ki, nəqliyyat vasitəsini hərəkət hissəsinin kəsişməsinin kənarından 5 metrdən artıq məsafədə saxlamışdır. Lakin, səlahiyyətli orqan bunun əksi qənaətində olsa da, bununla əlaqədar heç bir sübut təqdim etməmişdir. Məhkəmədən xahişi onun təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və qərarın yenidən araşdırılmaya göndərilmədən icraata xitam verilməsidir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti baş inspektoru, polis kapitanı X4 izahat verərək bildirmişdir ki, 99CT229 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tələblərinin pozulması faktı bilavasitə onun tərəfindən aşkar edilmişdir. İnzibati xəta Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində qeydə alınmış, nəqliyyat vasitəsi yolun hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az məsafədə saxlanılmışdır. Qayda pozuntusu aşkar edildikdən sonra nəqliyyat vasitəsinin şəkilləri planşet vasitəsilə elektron qaydada qeydə alınmış, həmin şəkillər avtomatik olaraq müvafiq informasiya sisteminə ötürülmüş və inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək imzalanmışdır. Şikayətçinin nəqliyyat vasitəsini yolayrıcından 5 metrdən artıq məsafədə saxlaması barədə iddiaları isə həqiqətə uyğun deyildir. Həmin nəqliyyat vasitəsi eyni küçədə və yerdə iki dəfə analoji qayda pozuntusu törətmiş və bu hallar şəxsən onun tərəfindən aşkar edilmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə ** CT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanıldığı yerin videogörüntüsünü çəkmişdir, hazırda həmin görüntüləri məhkəməyə təqdim edir. Ehtiyac olarasa qayda pozuntusu törədilən yeri əyani də göstərə bilər. Həmin videogörüntüdən nəqliyyat vasitəsinin yolun kəsişən hərəkət hissəsinin kənarından təqribən 1–1,5 metr məsafədə saxlanıldığı aydın görünür. Videoda görürünən yer xx.xx.2025-ci il tarixli EQ/31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdə göstərilən həmin yerdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto-şəkillərdə 99CT229 nömrəli nəqliyyat vasitəsinin durmuş vəziyyətdə olması, avtomobilin salonunda heç kimin əyləşmədiyi müəyyən edilir. Məhkəmə tərəfindən inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş şəkil tədqiq edilərək müəyyən edilmişdir ki, “Hyundai Solars minik”, 99CC2289 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ ön təkəri yolun səkisi ilə avtomobil yolunu ayıran bardürün bitdiyi yerdədir. Məhkəməyə təqdim edilmiş video-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin qeydə alındığı yerdə yolun hərəkət hissəsi ilə bardurun bitdiyi yer arasında məsafə 5 metrdən azdır. Məhkəmə proses iştirakçılarının izahatlarını işin faktiki halları ilə müqayisəli şəkildə tədqiq edib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Nəqliyyat vasitəsinin durması dedikdə isə əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin qanunun 52-ci maddəsinin Vİ bəndinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Həmin qanunun 1-ci maddəsinin 7-ci bəndinə əsasən yolun hərəkət hissəsi dedikdə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Məhkəmə iclasında inzibati xəta hadisəsi qeydə alınan zaman çəkilmiş və inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto-şəkillər məhkəməyə təqdim edilmiş hadisə yerinin video-görüntüsü ilə müqayisəli şəkildə tədqiq edərək müəyyən edilmişdir ki, X3 idarə etdiyi “Hyundai Solars minik”, 99CC2289 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsin kəsişməsindən 5 metrdən az məsafədə saxlamışdır. “Hyundai Solars minik”, 99CC2289 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanıldığı yerlə yolun hərəkət hissəsi arasında olan məsafənin 5 metrdən az olması videogörüntüyə vizual baxış zamanı da aydın şəkildə görünür. Belə ki, foto-şəkillər əsasında konkret olaraq təsdiqini tapır ki, X3 nəqliyyat vasitəsini yolun səkisi ilə avtomobil yolunu ayıran bardürün bitdiyi yerdə saxlamışdır. Video-görüntüyə baxış zamanı da həmin bardürün bitdiyi yerlə yolun hərəkət hissəsi arasındakı məsafənin 5 metrdən az olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara və barəsində inzibati icraat aparılan şəxsin izahatına əsasən məhkəmə hesab edir ki, X3 idarə etdiyi “Hyundai Solars minik”, 99CC2289 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissələrinin kəsişməsindən 5 metrdən az yaxınlıqda saxlamış, bununla da İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 Аzərbаycаn Rеspublikаsı İХM-nin 346.4-cü mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 31213268 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar