Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-442/2026 19.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 Novruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 1-ci ərazi X12 İdarəsinin nümayəndələri - inspektorlar X2 və X6, Hüquqi şəxsin direktoru X1 iştirakları ilə, Şəxs, AZ1007, ünvan 1, VÖEN **********, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 1-ci ərazi X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 1-ci ərazi X12 İdarəsinin inspektor X3 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2026-cı il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən Elektrikli nəqliyyat vasitələrinin satışı obyektində Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim olunan KY:252477054 saylı çıxarışa əsasən obyektdə olmağına baxmayaraq planlı YTM keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 1-ci ərazi X12 İdarəsinin nümayəndələri - inspektorlar X2 və X9 inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Əlavə olaraq qeyd etdilər ki, hüquqi şəxsin nümayəndəsinə cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı sənəd təqdim edilməsi bildirilsə də bu tələbə də əməl edilməmişdir. Məhkəmə iclasında hüquqi şəxsin direktoru X4 protokola etiraz edərək bildirdi ki, Şəxs mövsumi fəaliyyət göstərir. Yəni, qış aylarında fəaliyyətlərini dayandırır, digər aylarda isə faəliyyətlərini davam etdirirlər. Fəaliyyətin dayandırılması ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etmişlər. Belə olan halda hüquqi şəxsin fəaliyyəti dayandırılmışdırsa yoxlama üçün hər hansı zərurət də olmamışdır. Fəaliyyət göstərməyən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı hansı tədbir görülə bilər ki? Ona görə də inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 1-ci ərazi X12 İdarəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən təsərrüfat obyektində planlı yoxlamanın aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən təsərrüfat obyektində planlı yoxlamanın aparılması sistemə əlavə edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, X12 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X12 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X12 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.1-ci maddəsinə əsasən yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları vardır: 4-1.1.1. yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq; 4-1.1.2. yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək; 4-1.1.3. yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq; 4-1.1.4. yoxlama obyektinə bilavasitə aid olduğu halda foto, audio və video çəkiliş aparmaq. 4-4.1-ci maddəsinə əsasən yoxlama zamanı sahibkarın vəzifələri aşağıdakılardır: 4-4.1.1. yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu Qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək; 4-4.1.2. iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq; 4-4.1.3. yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək; 4-4.1.4. bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq; 4-4.1.5. kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Hüquqi şəxsin mövqeyi ondan ibarətdir ki, guya fəaliyyətin dayandırılması faktı onu yoxlamaya şərait yaratmaq vəzifəsindən azad edir. Lakin bu mövqe hüquqi baxımdan əsassızdır və aşağıdakı səbəblərə görə qəbul edilə bilməz. Əvvəla, fəaliyyətin müvəqqəti dayandırılması təsərrüfat subyektinin hüquqi mövcudluğunun və dövlət nəzarətinə tabeçilik statusunun aradan qalxması demək deyildir. Hüquqi şəxs dövlət qeydiyyatında qalmaqda davam edir və qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri daşımaqda davam edir. Mövsumi fəaliyyət və ya faktiki fəaliyyətin olmaması yanğın təhlükəsizliyi tələblərinin tətbiq dairəsini istisna etmir. Yanğın təhlükəsizliyi normaları yalnız aktiv satış və ya xidmət prosesi ilə deyil, obyektin mövcudluğu və potensial təhlükə mənbəyi olması ilə bağlıdır. İkincisi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 4-4.1.2 və 4-4.1.4-cü maddələrinə əsasən sahibkar yoxlama zamanı yoxlayıcının obyektə maneəsiz daxil olmasına və yoxlamanın aparılmasına şərait yaratmağa borcludur. Norma fəaliyyətin intensivliyindən və ya mövsümi xarakterindən asılı şərt müəyyən etmir. Bu vəzifə obyektin sahibinə və ya istifadəçisinə birbaşa aid edilir və imperativ xarakter daşıyır. Üçüncüsü, əgər hüquqi şəxsin direktoru faktiki olaraq obyektə gəlmirdisə, bu hal onu qanuni vəzifədən azad etmir. Əksinə, o, yoxlama aparılacağı halda obyektə çıxışın təmin olunması üçün təşkilati tədbirlər görməli idi (məsələn, səlahiyyətli nümayəndə təyin etmək, açarların təqdim olunmasını təmin etmək və s.). Qanun sahibkarın yoxlama zamanı iştirakını və ya nümayəndəsinin iştirakını tələb edir (maddə 4-4.1.3). Beləliklə, fəaliyyətin müvəqqəti dayandırılması inzibati məsuliyyəti istisna edən hal hesab edilə bilməz. Hüquqi şəxs yoxlamaya şərait yaratmamaqla qanunla müəyyən edilmiş vəzifəsini pozmuşdur və bu hərəkətsizlik inzibati xətanın obyektiv tərəfini formalaşdırır. İcraata xitam verilməsi üçün hüquqi əsas mövcud deyildir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 518.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-442/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-442/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver