Məhkəmə qərarları › İş №3(5-93)-446/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-446/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-446/2026 26.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Göygül rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş 26 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə vətəndaş Ş.Əfəndiyenin anasını aldadaraq, 300 manat pulunun almış, həmçinin 1 ədəd Nokia markalı telefonunu oğurlamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə ünvan 2 ünvanında yaşayan X1 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək və 7-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, özünü su idarəsinin işçisi Elçin kimi təqdim edən şəxsin ünvana yaxınlaşıb, anası Raisədən su sayğacının dəyişəcəyi adı ilə 300 manat pul alması və bir ədəd Nokia markalı telefonu oğurlaması barədə məlumat vermişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada icraat açılmışdır. Aparılmış araşdırma nəticəsində əməli törədən şəxsin Şəxs olması müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki. xx.xx.2026-cı il tarixdə saat 16:30 radələrində anası X3 ona zəng edərək bildirmişidir ki, bir nəfər şəxs saat 15:30-da evin qapısını döymüş, anası qapını açmış, qapını döyən şəxs özünü su idarəsinin işçisi kimi təqdim edərək, su sayğacının xarab olmasını, bu səbəbdən artıq pul yazmasını, su sayğacının dəyişdiriləcəyini və onlara 500 manat pul qaytarılacağını demişdir. Həmin şəxs sayğacın dəyişdirilməsi üçün 240 manat pul istəmiş, anası həmin şəxsə inanaraq xırdası olmadığına görə 300 manat pul vermiş, həmin şəxs pulu xırdalamaq adı ilə həyətə düşərək çıxıb getmişdir. Bundan əlavə həmin şəxs gedərkən anasına məxsus Nokia markalı mobil telefonu da özü ilə aparmışdır. O, bu barədə DİN-in 102 xidmətinə və 7-ci Polis Şöbəsinə məlumat vermişdir. Aparılan araşdırmalarla anasını aldadan və telefonu oğurlayan şəxsin Şəxs olması müəyyən edilmişdir. Bu vaxtadək ona dəymiş ziyan ödənilməmişdir. Şəxs şikayətçidir və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiç edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2026-cı il tarixdə ünvan 2 ünvanında yaşayan əvvəllər tanımadığı, sonradan adının X3 olmasını bildiyi yaşlı xanım özünü su idarəsinin əməkdaşı kimi təqdim edərək, su sayğacının xarab olmasını və bu səbəbdən artıq pul yazmasını bildirmiş, su sayğacının dəyişdirilməsi adı ilə həmin xanımı aldadaraq 300 manat pulunu almışdır. Həmçinin, həmin xanım özünə məxsus Nokia modelli telefonla kiməsə zəng etmiş, su sayğacında mövcud olan problemlə bağlı danışması üçün telefonu ona vermişdir. O, pulu aldıqdan sonra həmin mobil telefonla danışmağa başlamışdır. Əslində onun telefonu oğurlamaq niyyəti olmamışdır. O, xanımdan aldığı 300 manat pulu xırdalamaq adı ilə aşağı düşmüş və bu zaman həmin telefon onda qalmışdır. Sonradan o, xanımdan aldığı 300 manat pulu öz ehtiyaclarına xərcləmiş, mobil telefonu isə zibil qutularının birinə atmışdır. Əməlindən peşmandır, barəsinə yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2026-cə il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, araşdırma zamanı vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsinin tərkib əlamətləri yarandığından qəbul edilmiş qərarın surəti aidiyyəti polis şöbəsinə göndərilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs həmin inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xəta hadisəsi məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal - inzibati xətaya görə inzibati tənbeh almış şəxin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir (İXM 33.1.2). Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-3324/2025 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-2957/2025 nömrəli qərarları ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edildiyi müəyyən olunur. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, Şəxs barəsində İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 03 (üç) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2026-cı il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar