Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-48/2026 07.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qəbələ rayonu, Soltannuxa Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X7 bildirmişdir ki, Binəqədi rayon Polis İdarəsinin DYPŞ əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə qayda pozuntusu səbəbi ilə KİA markalı avtomobilin sürücüsü Şəxs saxlanılmış və avtomobilə keçirilmiş baxışdan sonra qayda pozuntusu olmaması səbəbi ilə şəxsə hərəkətini davam etdirə biləcəyi bildirilmişdir. Şəxs isə polis əməkdaşına onu səbəbsiz saxlaması əsası ilə iradını kobud şəkildə bildirməklə, yol polisi əməkdaşını təhqir etmiş və polisin iş rejimini pozmuşdur. Polis əməkdaşı həmin şəxsi sakitliyə dəvət etsə də, Şəxs ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra Şəxs polis şöbəsinə gətirilmiş və onun izahatı alındıqdan sonra barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında polis əməkdaşları tərəfindən haqsız yerə saxlanıldığı üçün polisə öz iradını bildirdiyini, lakin polisin onu təhqir etdiyini, heç bir inzibati xəta törətmədiyini qeyd edib, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğunu, şəxsin polis əməkdaşları tərəfindən təhqirə məruz qalmasını, bu səbəbdən polislərə qarşı haqlı irad bildirdiyini qeyd edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X6 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə binəqədi rayonu ərazisində xidmətdə olarkən KİA markalı avtomobildə konstruksiya dəyişikliyinin olması güman edildiyindən tərəfindən saxla işarəsi verilmişdir. Avtomobilə baxış keçirildikdən sonra heç bir qayda pozuntusu aşkar edilmədiyindən sürücüyə hərəkətinə davam edə biləcəyini bildirmişdir. Lakin sonradan adı məlum olan sürücü Şəxs kobud şəkildə avtomobili nə üçün əsassız saxladıqlarını bildirmişdir. Sürücüyə avtomobildə heç bir qayda pozuntusu olmadığı və hərəkətinə davam edə biləcəyi yenidən bildirildikdə ucadan nalayiq ifadələrlə onları təhqir edərək ətrafdakı şəxslərin diqqətini cəlb etmişdir. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, şəxs sakitləşməmiş və polisin ünvanına nalayiq ifadələr işlətməklə səs-küy salmağa davam etmişdir. Bundan sonra, dəstək üçün patrul xidməti dəvət edilmiş və daha sonra Ağasəfli X5 rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinə dəvət edilmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X1 məhkəmə iclaında izahat vermiş digər şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin baş inspektoru, polis baş leytenantı X3 izahatı ilə oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş
7. xx.xx.2026-cı il tarixli, AZA 022415 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2026-cı il tarixdə saat 11:52-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
8. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2026-cı il tarixdə saat 11 radələrində Binəqədi rayonu, Binəqədi şossesi ərazisində YPX əməkdaşlarının qanuni tələbini tabe olmayaraq mübahisə yaradaraq uca səslə polis əməkdaşların təhqir etmiməklə ictimai qaydanı pozaraq İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir.
9. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
10. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, protokol əsaslı olduğundan təmin edilməlidir.
11. Belə ki, barəsində protokol tərtib edilmiş şəxs nalayiq ifadə işlətdiyini, o cümlədən polisə irad bildirməsini etiraf etmiş, onun ifadəsi şahid ifadəsi ilə hadisənin baş vermə səbəbi baxımından eyniyyət təşkil etmişdir. Bundan başqa protokol tərtib etmiş səlahiyyətli nümayəndə məhkəməyə hadisənin görüntülərini təqdim etmiş audio-video yazı ilə də qeyd edilən hal bir daha öz təsdiqini tapmışdır.
12. Məhkəmə bildirir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur.
13. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs əməlinə baxdıqda da onun ictimai yerdə, gediş-gəlişli yolun kənarında ucadan nalayiq ifadələr səsləndirdiyini bununla da özünün cəmiyyətə münasibətdə üstünlüyünü sərgilədiyini görmək olur.
14. Bundan başqa məhkəmə Şəxs polisin müvafiq yoxlama keçirildikdən sonra yolda tıxac yaratmaması və çıxıb getməsi ilə bağlı göstərişini yerinə yetirməməsinə münasibətdə isə bildirir ki, o qeyd edilən hərəkəti ilə İXM-in 535-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
15. Beləliklə məhkəmə, həm proses iştirakçılarını dinləyib, həm də inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, eləcə də işdə olan sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
16. Məhkəmədə, Şəxs törətdiyi əməlindən peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə, bundan başqa onun himayəsində iki azyaşlı uşağının olmasını İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir.
17. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Məhkəmə, Şəxs onun törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.
19. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
20. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
21. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
22. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
23. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
24. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
25. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
26. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, Şəxs barəsində bugünədək hər hansı bir məsuliyyət tədbirləri görülməmişdir. Qeyd edilən hal məhkəmə tərəfindən Şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınır.
27. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.
28. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
29. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, İXM-in 34.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 535.1-ci maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 05 yanvar 2026-cı il tarixdə saat 11:52-dən hesablanmalıdır.
30. Qeyd olunanları nəzərə alaraq və İXM-in 34, 40, 43, 48-50, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 yanvar 2026-cı il tarixdə saat 11:52-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova