Məhkəmə qərarları › İş №3(5-93)-49/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-49/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-49/2026 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində, doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 1/2, mənzil 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra sənədinə əsasən Şəxs 32.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 186 manat dövlət rüsumu Zərərçəkmiş şəxs ödənilməli olduğu halda, borclu icra sənədini tam icra etməmiş, nəticədə 29.186 manat ödənilməmiş borcu qalmışdır. Binəqədi rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3341/2025 saylı icra sənədinə əsasən Şəxs 1000 manat inzibati tənbeh tətbiq edildiyi halda, borclu icra sənədini icra etməmiş, İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-93)-56/2026 saylı qərardaddan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla bir icraatda birləşdiyindən 3(5- 93)-50/2026 saylı inzibati xəta haqqında işin baxılmasına xitam verilmişdir. Məhkəmədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs borclunun qəsdən icra sənədini icra etmədiyini bildirərək, onun barəsində ciddi təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, onun icra sənədləri üzrə borcunu ödəməməsinə səbəb maddi imkanının olmamasıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra sənədi üzrə 3.000 manat ödəniş etmişdir. Göründüyü kimi, borcundan boyun qaçırmaq fikri yoxdur, hissə-hissə olsa da ödəyəcəkdir. Hazırda heç bir yerdə işləmədiyindən o, maddi çətinlik içindədir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibləri olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3249/2024 saylı icra sənədinə əsasən Şəxs 32.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 186 manat dövlət rüsumu Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Binqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Rəhimov X2 rayon icra şöbəsində verdiyi xx.xx.2026-cı il tarixli izahatında borcunun maddi imkanı olmadığından tam ödəyə bilmədiyini bildirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 3341/2025 saylı icra sənədinə əsasən Şəxs 1000 manat inzibati tənbeh tətbiq edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3341/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3341/2025 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Rəhimov X2 rayon icra şöbəsində verdiyi xx.xx.2026-cı il tarixli izahatında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3341/2025 saylı icra sənədi üzrə borcunun maddi imkanı olmadığından tam ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şəxs barəsində icraatda olan iki ayrı icra sənədi üzrə öhdəliklər mövcuddur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra sənədi üzrə 29.186 manat, digər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-3341/2025 icra sənədi üzrə isə 1000 manat məbləğində borc qalmaqdadır. İcra məmuru tərəfindən borcların icrası üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər verilsə də, həmin müddətlər ərzində heç bir ödəniş aparılmamış, icra sənədlərinin tələbləri üzrsüz səbəbdən icra edilməmişdir. Şəxs icranın mümkün olmamasını maddi imkanının zəif olması ilə əsaslandırsa da, bu hal icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb hesab edilmir. İcra sənədləri icrası məcburi olan aktlar olub, onların icra edilməməsi dövlət hakimiyyətinin nüfuzuna və hüquq qaydasına xələl gətirir. Belə olan halda borclu Şəxs 29.186 manat borc üzrə icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra sənədini icra etməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Həmçinin, digər icra sənədi üzrə 1000 manat məbləğində inzibati cərimənin məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində icra edilməməsi isə İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadır. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin, qeyd olunan Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Nəticə olaraq, Şəxs tərəfindən törədilmiş inzibati xətalar müxtəlif vaxtlarda baş vermiş, lakin hər iki inzibati xəta üzrə işlərə baxılması eyni məhkəmənin səlahiyyətinə aid olmuşdur. Bu baxımdan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinin tələblərinə uyğun olaraq, şəxs barəsində tətbiq edilən inzibati tənbeh hər bir inzibati xəta üzrə müvafiq maddələrdə nəzərdə tutulmuş sanksiyaların yuxarı hədlərini aşmamaq şərti ilə müəyyən edilməlidir. Şəxsin icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi, icra prosesindən davamlı şəkildə yayınması və əvvəlki davranışları nəzərə alınaraq, daha yüngül tənbeh növlərinin tərbiyəvi və çəkindirici təsir göstərmədiyi qənaətinə gəlinmiş, bu səbəbdən 528.1 və 529.2-ci maddələrin sanksiyaları çərçivəsində inzibati həbs növündə inzibati tənbehin tətbiqi qanuni və əsaslı hesab edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar