Məhkəmə qərarları › İş №3(5-93)-502/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-502/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-502/2026 09.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, “X4” MMC-də sosial işçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33191516 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33191516 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti onunla əsaslandırmışdır ki, 09 yanvar 2026-cı il tarixdə sərnişini düşürmək üçün yolun sol hissəsində avtomobili saxlamış, təxminən 2 saniyə ərzində sərnişin düşmüş və bu müddət ərzində cərimələnmişdir. Sərnişini düşürmək üçün ətraf ərazidə başqa yer tapmadığından avtomobili ikinci cərgədə saxlamlı olmuşdur. Sərnişini düşürmək üçün 2 dəfə həmin ərazidə firlanmasına baxmayaraq avtomobili saxlaması üçün yer olmamış, o da məcbur qalıb orada dayanmışdır. Həmin zaman da heç kəsə maneə yaratmamışdır. Məhkəmədən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin qərar və hadisənin görüntülərini məhkəməyə təqdim etmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33191516 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə S.Rüstəmov küçəsində “Changan Qiuyan A05” markalı ** YD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

5. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

6. Belə ki, iş materialları şikayət vermiş şəxsin inzibati xəta ilə bağlı ifadəsi ilə birgə nəzərdən keçirilərək müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X1 inzibati xəta törətməməsi kimi şikayətində göstərdiyi fikirlər toplanmış sübutlarla təkzib edilir. X2 məhkəmə iclasında verdiyi izahatında da idarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxladığını, kənarda saxlamağa yer olmadığından ikinci cərgədə saxlamağa məcbur olduğunu, nəqliyyat vasitəsini saxladığı yerin heç kəsə maneə olmadığını, iki saniyə ərzində sərnişinin düşməsi üçün saxladığını bildirmişdir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə sübut növü qismində göndərilən fotoşəkildə də X1 idarə etdiyi avtomobili yolun hərəkət hissəsində ikinci cərgədə saxlaması və bunun digər sürücülərə maneəçilik yaratması müşahidə edilmişdir. Bununla da, X2 tərəfindən şikayətində göstərdiyi fikirlər öz təsdiqini tapmamış, qeyd edilən halların tam əksinə əldə edilən sübutlar,özünün etirafedici ifadələri ilə birgə onun inzibati xəta törətdiyini sübuta yetirmişdir.

7. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər.

8. İXM-in 346.4-cü maddəsinə görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir.

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.

10. Göründüyü kimi, X2 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2026-cı il tarixli, EQ 33191516 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33191516 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33191516 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar