Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-506/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ/31614118 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ/ 31614118 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində barəsində AR İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən EQ31614118 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və buna müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, tərəfindən nəqliyyat vasitəsi hərəkət hissəsinin kəsişməsində və kəsişən hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayandırılmışdır. Həmin qərardan tərəfindən Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-8282/2025 nömrəli qərarı ilə sözügedən inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Hazırda eyni inzibati işlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixində eyniməzmunlu inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar hər hansı yeni dəlil və ya sübutla əsaslandırılmamış və qərara eyni fotoşəkillər əlavə olunmuşdur. Belə ki, qərarda qeyd olunmuşdur ki, tərəfindən ünvan 1 ünvanında "nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və ya durmaya" görə inzibati xəta törədilmişdir. Halbuki, o, nəqliyyat vasitəsini hərəkət hissəsinin kəsişməsindən xeyli aralı məsafədə adi yolun kənarında saxlamışdı. Protokola əlavə olunmuş fotoşəkillərə də nəzər yetirdikdə görünür ki, avtomobilin dayandığı yerdə hər hansı hərəkət hissəsinin kəsişməsi mövcud deyil. Əgər avtomobil həqiqətən hərəkət hissəsinin kəsişməsinə 5 metrdən az məsafədə dayandırılmışdırsa, hansı səbəbdən YPX əməkdaşı inzibati xətanı sübut etmək üçün çəkdiyi fotoşəkillərdə avtomobilin dayandığı yerdə yolun hərəkət hissəsinin kəsişməsini əks etdirməyib? Deməli həmin yerdə hərəkət hissəsinin kəsişməsi olmadığından, bu cür fotoşəkil çəkmək mümkün olmamışdır. Eyni məsələ ilə əlaqədar yenidən əsassız olaraq və hər hansı yeni sübut əlavə edilmədən inzibati tənbeh vermə haqqında qərarın qəbul olunması Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vəzifə səlahiyyətlərinin lazımınca icra olunmamasından irəli gələn və ya qərəzli olaraq vətəndaşlara qarşı süründürməçilik, hüquqlarının əsassız olaraq pozulması, eyni zamanda məhkəmələrdə iş yükünün lüzumsuz olaraq artırılmasından başqa anlama gəlmir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 31614118 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il arixli, 3(001)-8282/2025 nömrəli qərarından görünür ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31614118 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Sözügedən Qərarda qeyd olunmuşdur ki, səlahiyyətli orqandan tərəfindən X1 İXMnin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X1 İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. E-Polis tətbiqindən olan çıxarışdan görünür ki, xx.xx.2026-cı il tarixli, EQ/31614118 nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli qərarla X2 “nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə” AR İXM-in 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən inzibati məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az məsafədə dayandırılması faktı konkret və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Bu isə inzibati icraat aparan orqanın birbaşa vəzifəsidir. Məhkəmə müəyyən edir ki, şikayətçinin barəsində əvvəl qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar artıq bir dəfə məhkəmə tərəfindən ləğv edilmiş və iş əlavə araşdırma aparılması üçün inzibati orqana qaytarılmışdır. Bu hal inzibati orqan qarşısında yeni və əlavə sübutların toplanması, əvvəlki çatışmazlıqların aradan qaldırılması öhdəliyi yaratmışdır. Lakin iş materiallarından görünür ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixdə qəbul edilmiş yeni qərar əvvəlki qərarla eyniməzmunludur, hər hansı yeni sübutla əsaslandırılmamış, qərara yenə də eyni fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərdə nəqliyyat vasitəsinin dayandığı yerdə hərəkət hissələrinin kəsişməsinin mövcudluğu, eləcə də 5 metrlik məsafənin pozulması faktı əks olunmur. Məhkəmə xüsusi olaraq qeyd edir ki, əgər nəqliyyat vasitəsi doğrudan da hərəkət hissəsinin kəsişməsindən 5 metrdən az məsafədə saxlanılmış olsaydı, bu halı sübut edən fotoşəkillərdə kəsişmə nöqtəsi, yol nişanlanması və məsafəni müəyyən etməyə imkan verən obyektiv elementlər əks etdirilməli idi. Belə sübutların təqdim edilməməsi onu göstərir ki, inzibati xəta hadisəsi faktiki olaraq mövcud olmamışdır. Göründüyü kimi, inzibati orqan məhkəmənin əvvəlki qərarını formal şəkildə icra etməklə kifayətlənmiş, eyni nəticəyə gəldiyi halda həmin nəticəni əsaslandırmaq üçün heç bir yeni sübut təqdim etməmişdir. Bu isə inzibati icraatın məqsədlərinə, habelə vətəndaşların hüquqlarının səmərəli müdafiəsi prinsipinə ziddir. Belə olan halda, iş üzrə mövcud olan bütün şübhələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində təsbit olunmuş “şübhələr inzibati məsuliyyətə cəlb olunan xeyrinə həll olunur” prinsipi əsasında şikayətçinin xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ/31614118 nömrəli inzibati tənbeh vermə haqqında ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-506/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-506/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver