Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-52/2026 30.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Şikayət vermiş şəxs – X1 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 09 avqust 2025-ci il tarixli, EPQ ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 09 avqust 2025-ci il tarixli, EPQ ******* nömrəli qərara əsasən, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. İXM-nin həmin maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. V.M.Quliyev həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini, həmin qərarla təyin olunmuş cərimə ödənildiyindən, ödənilmiş məbləğin ona geri qaytarılmasını, qərarı tərtib etmiş şəxsin və bu işlə əlaqəsi olan polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında V.M.Quliyev şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, "xxxx" MMC-nin rəhbəridir. MMC-yə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli 37A ünvanında yerləşən qeyri-yaşayış sahəsi rəsmi olaraq X5 icarəyə verilmişdir. Həmin ünvanda "xxxx" MMC tərəfindən hər hansı obyekt işlədilmir. Bu isə o deməkdir ki, sözügedən inzibati xəta hadisəsi törədilmiş olsa belə, inzibati xəta haqqında protokol nə onun, nə də "xxxx" MMC-nin barəsinə tərtib edilməli deyil. Digər tərəfdən, inzibati xəta haqqında protokol tərtib edilən 09 avqust 2025-ci il tarixdə o, Polis İdarəsinin X6muş, oradan Binəqədi Rayon Məhkəməsinə gətirilmiş, məhkəmənin qərarı ilə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Yəni, onun sözügedən inzibati xətanı törətməsi fiziki olaraq mümkün deyildir. 5-ci PB-nin rəisi və əməkdaşlarının qeyri-qanuni hərəkətlərinin davamı olaraq, tətbiq edilmiş cəriməni X3 yaxını kimi tanıdığı Fərid adlı şəxsə məcburi şəkildə ödətdirmişlər. Buna görə də o, hazırda həm barəsində əsassız olaraq qəbul edilmiş qərardan və polisin hərəkətlərindən şikayətlə məhkəməyə müraciət etmişdir. Sonda V.M.Quliyev məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, iş materiallarında olan EXP ******* nömrəli “inzibati xəta haqqında” protokolda göstərilmişdir ki, X4 tərəfindən İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi 09 avqust 2025-ci il tarixdə S.Bəhlulzadə küçəsində törədilmiş, protokol həmin tarixdə, saat 12:52-də tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş 09 avqust 2025-ci il tarixli qərar əsasən, X4 təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. Buradan belə məlum olur ki, inzibati xəta haqqında protokol fiziki şəxs olaraq X4 barəsində tərtib edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2025-ci il tarixli, 3(001)-5630/2025 saylı qərarından görünür ki, X4 barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati icraatla əlaqədar 08 avqust 2025-ci il tarixdə, saat 19:05-də inzibati qaydada tutulmuş, məhkəmənin həmin qərarına əsasən, İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, əvvəli 08 avqust 2025ci il tarixdən, saat 19:05-dən hesablanmaqla, 08 gün müddətə inzibati həbs edilmişdir. Belə olan halda 09 avqust 2025-ci il tarixdə S.Bəhlulzadə küçəsində İXM-nin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın, yəni məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasının məhz X4 tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələr mövcuddur. İXM-nin: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 09 avqust 2025-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilməli, subyektin dəqiqləşdirilməsi ilə bağlı inzibati xəta hadisəsi 5-ci PŞ tərəfindən yenidən araşdırılmalıdır. Bu qərarla inzibati xəta hadisəsi üzrə inzibati orqan tərəfindən yenidən araşdırma aparılması qərara alındığından, hazırki mərhələdə V.Quliyevin şikayəti qalan hissələrdə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, habelə İXM-in 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X2 tərəfindən qəbul edilmiş 09 avqust 2025-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv olunsun və iş yenidən baxılmaq üçün həmin polis şöbəsinə göndərilsin. İşə yenidən baxılması zamanı X1 şikayətində və bu qərarında göstərilən xüsusatlar üzrə ətraflı araşdırma aparılsın. Şikayət qalan hissələrdə təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-52/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-52/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver