Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-584/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “o, DİN-nin BDYP-nin X2 xx.xx.2025-ci il tarixli, EQ32427512 saylı inzibati xəta haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddəsinə əsasən 400 manat miqdarında cərimə edilmişdir. Sözügedən qərardan narazıdır. Belə ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-9113/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarını v’ icra məktubunu Sabuçu rayon BDYPŞ-nin polis mayoru X4 təqdim etsə də, sonuncu buna əhəmiyyət belə verməmiş, sənədləri qəbul etməkdən imtina etmişdir. Buna görə də, hesab edir ki, DİN-nin BDYP-nin X2 xx.xx.2025-ci il tarixli, EQ32427512 saylı inzibati xəta haqqında qərarı ləğv olunmalıdır.” Məhkəmə iclasında X6 bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.1-1-ci maddəsinə təqsirli bilinmiş, həmin xətaya görə 100 manat cərimə və 2 bal nəzərdə tutulduğundan onun topladığı balların cəminin 21-ə çatmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay məhdudlaşdırılmışdır. Lakin səlahiyyətli orqan tərəfindən bir məsələ nəzərə alınmamışdır. Belə ki, onun İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilindiyi və 80 manat, 2 bal cərimə edildiyi xx.xx.2025-ci il tarixli, EQ 32245334 nömrəli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 9113/2025 saylı qərarı ilə ləğv edilərək icraata xitam verilmişdir. Yəni həmin qərar nəzərə alındığı halda qərarda qeyd olunanın əksinə 21 deyil, 19 balı movcud olur. Ona görə də, hesab edir ki, onun nəqliyyat vasitəsinin 6 ay məhdudlaşdırılması barədə qərar hazırda qanuni deyil və ləğv edilməlidir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim etdiyi ərizədə xx.xx.2025-ci il tarixli EQ ******* saylı qərarla 400 manat məbləğində inzibati cərimə edilməsinin göstəilməsi texniki yanlışlıq olmuşdur. Qeyd edilən ərizənin yazılmasına ona köməklik göstərilmiş, həmin qərarla 400 manat məbləğində cərimə tətbiq edilməmiş, 6 ay müddətinə sürücülük hüququ məhdulaşdırılmışdır. Odur ki, göstərilənlərin nəzərə alınaraq şikayətinin təmin edilməsini, onun sürücülük huüququnun məhdulaşdırılması barədə xx.xx.2025-ci il tarixli EQ 32427512 saylı qərarın ləğv edilərək inzibati icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinimiş, ona 100 manat cərimə və 2 bal təyin edilməsi qənaətinə gəlinmiş və onun tərəfindən toplanılmış bal bir il ərzində 21 olduğundan İXM-nin 27.4-cü maddəsinin tələblərinə əsasən cərimə tətbiq edilmədən İXM-nin 327.7-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli, EQ 32245334 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-9113/2025 saylı qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 32245334 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X6 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İş materiallarından müəyyən edilir ki, şikayətçinin barəsində xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş hesab edilmiş, bu xətaya görə ona 2 bal tətbiq olunmuş və əvvəlki inzibati xətalar üzrə topladığı balların cəminin 21-ə çatması əsas götürülərək İXM-nin 327.7-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli hüquqi vəziyyətin düzgün həlli üçün ilkin olaraq İXM-nin 327.7-ci maddəsinin hüquqi mahiyyəti və tətbiq şərtləri aydınlaşdırılmalıdır. Qeyd edilən norma sürücülər üçün balla qiymətləndirilən inzibati xətalara görə və yalnız obyektiv olaraq sübut edilmiş, dəqiq hesablanmış və hüquqi qüvvəyə malik qərarlara əsaslanan 20 və daha artıq balın bir il ərzində toplanması halında tətbiq edilə bilər. Bu maddənin tətbiqi mexaniki xarakter daşımır və yalnız formal bal cəminə istinad etməklə deyil, həmin balların hüquqi qüvvəsinin mövcudluğunun yoxlanılması ilə mümkündür. İş üzrə əsas hüquqi mübahisə şikayətçinin bir il ərzində həqiqətən 20 və ya daha artıq bal toplayıb-toplamaması məsələsi ilə bağlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayətçinin ballarının hesablanmasında əsas götürülmüş inzibati tənbeh vermə haqqında qərarlardan biri– xx.xx.2025-ci il tarixli, EQ 32245334 nömrəli inzibati tənbeh vermə haqqında qərar sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-9113/2025 saylı qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəyə minmişdir və bu fakt məhkəmə üçün preyudisiyal əhəmiyyət daşıyır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi yalnız cərimənin və ya digər tənbeh tədbirinin aradan qalxması ilə məhdudlaşmır, eyni zamanda həmin qərara əsasən tətbiq edilmiş bütün əlavə hüquqi nəticələrin, o cümlədən bal tətbiqinin də hüquqi qüvvəsini itirməsi ilə nəticələnir. Əks yanaşma inzibati məsuliyyətin hüquqi təbiətinə, həmçinin hüquqi müəyyənlik və ədalətlilik prinsiplərinə zidd olardı. İXM-nin 327-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta 2 balla qiymətləndirilir. Lakin bu qiymətləndirmə yalnız müvafiq qərarın hüquqi qüvvədə olduğu müddət ərzində keçərlidir. Qərar ləğv edildikdə isə həmin ballar avtomatik olaraq sürücünün bal hesabından çıxılmalıdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi nəticəsində şikayətçinin bir il ərzində topladığı balların cəmi 21 deyil, 19 təşkil edir. Bu hal İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin tətbiqi üçün tələb olunan minimal həddin mövcud olmadığını göstərir. Qanunverici tərəfindən “20 və daha artıq bal” ifadəsinin seçilməsi təsadüfi deyil və bu hədd inzibati məsuliyyətin sərtləşdirilməsi üçün dəqiq müəyyən edilmiş hüquqi meyardır. Həmin meyarın mövcud olmadığı şəraitdə sürücülük hüququnun məhdudlaşdırılması qanuni əsasdan məhrum olur. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, 8.3-cü maddəsinə görə isə şəxsin təqsirli olması barədə aradan qaldırılmayan bütün şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı iş üzrə şikayətçinin 20 və daha artıq bal toplaması faktı tam və təkzibedilməz sübutlarla təsdiq edilmədiyindən, mövcud şübhələr onun xeyrinə qiymətləndirilməlidir. Bununla yanaşı, İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını və şəxsin təqsirini təsdiq edən sübutların təqdim edilməsi inzibati icraat aparan orqanın vəzifəsidir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsinin iştirak etməməsi və inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməməsi, qəbul edilmiş qərarın əsaslılığının yoxlanılmasını mümkünsüz etmişdir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, səlahiyyətli orqan tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamış, balların hesablanmasında ləğv edilmiş inzibati tənbeh vermə haqqında qərar da nəzərə alınmış və bununla da İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, inzibati iş üzrə qanunauyğun və əsaslandırılmış qərarın qəbul edilməsi üçün həmin qərar ləğv edilməli, iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməli, bu zaman şikayətçinin iştirakı təmin edilməli, ləğv edilmiş inzibati tənbeh vermə haqqında qərarların hüquqi nəticələri nəzərə alınmalı, balların hesablanması dəqiq aparılmalı və yalnız bundan sonra iş üzrə yekun hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının araşdırılması nəticəsində şikayətçinin bir il ərzində topladığı balların sayının 20-dən aşağı düşməsi, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş xüsusi inzibati tənbeh tədbirinə – nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına məruz qalması üçün qanuni əsasların mövcud olmadığını göstərir. Bununla belə, həmin hal şikayətçinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilən və İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktının hüquqi qiymətləndirilməsini avtomatik olaraq istisna etmir. Məhkəmə hesab edir ki, şikayətçinin ballarının 20-dən aşağı düşməsi yalnız İXMnin 327.7-ci maddəsinin tətbiqini istisna edir, lakin balla qiymətləndirilən inzibati xəta faktı müəyyən edildiyi halda, qanunvericilikdə həmin xəta üçün nəzərdə tutulmuş inzibati cərimənin tətbiqi imkanını aradan qaldırmır. Belə bir vəziyyətdə inzibati məsuliyyətin növü və həcmi yenidən müəyyən edilməli, lakin bu müəyyənetmə inzibati orqanın səlahiyyətinə aid olan hüquqi qiymətləndirmədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məhkəmə inzibati orqanın yerinə keçərək inzibati orqanın baxmalı olduğu və onun səalhiyyətinə aid inzibati xətalara dair işlər üzrə birbaşa inzibati cərimə tətbiq etmək səlahiyyətinə malik deyildir. Məhkəmənin funksiyası qəbul edilmiş qərarın qanuniliyinə nəzarət etməkdən, yol verilmiş maddi və prosessual pozuntularını aradan qaldırmaqdan və işin yenidən baxılması üçün hüquqi çərçivəni müəyyən etməkdən ibarətdir. İnzibati xətaya görə konkret inzibati tənbeh tədbirinin – o cümlədən cərimənin tətbiqi isə yalnız müvafiq səlahiyyətli inzibati orqan tərəfindən, İXM ilə müəyyən edilmiş proseduralara riayət olunmaqla həyata keçirilə bilər. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, şikayətçinin barəsində xx.xx.2025-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh tədbirinin tətbiqi üçün əsas götürülmüş balların hazırda ləğv edilmiş və hüquqi qüvvəsi olmayan qərara əsasən hesablanması səbəbindən qanuni hesab edilə bilməz və ləğv edilməlidir. Bununla yanaşı, həmin qərarın ləğv edilməsi inzibati xətanın özünün mövcudluğu məsələsinin istisna edilməsi kimi qiymətləndirilə bilməz və yalnız tətbiq edilmiş inzibati tənbeh tədbirinin hüquqi əsasdan məhrum olduğunu göstərir. Məhkəmə hesab edir ki, şikayətçinin bir il ərzində topladığı balların 20-dən aşağı olması, İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş xüsusi inzibati tənbeh tədbirinin tətbiqini istisna etsə də, bu hal İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətin hüquqi qiymətləndirilməsini aradan qaldırmır. Belə bir hüquqi vəziyyətdə inzibati məsuliyyətin növünün və həcminin müəyyən edilməsi, o cümlədən qanunvericilikdə həmin xəta üçün nəzərdə tutulmuş inzibati cərimənin tətbiq olunubolunmaması məsələsi inzibati icraatın predmeti olaraq qalır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki şikayət üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, xx.xx.2025-ci il tarixli, EQ 32245334 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi nəzərə alınmaqla şikayətçinin bir il ərzində topladığı bal dəqiq hesablanmalı və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32427512 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-584/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-584/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver