Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-592/2026 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qəbələ rayonu, Tüntül kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-cı maddəsi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə ünvan 2 ünvanında yerləşən şəxsi evdə dini yığıncaqlar və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edildiyi qaydaları pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2026-cı ildə ünvan 2 ünvanda yerləşən şəxsi evdə dini yığıncaq qanunla müəyyən edilmiş qaydada keçirilməmişdir. Belə ki, evə baxış zamanı yaşayış yerində 215 ədəd dini ədəbiyyat aşkar edilmişdir. Çəkilmiş foto-şəkillərdən görünür ki, evdə partalar mövcuddur, yəni dərs keçmək üçün hər bir şərait yaradılmışdır. Beləliklə, dini ədəbiyyatın məzmunu və yaradılmış şərait sübut edir ki, şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalara əməl edilmədən dini tədris fəaliyyəti həyata keçirilmişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan tərkib əlamətlərinə uyğun gəlir. Bu səbəbdən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində ciddi təsir tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən şəxsi evdə dini yığıncaqlar təşkil etmiş, tələbələrə Qurani-Kərimdən dərslər tədris etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş görüntülərdən dini ədəbiyyatın toplu halda saxlanılması, kitabların bir məkanda sistemli şəkildə yığılması, dərs keçmək üçün sinif otaqlarının yaradılması əks olunmuşdur. Azərvaycan Respublikasının Konstitutsiyasının 48-ci maddəsinin İİ və İİİ hissələrində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. İnsan Hüquqlarının və X3 X1 9-cu maddəsinə əsasən fikir, vicdan və din azadlığı hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin İ və İİ abzaslarında göstərilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. 6.2-ci maddəsinə əsasən vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. 6.3-cü maddəsinə əsasən dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. 6.4-cü maddəsinə əsasən dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. 21-ci maddəsinin İ və İİ abzaslarında göstərilir ki, dini qurumların dini ibadət yerlərinə və ziyarətgahlara himayədarlıq etmək, onları saxlamaq və onlardan istifadə etmək hüququ vardır. Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla və 6-1-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, dini ibadətlər, ayinlər və mərasimlər ziyarətgahlarda, dini ibadət və dəfn yerlərində, dini qurumların idarələrində, vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, dini etiqad azadlığı Azərbaycan Respublikasında konstitusion təminata malik fundamental hüquq olmaqla yanaşı, hüquqi dövlət prinsiplərinə uyğun olaraq müəyyən edilmiş normativ mexanizm çərçivəsində həyata keçirilir. Bu mexanizm bir tərəfdən fərdin vicdan və din azadlığını təmin edir, digər tərəfdən isə dünyəvi dövlət quruluşunun, ictimai asayişin və hüquqi nizamın qorunmasına xidmət edir. Dövlət dini inancın məzmununa müdaxilə etmir, lakin dini fəaliyyət ictimai və təşkilati xarakter aldıqda onun qanunla müəyyən edilmiş prosedur qaydalara uyğun həyata keçirilməsini tələb edir. Bu baxımdan dini sahədə hüquqi tənzimləmə modeli icazəverici deyil, normativ-tənzimləyici xarakter daşıyır: fərdin daxili inancı əvvəlcədən icazəyə bağlı deyildir, lakin kollektiv və strukturlaşmış dini fəaliyyət hüquqi rejimə tabedir. Qanunvericilikdə fərdi dini ibadət və şəxsi mütaliə ilə ictimai xarakter daşıyan dini tədbir və tədris fəaliyyəti arasında hüquqi fərq qoyulmuşdur. Fərdi vicdan azadlığı birbaşa qorunan sahədir. Lakin fəaliyyət sistemli, davamlı və təşkilati forma aldıqda artıq ictimai münasibət yaradır və qanunla müəyyən edilmiş qaydalara riayət olunmasını zəruri edir. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta formal tərkiblidir. Bu o deməkdir ki, məsuliyyətin yaranması üçün hər hansı real zərərin baş verməsi tələb olunmur, dini yığıncaqların və mərasimlərin keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydasının pozulması faktının özü kifayətdir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati icraat aparılan şəxs ünvan 2 ünvanında dini dərslər keçmişdir. Yerində baxış aparılmış və faktiki vəziyyət fotoşəkillərlə sənədləşdirilmişdir. Baxış zamanı həmin məkanda 215 ədəd dini ədəbiyyat aşkar olunmuş və onların ümumi görünüşü, sayı və xarakteri vizual qaydada təsbit edilmişdir. Məhkəmə hesab edir ki, dini fəaliyyətin hüquqi qiymətləndirilməsində onun formal adlandırılması deyil, faktiki mahiyyəti və xarakteri həlledici əhəmiyyət daşıyır. Fəaliyyətin ictimai xarakter alıb-almaması bir sıra obyektiv meyarların məcmusu əsasında müəyyən edilir. Belə ki, fəaliyyətin müəyyən müddət ərzində müntəzəm keçirilməsi onun sistemli xarakter daşıdığını göstərir. Şəxsin öz izahatında dərsləri müntəzəm şəkildə təşkil edildiyini bildirməsi həmin prosesin epizodik deyil, planlı və davamlı olduğunu təsdiq edir ki, bu hal da təsadüfi dini söhbət və ya fərdi mütaliə çərçivəsindən kənara çıxan fəaliyyətə dəlalət edir. Eyni zamanda, müəllim–dinləyici münasibətinin formalaşması, konkret dini mətnin, yəni “Qurani-Kərim”in tədris və izah edilməsi tədris predmetinin mövcudluğunu göstərir. Strukturlaşmış münasibət və müəyyən edilmiş tədris istiqaməti artıq təşkilati elementin formalaşdığını sübuta yetirir. İştirakçıların sayının çoxluğu və onların müxtəlif ünvanlarda qeydiyyatda olan şəxslərdən ibarət sabit qrup təşkil etməsi toplantının ailədaxili və ya təsadüfi xarakter daşımadığını göstərir. Bu hal fəaliyyətin kollektiv və ictimai xarakter aldığını göstərən mühüm göstəricidir. Bundan başqa, baxış zamanı çoxsaylı dini ədəbiyyatın 215 ədəd kitabın aşkar olunması və onların tədris prosesində istifadə edilməsi məqsədli kitab fondunun mövcudluğunu göstərir. Bu isə artıq şəxsi istifadədən fərqli olaraq, həm də təşkil olunmuş dini tədris mühitinin mövcudluğuna işarə edir. Məhkəmə qeyd edir ki, fəaliyyətin maddi qarşılıq müqabilində həyata keçirilibkeçirilməməsi həlledici meyar deyildir. Ödənişin olmaması belə, təşkilati və strukturlaşmış dini tədris fəaliyyətini fərdi dini öyrənmə kimi qiymətləndirməyə əsas vermir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, şəxsin yaşayış yerində çoxsaylı şəxslərin iştirakı ilə sistemli dini tədris və dini xarakterli toplantı təşkil etməsi dini yığıncağın keçirilməsi kimi qiymətləndirilməlidir və bu fəaliyyət qanunla müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirildiyindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin dispozisiyasına uyğun gəlir. Göstərilənlərə əsasən, məhkəmə şəxsi İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli hesab edir və ona qanunda nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarıla bilər. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi ifadə verməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-592/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-592/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver