Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-594/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 20 yanvar 2026-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsinə müraciət edərək, tanışı Yaqub Fərzəliyevin “whatsapp” hesabını ələ keçirmiş naməlum şəxsin ona yazaraq tanışı adından 150 manat borc istədiyini, onun da həmin məbləği naməlim şəxsin dediyi kart hesabına göndərdiyini bildirmişdir. Aparılmış araşdırma zamanı hadisəni törətmiş şəxsin Şəxs olması müəyyən edilmiş və fakt əsasında əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilərək şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Hadisə ilə bağlı Şəxs 27 yanvar 2026-cı il tarixdə saxlanılmış, izahatı alınmış və barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında törətdiyi inzibati xətadan peşman olduğunu, zərərçəkmiş şəxslə barışaraq vurulmuş ziyanı ödədiyini qeyd edib, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2026-cı il tarixli, AZA 022305 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 yanvar 2026-cı il tarixdə, saat 18:40-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
6. xx.xx.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsinə verilməsi qərara alınmışdır. Həmçinin həmin qərar üzrə vurulmuş maddi ziyanın məbləği 150 manat olaraq müəyyən edilmişdir.
7. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs dostunun “whatsapp” hesabını ələ keçirib sonuncunun 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək xırda xuliqanlıq etməklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
8. İş üzrə Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs tərəfindən vurulmuş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
9. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 227ci maddəsinin tərkib əlamətləri olsa da, qanunvericiliyin tələblərinə əsasən Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir.
10. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs xırda talama yolu ilə xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs 150 manat pulunu ələ keçirmişdir. Lakin inzibati xəta haqqında iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilmişdir ki, Şəxs tərəfindən xırda talama yolu ilə vurulmuş maddi ziyan tamamilə ödənilmiş və tərəflər arasında barışıq əldə olunmuşdur.
11. İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir.
12. Qanunvericiliyin tələblərindən göründüyü kimi, İXM-in 227-ci maddində tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də, məhkəmə Şəxs xırda talama yolu ilə Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəməsini və aralarında barışıq olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
13. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
14. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
15. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova