Məhkəmə qərarları › İş №3(5-93)-596/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-596/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-596/2026 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X1, müdafiəçi Şərur rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonu, Yaqublu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Əmiraslanlı Ə/D, Yaqublu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Lütfi Zadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsinin sahə inspektoru, polis mayoru X2 bildirmişdir ki, Binəqədi rayon Polis İdarəsinin DYPŞ əməkdaşları tərəfindən xx.xx.2026-cı il tarixdə qayda pozuntusu səbəbi ilə Lexus markalı avtomobilin sürücüsü Şəxs saxlanılmış və sonuncuya özünü təqdim etməsi tələb olunduqda şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, özünü başqa şəxs kimi təqdim etməklə polis əməkdaşlarının iş rejiminə mane olmuşdur. Yol polisi əməkdaşları tərəfindən şəxsə dəfələrlə özünü təqdim etməsi bildirilsə də, sürücü özünü Ramil kimi təqdim etmiş və onun şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Yol polisləri təqdim edilmiş şəxsiyyət vəsiqəsinə baxarkən vətəndaşın yalan danışıdığını aşkar etmiş və şübhəli hallara görə maşının duracağa aparılmalı olması bildirilmişdir. Yol polisi tərəfindən avtomobilin duracağa aparılacağı bildirildikdə isə sonuncu polis əməkdaşlarına inadkarlıqla Ramil olduğunu və duracağa getməyə əsas olmadığını bildirərək, getməkdən imtina etmişdir. Bu səbəbdən də vətəndaş saxlanılaraq polis şöbəsinə gətirilmiş və bu zaman onun Şəxs olduğu həmin maşının idarə etməsi üçün etibarnaməsi olmadığı, özünün isə yol hərəkəti qaydalarını pozmasına görə 17 balı olduğu müəyyən edilmişdir. Daha sonra tərəfindən izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında qardaşının avtomobili ilə həkimə getmək üçün yola düşdüyünü, polisin saxla əmrinə tabe olaraq avtomobili saxladığını, ilk öncə özünü qardaşı kimi təqdim etdiyini, daha sonra polis əməkdaşı avtomobilin ona aid olmadığını dedikdə, avtomobilin qardaşının olmasını təsdiqlədiyini, üstündə sənəd olmadığına görə qardaşının vəsiqəsini təqdim etdiyini, polisə tabesizlik göstərmədiyini, saxla əmrinə tabe olduğunu, polis əməkdaşları tərəfindən 29 yanvar 2026-cı il tarixdə saat 10-a işləmiş saxlanıldığını, törətdiyi əməldən peşman olduğunu qeyd edib, barəsində yüngül tənbeh növünün təyin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında müdafiəçi Şərur rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs yol polsi əməkdaşlarını aldatmaq istəmədiyini, heç bir qeyri-etik hərəkət etmədiyini, həmin zaman qorxu stres keçirdiyi üçün özünü düzgün təqdim etmədiyini, polislə kobud danışmadığını, şəxsin xəstə olmasını, azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol patrul xidməti baş inspektoru, polis leytenantı X3 izahatında xidmətdə olduqları Mehdiabad qəsəbəsi ərazisində Lexus markalı avtomobilin sürücüsünün saxlanıldığını, sürücünün özünü təqdim edən zaman adını düzgün demədiyini, vəsiqəsini istədikdə doğum tarixini səhv dediyi və özünü düzgün təqdim etmədiyindən əmin olduğunu, həmin şəxsdən özünü düzgün təqdim etməsini tələb etdikdə yenidən ona yalandan başqa şəxs olduğunu deməsini, bu səbəbdən polis şöbəsinə aparıldıqda şəxsin kimliyini dəqiq müəyyən edə bildiklərini, avtomobilin duracağa aparılmasını bildirdikdə şəxsin kobud davranmasını, polis şöbəsində avtomobilin başqa şəxsin adına olmasının və onun avtomobili idarə etmə səlahiyyətinin olmadığını, özünün isə yol hərəkəti qaydalarını pozmasına görə 17 balı olmasını müəyyən etdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş

6. xx.xx.2026-cı il tarixli, AZA ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 yanvar 2026-cı il tarixdə saat 11:46-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

7. xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Şəxs faktiki azadlığı 29 yanvar 2026cı il tarixdə saat 09:15-də məhdudlaşdırılmışdır.

8. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 yanvar 2026-cı il tarixdə Binəqədi rayonu ərazisində idarə etdiyi “Lexus” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.

9. Hadisənin görüntülərini əks etdirən diskdən görünür ki, Şəxs polis əməkdaşı tərəfindən saxlanılan zaman özünü başqa şəxs kimi təqdim etmiş, sənədlər və təvəllüdün yoxlanılması zamanı sonuncunun həmin şəxs olmaması müəyyən edilmiş, şəxsə adının və təvəllüdünün düzgün olmadığı bildirildikdə şəxs bunu dəfələrlə inkar etmiş, daha sonra avtomobilin sahibi olan qardaşının şəxsiyyət vəsiqəsini təqdim etmiş, avtomobilin öz avtomobili olduğunu bildirmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

10. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də şahidin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.

11. Qeyd edilməlidir ki, 11. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

12. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs dövlət yol polisi işçisi tərəfindən saxlanılan zaman sonuncunun məqsədi inzibati məsuliyyətdən yaxa qurtarmaq olmuşdur ki, bu da şəxsin ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələbinə tabe olmamasına səbəb olmuşdur. Belə ki, Şəxs qardaşının avtomobili ilə hərəkətdə olan zaman qayda pozuntusuna görə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və bu zaman o, barəsində inzibati tənbehin tətbiq ediləcəyi şübhəsinə düşərək polis əməkdaşlarına özünü bilərəkdən düzgün təqdim etməməklə inzibati tənbehdən yaxa qurtarmağa çalışmışdır. Hadisənin video gürüntüsünə baxış keçirilərkən müəyyən edilmişdir ki, polis əməkdaşı dəfələrlə (azı 10 dəfə) özünü təqdim etməsini bildirsə də, Şəxs inadkarlıqla özünün Ramil olduğunu bildirmiş, lakin bu dəfə də qardaşının anket məlumatlarını səhv bildirirək, şübhəni daha da möhkəmləndirmişdir. Polis əməkdaşı tərəfindən ona “anket məlumatlarınızı səhv bildirirsiniz zəhmət olmasa şəxsiyyətinizi düzgün bildirin” deməsinə baxmayaraq yenə də Şəxs Ramil olduğunu bildirərək, qardaşına məxsus şəxsiyyət vəsiqəsini polislərə təqdim etmişdir. Polis əməkdaşları şəkildəki şəxsin tamam başqa şəxs olduğunu dəqiqləşdirdikdən sonra Şəxs özünü şübhəli aparmasını bu səbəbdən də maşının duracağa, özünün isə polis şöbəsinə aparılmalı olması qənaətinə gəlmişlər. Lakin Şəxs duracağa getməkdən imtina edərək polisə yenidən tabesizlik göstərmişdir. Şəxs şöbəyə gətirilərkən isə müəyyən edilmişdir ki, onun qardaşına məxsus avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, o cümlədən yol hərəkəti qaydalarının pozuntusuna görə 17 balı olmuşdur. O yol hərəkət qaydalarını pozduğunu bu səbəbdən də ona bal yazılarsa sürücülük hüququnun məhdudlaşdırılacağını bildiyindən şəxsiyyəti haqqında düzgün məlumat verməmiş, bununla da həm məsuliyyətdən yaxa qurtarmağa çalışmış, həm də yol polisinin qanuni tələblərinə tabe olmamaqla uzun müddət iş rejiminin pozulmasına və əlavə vaxt itikisə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər öz növbəsində Şəxs qəsdən polisin qanuni tələbinə tabe olmamasını sübuta yetirir.

13. Məhkəmə, Şəxs hərəkətlərinə münasibətdə isə bildirir ki, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh tətbiq edilməlidir.

14. Məhkəmədə, Şəxs törətdiyi əməlindən peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını isə İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir.

15. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

16. Məhkəmə, Şəxs onun törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

17. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

18. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

19. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

20. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

21. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

22. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

23. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

24. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

25. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.

26. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində təqsirli bilinidiyi maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli Şəxs faktiki azadlığının məhdudlaşdırıldığı 29 yanvar 2026-cı il tarixdə saat 09:15-dən hesablanmalıdır.

27. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 yanvar 2026-cı il tarixdə saat 09:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar