Məhkəmə qərarları › İş №3(5-93)-711/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-711/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-711/2026 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 452.3-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 tərəfindən Şəxs barəsində İXM-in 452.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.

3. Həmçinin Şəxs tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, işə onların iştirakı olmadan baxılması və nəzərdə tutulmuş cərimənin minimum həddinin tətbiq edilməsi xahiş edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1nin nümayəndəsi Nümayəndə1 məhkəmə əraziə ünvanlayaraq, Şəxs inzibati qaydada tənbeh edilməsini və İXM-in 77.3-cü maddəsinə uyğun olaraq tərəflərindən maddi sübut qismində götürülmüş müvafq saxlanma şəraiti pozulmuş (temperatur rejiminə riayət edilməyən) dərman vasitələrinin taleyi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1nin nümayəndəsi Nümayəndə1 izahatında Şəxsnə məxsus aptekdə tələblərin pozulması halının aşkar edildiyini, cəmiyyətə lisenziya verilərkən dolabların qapalı olduğunu, hazırda isə dolabların açıq olduğunu, faktın aşkar edilməsi zamanı cəmiyyətin nümayəndəsinin aktı imzalamaqdan imtina etdiyini qeyd edib, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1nin nümayəndəsi Nümayəndə2 izahatında cəmiyyətə 08 yanvar 2026-cı il tarixdə yoxlamanın keçiriləcəyi ilə bağlı bildirişin göndərildiyini, lakin cəmiyyət tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

6. xx.xx.2026-cı il tarixli, 3-28-1/3-2-28/2026 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X1” Publik hüquqi şəxsi tərəfindən Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 28 ünvanında yerləşən əczaçılıq təşkilatı fəaliyyətinin xx.xx.2026-cı il tarixdə planlı yoxlanılması qərara alınmışdır.

7. xx.xx.2026-cı il tarixli, Ə-42 nömrəli aktdan görünür ki, xx.xx.2026-cı il tarixdə keçirilmiş yoxlama nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan- Binəqədi şossesi 28 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə dərman vasitələrnin saxlanılma şəraitinin pozulması, anbar otağında və satış zalında dolabların ləğv edilməsi aşkar edilmişdir.

8. xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə keçirilmiş yoxlama nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 28 ünvanında yerləşən Şəxsnə məxsus aptekdən 3 ədəd “Sernaya Maz” 25q adlı, 4 ədəd “Teymurov Krem-Pastası” adlı və 1 ədəd “Oranklin B” 25q adlı dərman vasitəsi götürülmüşdür.

9. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 28 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə xx.xx.2026-cı il tarixdə saat 11:10-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən İXMin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

10. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 452.3-cü maddəsi ilə tövsif edilmişdir.

11. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X1” Publik hüquqi şəxsi tərəfindən Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 28 ünvanında yerləşən əczaçılıq təşkilatı fəaliyyətinin xx.xx.2026-cı il tarixdə planlı yoxlanılması qərara alınmış və həmin tarixdə aparılmış yoxlama zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi şossesi 28 ünvanında yerləşən Şəxsnə məxsus aptekdə dərman vasitələrinin saxlanılma şəraitinin pozulması, anbar otağında və satış zalında dolabların ləğv edilməsi aşkar edilmiş, saxlanılma şəraiti pozulmuş dərman vasitələri götürülmüşdür.

12. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxsnə məxsus obyektdə aptek təşkilatlarına dair tələblərin pozulması faktı öz təsdiqini tapmış və cəmiyyətin İXM-in 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir.

13. İXM-in 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

14. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, aptek təşkilatlarına dair tələblərin pozulması dedikdə, apteklərin fəaliyyətini tənzimləyən qanunvericiliyin dərman vasitələrinin saxlanması, satışı və buraxılması qaydalarının yerinə yetirilməməsi başa düşülür. Hazırda baxılan iş üzrə də məhz dərman vasitələrinin düzgün saxlanılmaması halı aşkar edilmişdir ki, bu da dərmanların müəyyən edilmiş temperatur, rütubət və işıq rejiminə uyğun saxlanılmamasının onların yararsız hala düşməsinə səbəb ola biləcəyinə dəlalət edir. Bununla da, Şəxs tərəfindən yuxarıda adı çəkilən dərman vasitələrinin saxlanılması qaydalarının pozulması belə qənaətə gəlməyə imkan verir ki, Şəxs barəsində əsaslı olaraq İXM-in 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

15. Beləliklə məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, Şəxs İXM-in 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir.

16. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 tərəfindən məhkəməyə ünvanlanan Şəxsndə yoxlama zamanı İXM-in 77.3-cü maddəsinə uyğun olaraq tərəflərindən maddi sübut qismində götürülmüş müvafq saxlanma şəraiti pozulmuş (temperatur rejiminə riayət edilməyən) dərman vasitələrinin taleyi barədə qərar qəbul edilməsi xahişinə münasibətdə bildirmək istəyir ki, İXM-in 77.1-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İXM-in 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İXM-in 115.4.3-cü maddəsinə görə maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir. Məhkəmə bildirmək istəyir ki, tərtib edilmiş protokoldan müəyyən edilir ki, Şəxs bir sıra dərman peraparatlarının saxlanma qaydalarını pozmuş, nəticədə MMC barəsində İXM 452.3-cü maddəsi ilə protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Həmin maddənin sanskiyasında müsadirə nəzərdə tutulmadığından əşyaların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1nin nümayəndəsi tərəfindən məhkəmə iclasında bildirdiyi şifahi vəsatəti əsasında onların xeyrinə müsadirəsi həyata keçirilə bilməz. Belə ki, İXM-in 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Maddənin dispozisiyasından da göründüyü kimi müsadirə yalnız Məcəllənin xüsusi hissəsində nəzərdə tutulduğu halda tətbiq edilə bilər. İXM-in 452.3-cü maddəsinin sanksiyasında isə xüsusi müsadirə nəzərdə tutulmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən ilk növbədə həmin dərman vasitərinin istehlaka yararlı olub-olmaması ekspertiza rəyi ilə müəyyən edilməli, həmin rəylə hüquqi şəxs tanış edilməli və istehlaka yararlı olmayan dərman vasitələri hər iki nümayəndənin iştirakı ilə akt tərtib edilərək məhv edilməli, yararlı olan dərman vasitələri isə İXM-in 115.4.3-cü maddəsinə əsasən onun sahibinə geri qaytarılmalıdır.

17. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

18. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

19. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

20. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

21. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

22. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

23. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

24. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 452.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir.

25. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 1000 (min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar