Məhkəmə qərarları › İş №3(5-93)-714/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-714/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-714/2026 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, 126 saylı Texniki Peşə Məktəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 126 saylı Texniki Peşə Məktəbi barəsində İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş 126 saylı Texniki Peşə Məktəbinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş 126 saylı Texniki Peşə Məktəbinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

3. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında 126 saylı Texniki Peşə Məktəbi tərəfindən qvvədə olan əmək müqavilələrinin elektron əmək müqaviləsinə keçirilməsinin təmin edilməməsini, kağız üzərində olan əmək müqavilələrinin ƏMAS-a qoşma kimi yüklənməli olduğunu, bununla bağlı tərəfə 14 oktyabr 2025-ci il tarixdə göstəriş verildiyini, lakin həmin göstərişin 10 gün müddətində 126 saylı Texniki Peşə Məktəbi tərəfindən icra edilməyərək pozuntunun aradan qaldırılmadığını bildirmişdir.

4. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 tərəflərindən aşkar edilmiş pozuntunun aradan qaldırılması ilə bağlı 126 saylı Texniki Peşə Məktəbinə 14 oktyabr 2025-ci il tarixdə göstəriş verildiyini, lakin həmin göstəriş müəyyən edilmiş müddət ərzində aradan qaldırılmayaraq İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini, bu səbəbdən 126 saylı Texniki Peşə Məktəbi barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

5. xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93987/2025 nömrəli məktubdan görünür ki, 126 saylı Texniki Peşə Məktəbinə qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron əmək müqaviləsinə keçirilməsinin 10 iş günü müddətində təmin edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat məlumat verilməsi barədə göstəriş verilmişdir.

6. “AzərExpressPoçt”un elektron çıxarışından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli göstərişi xx.xx.2025-ci il tarixdə 126 saylı Texniki Peşə Məktəbi tərəfindən təhvil alınmışdır.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, elektron əmək müqaviləsinə keçid etmək üçün 126 saylı Texniki Peşə Məktəbinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93987/2025 nömrəli göstəriş xarakterli məktub göndərilmiş, lakin işəgötürən tərəfindən həmin göstəriş xarakterli məktubda tələb olunan elektron sənəd formasına keçirilməsi halı təmin edilməmiş, “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı müəssisədə xx.xx.2026-cı il tarixədək elektron əmək müqaviləsinə keçirilməyən işçilər müəyyən edilmişdir. Nəticədə 126 saylı Texniki Peşə Məktəbi tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

8. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, 126 saylı Texniki Peşə Məktəbinin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 539.1-1-ci maddəsi ilə tövsif edilmişdir.

9. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş 126 saylı Texniki Peşə Məktəbinə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu 126 saylı Texniki Peşə Məktəbinə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

10. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən əldə edilmiş məlumat əsasında 126 saylı Texniki Peşə Məktəbinin əmək müqaviləsi bağladığı işçilərin əmək müqaviləsinin elektron əmək müqaviləsinə keçirilməməsi halı aşkar edilmişdir. Törədilmiş həmin hüquqpozmanın aradan qaldırılması məqsədi ilə idarə tərəfindən xx.xx.2025-ci il tarixdə poçt vasitəsli 10 iş günü müddətində həmin pozuntunun arada qaldırılmasına dair 126 saylı Texniki Peşə Məktəbinə 3-17-5/2-93987/2025 nömrəli Göstəriş göndərilmiş və həmin göstəriş xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Lakin 126 saylı Texniki Peşə Məktəbi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93987/2025 nömrəli Göstərişi icra edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında”17 sentyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin (əsas və əlavə şərtləri barədə məlumatlar tam daxil edilməklə) işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələləri aşağıdakı kimi müəyyən edilmişdir: - Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək. - İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək. - Ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək.

11. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 126 saylı Texniki Peşə Məktəbi tərəfindən əmək müqaviləsi bağladığı işçilərin əmək müqaviləsinin elektron əmək müqaviləsinə keçirilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-93987/2025 nömrəli göstərişinə əməl edilməməsi əməldə İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olmasına dəlalət edir. İXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndində əsasən İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

13. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 126 saylı Texniki Peşə Məktəbinin İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, 126 saylı Texniki Peşə Məktəbinin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, 126 saylı Texniki Peşə Məktəbinin təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

14. Məhkəmədə, 126 saylı Texniki Peşə Məktəbinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

15. Məhkəmə, 126 saylı Texniki Peşə Məktəbinə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

16. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

17. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

18. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

19. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

20. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

21. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

22. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

23. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

24. Beləliklə məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, 126 saylı Texniki Peşə Məktəbi İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir.

25. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

126 saylı Texniki Peşə Məktəbi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar