Məhkəmə qərarları › İş №3(5-93)-72/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-72/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-72/2026 06.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Xankəndi şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Xankəndi şəhərində qeydiyyatda olan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Səlahiyyətli orqana işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət edilməmişdir. Məhkəmə, İXMin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsi olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, istinad edilən əməllə özünü təqsirli bilir. Belə ki, xx.xx.2025-ci il tarixində gecə saatlarında istifadəsində olan “BYD X1 in Hibrid minik” markalı, 77XG515 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoloqdan istifadə etmək nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Daha sonra YPX əməkdaşları tərəfindən saxlanılmış və sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Törətdiyi inzibati xətanı qəbul edir və tərtib edilmiş protokolla razıdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli alkotester aktından görünür ki, həmin tarixdə saat 03:03-də Şəxs qəbul etdiyi alkoqolun miqdarı 0,932 % təşkil etmişdir. AC seriyalı, 682782 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs B, C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, “BYD X1 in Hibrid minik” markalı, 77XG515 dövlət qeydiyyat nişanlı avtomobilə dair Şəxs etibarnamə verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə etibarnamə etibarnamə əsasında idarə etdiyi “BYD X1 in Hibrid minik” markalı, 77XG515 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkidən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Odur ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddələrinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının: 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3-cü maddəsinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun öz izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, alkotester aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs təqsirli bilindiyi İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin növü barədə məhkəmə qeyd edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməlidir. Belə ki, sərxoş nəqliyyat vasitəsinin idarə edilməsi sürücünün diqqətini azaldır, reaksiya sürətini yavaşladır və qəfil hərəkətlər etməsinə səbəb olur və eyni zamanda sürücünün psixi və fiziki reaksiyalarına ciddi mənfi təsir göstəməklə yol hərəkətinin təhlükəsizliyini pozaraq qəzaların sayının artmasına və nəticədə insanların sağlamlığına və həyatına təhlükə yaratmasına səbəb olur. İş materiallarından görünüdüyü kimi Şəxs alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq halında “BYD X1 in Hibrid minik” markalı, 77XG515 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Nəzərə alınmalıdır ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Hazırki iş üzrə isə Şəxs müayinəsi nəticəsində alkoqolun konsentrasiyası göstərilən promillidən 3 dəfədən artıq, yəni 0,932 % təşkil etmişdir. Bu hal isə özlüyündə Şəxs yol hərəkəti qaydalarına və digər şəxslərin həyatına laqeyd yanaşdığının göstəricisidir. Məhkəmə tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlər məhkəmədə belə qənaət formalaşdırır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh tədbirinin tətbiqi inzibati tənbehin məqsədlərini tam əhatə edə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hazırda təqsirli bilindiyi İXM-in 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha sərt inzibati tənbeh sayılan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar