Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-84/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi “Mercedes” markalı AZ 77FJ775 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi ilə üzü ABU istiqamətində hərəkət edirdi. Sol tərəfə dönmək üçün yol ayırıcına yaxınlaşıb dönmə işığını yandırmışdır. Qarşı tərəfdən avtomobil gəlmədiyini gördüyü üçün sol tərəfə dönən zaman onunla eyni istiqamətdə əks istiqamətli yol ilə hərəkət edən “Hyundai” markalı avtomobilin ön hissəsi idarə etdiyi avtomobilin sol orta yan hissəsinə dəymişdir. Zərbənin təsirindən ona məxsus avtomobil yolun sol tərəfində olan piyada səkisinə qalxaraq obyektlərin qarşısında dayanmışdır. Bundan sonra ətrafda olan şəxslərin köməyi ilə avtomobilin qapısını açıb yerə düşmüşdür. Çünki toqquşma zamanı sol qabaq qapı əzildiyi üçün avtomobildən çıxa bilmirdi. Hadisə yerində olan zaman toqquşma zamanı “Hyundai” makalı avtomobilin piyada hərəkətdə olan qadın cinsli bir nəfərə dəydiyini və həmin şəxsin xəsarət aldığını öyrənmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə və zərərçəkmiş şəxsə məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və məhkəməyə iclasın təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 xx.xx.2025-ci il tarixli, 1636 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın sol yarısının selikli qişasının səthi əzilmiş yarası, sol gözün ağlı qişasına qansızma, sol bazu oynağı nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol bud nahiyəsinin, sağ diz oynağının nahiyəsinin qançırları, alın nahiyəsinin, sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin, sol ağız bucağının, alt dodağın dərisinin, sol said nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığa qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2025-ci il tarixli “Video görüntünün götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş diskdə olan video görüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:41-də “Mercedes” markalı avtomobil A.Kunanbayev küçəsi ilə ABU istiqamətində düzünə hərəkət etməklə ötmə əməliyyatını həyata keçirən “Hyundai” markalı avtomobilin hərəkət zolağına daxil olduğu üçün toqquşma hadisəsi baş vermişdir. Toqquşma zamanı “Hyundai” markalı avtomobilin arxa hissəsi yerdən üzülərək sol istiqamətdə fırlandığı üçün avtomobilin sol yan hissəsi piyada səkisi ilə hərəkət edən piyadaya dəymişdir. Məhkəmə, Şəxs fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:40 radələrində xx.xx.2003-cü il təvəllüdlü X1 idarə etdiyi Hyundai markalı AZ ** RV *** d.q.n.-lı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş asfalt yolla üzü keçmiş Azərbaycan Beynəlxalq Üniversiteti istiqamətinə düzünə hərəkətdə olarkən yolun sol tərəfində yerləşən Eyvan restoranının qarşısından keçdikdən sonra qarşısında onunla eyni istiqamətdə düzünə hərəkətdə olan və sola dönmə işığını yandırmayan avtomobilləri keçmək üçün yolun əks istiqamətli zolağına çıxaraq ötmə Əməliyyatına başlamışdır. Artıq Şəxs Kərim qızının idarə etdiyi Mercedes Benz markalı AZ ** FJ *** d.q.n.-li avtomobilin sol tərəfindən keçərkən Şəxs anidən avtomobilini sola doğru sürmüş və bu zaman toqquşma baş vermişdir. Zərbədən Hyundai markalı avtomobil sola doğru irəliləyərək yolun sol kənarı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs dəymişdir. Hadisəni nəticəsində Zərərçəkmiş şəxs YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Şəxs sola doğru manevr edən zaman arxa sol tərəfində onunla eyni səmtə hərəkətdə olan Hyundai markalı avtomobilə yol vermədən manevr etdiyindən hadisəyə səbəb olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, video-görüntü, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati məsuliyyət məsələsini həll edərək belə nəticəyə gəlir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar, məsuliyyətini ağırlaşdıran halların olmaması, törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-84/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-84/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver