Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-842/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqanın nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə 22 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, vətəndaş X2 şikayəti əsasında Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-117569/2025 saylı məktub göndərilərək sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun nümayəndəsi N.C.Əliyev protokolu müdafiə edərk bildirdi ki, vətəndaş X2 şikayəti əsasında X5 Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-yə 16 dekabr 2025-ci il tarixli məktub ünvanlanaraq, vətəndaş H.Musayevin müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid həmin məktubda sorğu edilən sənədlərin 7 iş günündə İdarəyə təqdim edilməsi tələb olunmuşdur. İdarənin sözügedən məktubu həm poçt vasitəsilə, həm də “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə Şəxs MMC-yə çatdırılmışdır. Lakin, buna baxmayaraq MMC tələb olunan sənədləri təqdim etməmişdir. Bu səbəbdən MMC barəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirlər. Məhkəmə iclasında barəsində icraat aparılan MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, inzibati xəta haqqında protokolun əsası olan X5 Bakı şəhər İdarəsinin 16 dekabr 2025-ci il tarixli məktubu MMC-yə daxil olmamışdır. Onlar MMC barəsində inzibati icraat aparılmasını yalnız məhkəmədən bu barədə bildiriş aldıqdan sonra məlumatlı olmuşlar. Bu haldan xəbər tutan kimi o, dərhal onlara xidmət edən poçt şöbəsinə rəsmi sorğu ilə müraciət etmiş və X5 Bakı şəhər İdarəsinin məktublarının MMC-yə çatdırılmasını təsdiq edən sənədlərin təqdim edilməsini xahiş etmişdir. Müvafiq poçt şöbəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, guya X5 Bakı şəhər İdarəsinin SS929867304 kodlu 16 dekabr 2025-ci il tarixli məktubu MMC-yə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Əslində isə həmin məktub heç vaxt MMC-yə daxil olmamışdır. Müvafiq poçt şöbəsindən əldə etdikləri qeydiyyat dəftərində yuxarıda qeyd olunan məktubu qəbul edən şəxs kimi Qəhrəmanov soyadı və imza qeyd olunsa da, A.Qəhrəmanov həmin sənədi qəbul etmədiyi bildirir. Həmin qeydiyyat dəftərində olan və şirkətin əməkdaşı Asiman Qəhrəmanov tərəfindən icra edilmiş digər imza nümunələrinə vizual şəkildə baxıldıqda belə A.Qəhrəmanovun xətt və imzasının poçt şöbəsinin təqdim etdiyi qeydiyyat dəftərində olan xətt və imzadan fərqləndiyini asanlıqla müəyyən etmək mümkündür. Eyni zamanda inzibati xəta haqqında protokolu tərtib etmiş qurum tərəfindən iş materiallarında olan SS929867304 kodlu 16 dekabr 2025-ci il tarixli məktuba dair poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, həmin məktubun xx.xx.2025-ci il tarixdə catdırılması cəhdi uğursuz olmuş, amma necə olmuşsa sözügedən məktub 1 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə MMC tərəfindən qəbul edilmişdir. Hesab edir ki, bu hal belə Baş İdarənin qeyd olunan məktubunun MMC-yə çatdırılmadığını, formal olaraq MMC-nin əməkdaşının soyadı və imzası təqlid edilməklə guya məktubun MMC-yə çatdırıldığı görüntüsü yaradılmışdır. Bundan başqa protokulu tərtib etmiş qurumun nümayəndəsi sözügedən məktubun elektron sənəd dövriyyəsi vasitəsilə MMC-nin ƏMAS-də olan şəxsi kabinetinə yerləşdirildiyini idddia edir ki, tərəflərindən kabinetlərinə baxış keçirilmiş və hər hansı bildiriş aşkar edilməmişdir. Bu səbəbdən MMC-nin elektron imzasını özü ilə gətirmişdir ki, məhkəmə lazım bilərsə iclasda MMC-nin ƏMAS-da olan şəxsi kabinetinə da baxış keçirilə bilər. Digər tərəfdən iş materaillarından görünür ki, X5 Bakı şəhər İdarəsi tərəfindən MMC-yə 13 yanvar 2026-cı il tarixli 3-17-85/2-4981/2021 məktub göndərilmiş və xx.xx.2026-cı il tarixdə hazırki protokolun tərtib olunmasında iştiraka dəvət olunmuşuq. Halbuki, həmin məktubun qoyulduğu zərfin üzərində olan poçt möhürlərindən görünür ki, 13 yanvar 2026-cı il tarixli məktub MMC-yə göndərilməsi üçün poçta 17 yanvar 2026-cı il tarixdə təhvil verilmiş, onlara xidmət edən poçt müəsssisəsinə isə 19 yanvar 2026-cı il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə görə isə də iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilməlidir. Baş İdarə burada da qanunvericiliyin tələblərini pozduğundan, onların protokolun tərtibində iştirak etmək və sübutlarını təqdim etmək imkanları olmamışdır. Sonda barəsində icraat aparılan MMC-nin nümayəndəsi X3 izahatında göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulan əsasla, yəni MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 539.3-cü maddəsinə nəzərdə tutulan inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çatdırılıbçatdırılmaması müəyyən edilməlidir. Səlahiyyətli orqan tərəfindən vətəndaş X4 müraciətinə münasibət bildirilməsi və müvafiq sənədlərin 7 iş günü ərzində təqdim edilməsi ilə bağlı Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-5/2-117569/2025 nömrəli məktub iş materiallarına əlavə olunsa da, həmin məktub imzalanmamış, tarix və nömrəsi əl yazısı ilə yazılmaqla səlahiyyətli orqanın blankında tərtib olunmamışdır. xx.xx.2025-ci il tarixli 3-17-5/2-117569/2025 nömrəli məktubun Şəxs MMC-nin ƏMAS-dakı şəxsi kabinetinə yerləşdirilməsini təsdiq edən sənəd kimi səlahiyyətli orqan tərəfindən iş materiallarına əlavə “Məktub” adlı sənəddən görünür ki, “sənədin tarixi” qrafasında xx.xx.2025, “icra tarixi” qrafasında xx.xx.2025, “məzmun” və “hüquqi şəxsin adı” qrafasında Şəxs MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYYƏTİ göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur. İş materiallarına səlahiyyətli orqan tərəfindən əlavə edilmiş “Məktub” adlı sənəddə həmin sənədin xx.xx.2025-ci il tarixli 3-17-5/2-117569/2025 nömrəli məktuba aid olmasını təsdiq edən hər hansı qeyd mövcud deyildir. İş materiallarına əlavə edilmiş “poçt göndərişlərinin izlənilməsinə dair” çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə SS929867304 kodlu məktubu çatdırma cəhdi uğursuz olmuş, xx.xx.2025-ci il tarixdə isə alıcıya çatdırılmışdır. Məhkəmə baxışında iştirak edən Şəxs MMC-nin nümayəndəsi “poçt göndərişlərinin izlənilməsinə dair” yuxarıda qeyd olunan çıxarışda göstərilən məlumatları mübahisələndirərək, SS929867304 kodlu məktubun MMC-yə çatdırılmadığını, müvafiq poçt şöbəsindən əldə etdikləri qeydiyyat dəftərində məktubu qəbul edən şəxsin adından yazılmış “Qəhrəmanov” soyadının və icra edilmiş imzanın onların əməkdaşı tərəfindən icra edilmədiyini bildirmiş, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən isə bu halı təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, iş materiallarında SS929867304 kodlu məktubun məhz hazırki protokolun tərtib edilməsinə əsas olmuş xx.xx.2025-ci il tarixli 3-17-5/2-117569/2025 nömrəli məktuba aidiyyətini təsdiq edən hər hansı sübut mövcud deyildir. Eyni zamanda məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin ƏMAS-dakı şəxsi kabinetinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və inzibati orqanın nümayəndəsinin iddia etdiyi kimi MMC-yə hazırki işlə bağlı hər hansı sorğunun göndərilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən daxil olmuş 22 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsinin tərkib əlamətləri olması müəyyən edilmir. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs MMC-yə ünvanlanan məktuba əsasən müəssisənin müvafiq sorğulara qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab verilmədiyi və vətəndaşa aid sənədlərin idarəyə təqdim edilmədiyi əsası ilə protokol tərtib olunsa da, müvafiq sorğu məktubunun Şəxs MMC tərəfindən alınması təsdiq olunmur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-842/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-842/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver