Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-871/2026 03.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ərizəsi onun icraatına daxil olmuşdur. Ərizədən və alınmış izahatdan görünür ki, ilkin olaraq 31 yanvar 2026-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs mənzilinin qarşısına gələrək orada mübahisə etmişdir. Mübahisə zəmnində sonuncuya 2500 manat maddi ziyan vurduğu üçün 130 manat pul ödəmişdir. Pulu ödədikdən sonra Zərərçəkmiş şəxs ilə barışmaq və danışmaq istəmiş, lakin Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır. Bundan sonra mənzilin qarşısında zərərçəkmiş şəxsi təhqir etmiş, səs-küyə qonşular çıxdıqdan sonra Şəxs oradan qaçıb getmişdir. Bundan başqa Şəxs daimi olaraq zərərçəkmiş şəxsi təqib edir və qarşısını kəsir. Bu gün də eyni qaydada mübahisə yaranmış, əməliyyat qrupu hadisə yerinə gedəndə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs oradan qaçmış, polis əməkdaşları yolda Şəxs saxlamışlar, saxlanıldığı zaman sonuncunun üzündə cızıqlar olmuş, əlindən isə qan axmışdır. Bunun səbəbini soruşsalar da Şəxs özünü təqdim etməkdən imtina etmiş, hadisə barəsində də məlumat verməmişdir. Şəxsiyyətinin müəyyən edilməsi üçün dəfələrlə Şəxs polis şöbəsinə dəvət etmişlər, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tələbə tabe olmamışdır. Eyni zamanda qeyd etməlidir ki, tərəflər 2 il əvvəl qeyri-rəsmi olaraq təxminən 2 ay birlikdə yaşamışlar, sonrasında Zərərçəkmiş şəxs ayrılmışdır, lakin, Şəxs zərərçəkmiş şəxsi hələ də narahat edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, təxminən 2 ay Zərərçəkmiş şəxs məxsus mənzildə sonuncu ilə ailə kimi yaşamışdır. Daha sonra Zərərçəkmiş şəxs ondan ayrılmışdır, bir neçə dəfə mübahisələri olmuş, səbəb isə onun İnnanı qısqanmağı və sonuncu ilə dost qalmaq istəməyi olmuşdur. Lakin İnna onunla razılaşmamışdır, xx.xx.2025-ci il tarixdə İnnanın yaşadığı mənzilin qarşısına gedib 130 manat əvvəllər avtomobilinə ziyan vurduğu görə pul vermiş və barışmaq istəmişdir. Lakin İnna qapını üzünə bağladıqdan sonra əsəbləşib orada nalayiq ifadələr işlədib səs-küy salmış, qonşular onun səsinə çıxdıqdan sonra həmin yerdən getmişdir. xx.xx.2026-cı il tarixdə, saat 09:15 radələrində isə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək, qapını döyüb söhbət etmək istəmişdir. Həmin zaman onun məqsədi barışmaq olmuş, lakin həmin zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o nalayiq ifadələr işlətmişdir və həmin zaman ətrafda qonşular olmuşdur. İnna 102 xidmətinə məlumat verdikdən sonra həmin yerdən çıxıb getmişdir. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 3123-cü məhəllənin qarşısında onu polis əməkdaşları saxladıqda şəxsiyyəti barədə məlumat verməkdən imtina etmiş, həmçinin üzündə və barmağında olan xəsarətlər barədə də heç nə deməmişdir. Polis əməkdaşlarına onun İnna ilə mübahisə etdiyi barədə məlumat daxil olduqdan sonra onu şöbəyə dəvət etmişlər, lakin o əsəbi olduğu üçün həmin yerdən uzaqlaşmaq istəmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən dediklərinin nəzərə alınmasını xahiş edir. Ona verilmiş suallara cavab olaraq internetdə Zərərçəkmiş şəxs şəkillərini paylaşmasını təsdiq etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs mütəmadi olaraq onu narahat edir. xx.xx.2026-cı il tarixdə onun yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına gələrək ona əvvəllər vurduğu ziyandan 130 manat ödəniş etmişdir. Şəxs onunla söhbət etmək istəmiş, lakin o qapını bağlamışdır. Bundan sonra Şəxs ucadan onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bütün qonşuları narahat etmiş, yalnız qonşular çölə çıxıb iradlarını bildirdikdən sonra oradan çıxıb getmişdir. Bu hadisədən sonra isə internet informasiya ehtiyyatında onun şəkillərini paylaşmışdır. Bu gün isə onun mənzilinin qarşısına gəlmiş, yenə səs-küy salmış, onun ünvanına nalayiq ifadələr işlətmiş, ətrafa yığılan qonşulara belə məhəl qoymayaraq söyüşlər söymüş, yalnız onun polisə məlumat verdiyini gördükdən sonra çıxıb getmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin kibercinayətkarlıqla mübarizə üzrə əməliyyat müvvəkili, polis leytenantı X2 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə səhər saatlarında 102 Xidmətindən vətəndaş Zərərçəkmiş şəxs mənzilinə bir nəfər şəxs tərəfindən müdaxilə olunması barədə məlumat daxil olmuşdur. Bundan sonra dərhal hadisə yerinə getmişlər, həmin vaxt Zərərçəkmiş şəxs mənzilin qarşısında olmuş və Şəxs 2-3 dəqiqə əvvəl oradan qaçıb getməsini demişdir. Bundan sonra dərhal ərazini axtarmağa başlamışlar, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 3123-cü məhəllənin qarşısında sonradan Şəxs olduğunu öyrəndikləri bir nəfər şəxsin üzünün və əlinin qanlı olmasını görmüşlər. Həmin zamanı Şəxs yaxınlaşaraq özünü təqdim etməsini tələb etmişlər və nəyə görə üzünün və əlinin qan olduğunu soruşmuşlar. Lakin, Şəxs özünü təqdim etməmiş və nə baş verdiyini deməmiş, oradan yayınmağa çalışmışdır. Onlara daha sonra söhbət etdikləri şəxsin İnna Abasovla mübahisə edən şəxs olduğu barədə məlumat daxil olmuşdur. Bundan sonra Şəxs polis şöbəsinə dəvət etmişlər, lakin sonuncu onların qanuni tələblərinə əməl etməkdən boyun qaçırmış və müqavimət göstərmiş, səs-küy salaraq bütün ətrafda olan insanların diqqətini cəlb etməyə çalışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs şöbəyə gətirilən zaman sağ əlinin beşinci barmağının zədə, üz, eləcə də baş hissəsində sıyrıntılar olmuşdur. xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 10:25 -də inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixlərdə əvvəllər münasibətdə olduğu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına gedərək sonuncu ilə danışmaq istəmiş, hər iki dəfə İnna Abasovdan müsbət cavab almadığı üçün nalayiq ifadələr işlətmiş, səs-küy salmışdır. xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs DİN 102 Xidmətinə məlumat verməsini bildikdən sonra uzaqlaşmış, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldıqda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinə dəvət edilməsini baxmayaraq, ona yönələn qanuni tələbə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa cəhd etmiş, səs-küy salaraq şöbəyə gətirilməkdən imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xırda xuliqanlıq ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməkdə ifadə olunur. Şəxs Bakı şəhəri, ünvan 2 ünvanına gedərək zərərçəkmiş şəxsə və qonşulara özünü qarşı qoymaqla uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, bununla da İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd edir ki, Şəxs polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs müraciətinə əsasən polis şöbəsinə dəvət edildiyi zaman səs-küy salaraq şöbəyə getməkdən yayınmaq istəmiş və şöbəyə aparılmasına etiraz edərək razılaşmamış, bununla da ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmçinin polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da sonuncu tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlləri törədilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin tarixli raport, şahid izahatı, zərərçəkmiş şəxsin izahatı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi ifadə verməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd edilməlidir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati tənbeh tədbirini təyin edən zaman İXM-nin qanunçuluuq, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanaraq və Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, Şəxs İXM-nin iki müxtəlif maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq mümkündür, inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, Şəxs xırda xuliqanlıq hərəkətləri sadəcə bir günlə kifayətlənmiş, sonuncu müvafiq olaraq xx.xx.2026-cı il tarixdə və xx.xx.2026-cı il tarixdə eyni hərəkətlərə yol vermişdir. Həmçinin onun sonuncu dəfə qanunsuz hərəkətləri mübahisənin baş verdiyi ərazi ilə məhdudlaşmamış, hadisə yerindən uzaqlaşdıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon, S.S.Axundov küçəsi 3123-cü məhəllənin qarşısında polis işçisinin qanuni tələbinə tabe olmamışdır. Göründüyü kimi qərəzli hərəkətlərinin davamlı şəkildə baş verməsi onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi zəruri edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurmaqla belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə çatmağı çətinləşdirir. Bununla yanaşı məhkəmə iclasında Şəxs 03 fevral 2026-cı il tarixdən, saat 10:25dən inzibati qaydada tutulması, daha sonra azad edilməyərək məhkəmə baxışına da polis əməkdaşları tərəfindən gətirilməsi müəyyən edilmişdir. Buna görə də, Şəxs barəsində tətbiq ediləcək inzibati həbs tənbeh tədbirinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Novruzov X3 Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməli inzibati həbs müddətinin əvvəli 03 fevral 2026-cı il tarixdən, saat 10:25-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 03 fevral 2026-cı il tarixdən, saat 10:25-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-871/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-871/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver