Məhkəmə qərarları › İş №3(5-93)-97/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-97/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-97/2026 09.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu “X6” MMC-nin direktoru Şəxs 29667 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra sənədinin icrasını təmin etməməsi ilə təsdiq edilir.” Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-944/2025 saylı icra vərəqəsinə əsasən 29492 (iyirmi doqquz min dörd yüz doxsan iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 175 (yüz yetmiş beş) manatı cavabdehlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 08 aprel 2025-ci il tarixdə onun icraatına daxil olmuşdur. 30 aprel 2025-ci il tarixdə Şəxs tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmişdir. Tərəfindən nəzərdə tutulmuş müddət ərzində borcun ödənilməli olması Şəxs bildirilmiş, sonuncu isə borcu tam deyil, hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Bundan sonra hər ay, yəni 2025-ci ilin may ayından etibarən Şəxs mütəmadi olaraq borcundan 850 manatdan az olmamaqla ödəniş etmişdir. Hazırki günədək borclu tərəfindən ümumilikdə 8050 manat ödənilmişdir. Sonuncu dəfə isə 06 yanvar 2026-cı il tarixdə 1100 manat ödəniş edilmişdir. İcra sənədinin məcburi icrası ilə bağlı tədbirlər görməyə çalışsa da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Belə ki, Şəxs adına heç bir əmlak aşkar edilməmişdir. Bununla yanaşı, borclunun iş yeri müəyyən olsa da, həmin müəssisəyə əmək haqqından ödəniş tutulması üçün bildirişlər göndərilmiş, lakin yenə müsbət nəticə almaq mümkün olmamışdır. Tələbkar isə borc məbləğinin tam şəkildə ödənilməsini tələb edir. Tələbkar tərəfindən çoxsaylı şikayətlər edildiyindən Şəxs barəsində 09 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Şəxs 1700 manat rəsmi əmək haqqı aldığını bildirmişdir. Əgər icra sənədinin icrası üçün tutma onun əmək haqqına yönəldimiş olsaydı, onun əmək haqqından maksimum əmək haqqının 50 faizi miqdarında tutulma aparıla bilər. Hazırki halda da borclu tərəfindən mütəmadi olaraq ayda 850 manat ödəniş edilir. Həmçinin Şəxs "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə də borcları vardır. Şəxs barəsində olan çağırışları ünvan 1 ünvanına göndərmişdir. Borclunun icra şöbəsinə dəvət olunması isə sadəcə protokol tərtib etmək ilə bağlı olmuşdur. Protokolu zərərçəkmiş şəxsin borcun tam şəkildə ödənilməsi ilə bağlı verdiyi şikayətlərə görə tərtib etmişdir. Şəxs borcu bir dəfəyə ödəmək üçün imkanı yoxdur, çünki borclunun adına heç bir əmlak, o cümlədən hesablarında da pul vəsaiti aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o icra sənədinin icra olunmalı olduğunun zəruriliyini dərk edir və qeyd edilən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmır, və imkanı daxilində hər ay mütəmadi olaraq ödəniş edir. Əvvəllər “X7” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor olaraq çalışsa da, hazırda həmin müəssisənin fəaliyyəti dayandırıldığından həmin cəmiyyətdə olan işindən ayrılmışdır və hazırda "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Əmək haqqını alan kimi borcundan dərhal ödəniş edir, hər ay mütəmadi olaraq ən azı 850 manat olmaqla ödənişlər etmişdir. Həmçinin son 2 ayda isə işlər nisbətən yaxşı olduğu üçün müvafiq olaraq 2025-ci ilin dekabr ayənda 1000 manat və 2026-cı ilin yanvar ayının 6-da isə1100 manat ödəniş etmişdir. Hazırki öhdəliyindən əlavə olaraq da bir sıra öhdəlikləri vardır. Belə ki, o, əlavə olaraq hər ay 200 manat olmaqla "xxxx" MMC-yə ödəniş edir. Digər öhdəliklərə etdiyi ödənişlər azaldıqca hazırki borcundan daha çox ödəniş etməyə çalışacaqdır. Cari ilin sentyabr ayına kimi bütün borcu tam bağlayacaqdır. Halhazırda da tələbkara ödəmək üçün dostlarından 1000 manat borc almış, həmin məbləği tələbkara vermək isətəsə də tələbkar həmin məbləği ondan götürməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 8 ildir ki, ünvan 2 ünvanında yaşayır, ondan yaşadığı yeri kimsə soruşmamışdır. Qeydiyyatda olduğu ünvanda isə kimsə yaşamır, icra məmuru onla telefonla əlaqə saxlamış, o da hər ay ödəniş etməklə qəbzləri göndərmişdir. Direktor kimi qeyd olunan "xxxx" MMC isə hazırda fəaliyyət göstərmir, həmin cəmiyyət xeyli müddət bundan əvvəl fəaliyyətini dayandırmışdır və həmin cəmiyyətdən hər hansı əmək haqqı almır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ona olan borcu qızının təhsil məsələsi ilə bağlı yaranmışdır. Yəni o barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə borc pul verməmişdir ki, sonuncu da ona aylıq ödəniş etsin. Bu səbəbdən ona ödənilməli olan məbləğin tam şəkildə ödənilməsini tələb edir. Verilmiş suallara cavab olaraq isə Şəxs tərəfindən hissə-hissə olmaqla bugünədək ona ümumilikdə 8050 manat ödəniş edildiyini, lakin ona ğdənliməli vəsaitin hissə*-hissə deyil tam olaraq ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmir. Nəzərə alınmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində borcun hissə-hissə ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən məbləğ bir dəfəyə ödənilməlidir. Zərərçəkmiş şəxs borc alaraq və bankdan kredit götürərək 37400 manat məbləğində pulu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə vermişdir. Sonuncu şikayət edildikdən sonra borclu borcunu tam şəkildə ödəyəcəyi barədə söz vermiş, məbləğin bir hissəsini ödədikdən sonra isə yenidən yayınmağa başlamışdır. Nəzərə alınmalıdır ki, Şəxs qaçıb gizlənmişdir və qeydiyyatda olduğu ünvanda da yaşamır. Çağırışlardan yayındığı üçün borclunun ölkədən çıxışına da məhdudiyyət qoyulmuşdur. Nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxsin qızının təhsil haqqı ödənilməlidir, təhsil haqqı ödənilmədiyi halda uşaq stres keçirə və təhsildən xaric oluna bilər. Buna baxmayaraq, Şəxs pulu ödəmək istəmir və məhkəmə qətnaməsinin icrasından qəsdən yayınır. Faktiki olaraq sonuncunun pulu ödəmək imkanı vardır, çünki o, hələ də təhsil işləri ilə məşğul olaraq qazanc əldə edir. Odur ki, məhkəmədən Şəxs barəsində inzibati həbs seçilməsini xahiş edir. Ona borclunun ödənilməli məbləği tam olaraq ödəmək qabiliyyətində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilərsinimzi sualına isə əsaslandırıcı hər hanası cavab verə bilməmiş, sadəcə onun faktiki olaraq işlədiyini və əmək haqqı aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-944/2025 saylı icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə cavabdeh “X7” MMC-nin direktoru Şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli ST14-10/21=008 nömrəli müqavilə etibarsız hesab edilərək xx.xx.2021-ci il tarixli ST14-10/21=008 nömrəli və xx.xx.2023-cü il tarixli ST-10-03/23 nömrəli müqavilələr üzrə ödənilmiş 29492 (iyirmi doqquz min dörd yüz doxsan iki) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 175 (yüz yetmiş beş) manatı cavabdehlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən və Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-944/2025 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən və “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışlardan görünür ki, Şəxs "xxxx" MMC-də baş direktor vəzifəsində çalışır və əmək haqqı 1098,3 AZN təşkil edir, bundan başqa "xxxx" MMC-də sərəncamverici direktor vəzifəsində çalışır və əmək haqqı 956 AZN təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışlardan görünür ki, "xxxx" MMC faəliyyət göstərdiyindən statusu “A” olaraq qeyd edilmiş, "xxxx" MMC-nin fəaliyyəti dayandırıldığından statusu “S” olaraq qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxs borclu olduğu və müvafiq olaraq Solton LTD” MMC-nin (1085 AZN), "xxxx" MMC-nin (1114,42 AZN), "xxxx" MMC-nin (3066,26 AZN), Zərərçəkmiş şəxs (29667 AZN) və X2 (39500 AZN) tələbkar olduğu icra işləri icra şöbəsinin icraatındadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-472/2025 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə 850 AZN, xx.xx.2025-ci il tarixdə 850 AZN, xx.xx.2025-ci il tarixdə 850 AZN, xx.xx.2025-ci il tarixdə 850 AZN, xx.xx.2025-ci il tarixdə 850 AZN, xx.xx.2025-ci il tarixdə 850 AZN, xx.xx.2025-ci il tarixdə 500 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 500 x1.7=850 manat), xx.xx.2025-ci il tarixdə 1000 AZN, xx.xx.2026-cı il tarixdə 1100 AZN olmaqla ümumilikdə 8050 AZN ödəniş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-881/2025 saylı qərardadından görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-944/2025 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə təmin edilməmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Şəxs “X7” MMC-də direktor vəzifəsində çalışmaqla 1700 manat əmək haqqı, "xxxx" MMC-də baş direktor vəzifəsində çalışmaqla 1098.3 manat əmək haqqı alır. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs olan borcundan ödənilməsi üçün 1000 AZN pulu məhkəmə iclasında icra məmuruna təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, tələbkarın və onun nümayəndəsinin, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-944/2025 saylı icra sənədindəki məbləğin tam şəkildə ödənilməsi ilə bağlı tələbkarın şikayətləri ilə əlaqədar olaraq tərtib edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmış və 30 aprel 2025-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs təqdim edilmişdir. Borclu tərəfindən bundan sonra, yəni həmin ilin may ayından etibarən mütəmadi olaraq hər ay ən azı 850 manat olmaqla Zərərçəkmiş şəxs ödənilmişdir. Məhkəmə iclasında icra məmuruna təqdim edilmiş 1000 manat ödəniş də daxil olmaqla, hazırkı tarixdə Şəxs tərəfindən tələbkara ümumilikdə 9050 manat ödəniş edilmişdir. İcra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq sorğular verilmiş, lakin borclunun adında əmlakın olmadığı, o cümlədən bank hesablarında da hansısa vəsaitin olmadığı aşkar edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi borclunun ödənilməli məbləği tam ödəmək iqtidarında olduğunu bildirsə də, nə tələbkar və onun nümayəndəsi, nə də ictra məmuru borclunun icra sənədi üzrə ödənliməli məbləği birdələlik ödəməyə imkanının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, sadəcə borclunun işləyərək əmək haqqı almasını bildirmişlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şəxs "xxxx" MMC-də direktor vəzifəsində çalışır və “Elektron məhkəmə informasiya sisteminə baxış zamanı onun əmək haqqının 956 AZN təşkil etdiyi müəyyən edilmişdir. Şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətində əvvəllər çalışdığını, hazırda həmin cəmiyyətdə işləmədiyini, həmçinin elektron sistemdə direktor kimi çalışdığı görünən "xxxx" MMC-nin də fəaliyyətini dayandırmasını, oradan da qazanc əldə etmədiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-881/2025 saylı qərardadında Şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışaraq 1700 manat əmək haqqı alması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, hazırda elektron məhkəmə informasiya sistemində həmin məlumat mövcud deyil, odur ki, borclunun həmin müəssisədə daha işləməməsi barədə bildirdikləri öz təsdiqini tapır. Bununla yanaşı, məhkəmə tərəfindən "xxxx" MMC-nin də fəaliyyətinin statusu yoxlanılmış və elektron məhkəmə informasiya sistemində adıçəkilən cəmiyyətin fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs rəsmi aldığı əmək haqqının yalnız 956 AZN-dən ibarət olmasından başqa hər hansı bir hal aşkar edilməmiş, tələbkarın nümayəndəsi isə bunun əksini iddia etsə də, bu barədə məhkəməyə hər hansı bir təsdiqedici sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs rəsmi olaraq əmək haqqı 956 AZN təşkil etdiyi halda icra vərəqəsindəki tələbin könüllü icrası barədə bildirişi əldə etdikdən hazırki tarixədək olan 8 ay, 10 gün ərzində ümumilikdə 9050 manat ödəniş etməsi onun icra sənədindəki tələbi qərəzli olaraq icra etməməsini istisna edir. Bundan başqa məhkəmə iclasında hazırki öhdəliyindən başqa Şəxs daha 4 icra işi üzrə də borclu oluğu müəyyən olunmuşdur. Həmin öhdəliklərinə rəğmən aldığı rəsmi əmək haqqının maksimumuna yaxın hissəsini Zərərçəkmiş şəxs ödəməsi nəzərə alındıqda Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-944/2025 saylı icra sənədindəki tələbi üzürsüz səbəbdən icra etməməsindən söhbət gedə bilməz. Sonuncunun icra sənədindəki tələbi tam şəkildə ödəyə bilməməsi maddi imkanı ilə əlaqəlidir. Faktiki olaraq, borclunun adına əmlak və bank hesablarında vəsait aşkar edilməmişdir. Aldığı əmək haqqının demək olar hamısını məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyin icrasına ödəyən şəxsin icra sənədindəki tələbi tam şəkildə ödəyə bilməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, tələbkarın və onun nümayəndəsinin, habelə barəsində inzibati icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar