Məhkəmə qərarları › İş №3(5-94)-100/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-100/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-100/2026 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 25 dekabr 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs QSC Məhdud Məsuliyyətli Cəmiyyəti 100000.00 Dollar məbləğində xarici valyutada olan vəsaiti köçürmə ərizəsinə əsasən bankda olan hesabından 07 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 100000.00 Dollar məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs QSC-nin vəkili və nümayəndəsi Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 25 dekabr 2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Protokolda cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bankın protokolunda göstərilmişdir ki, Cəmiyyət 100 000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, iki il keçsə də, vəsaitin hesabına alınan mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. İlk növbədə bildiririk ki, Şəxs QSC ilə “HE RU XİAN” şirkəti arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən kalsium xlorid adlı malların alınması razılaşdırılmış, malların dəyəri 222 500 ABŞ dolları olaraq razılaşdırılmışdır. Qeyd olunan malların dəyərinin 100 000 ABŞ dolları həcmində olan hissəsi xx.xx.2023- cü il tarixində Yelo bank vasitəsilə “HE RU XİAN” şirkətinin bank hesabına ödənilmişdir. Bundan əlavə, eyni müqavilə üzrə digər məbləğlər xx.xx.2023-cü il tarixində 40 000 ABŞ dollar, xx.xx.2023-cü il tarixində isə 82 500 ABŞ dolları məbləğində olmaqla ödənilmişdir. Yelo Bank tərəfindən eyni müqavilə üzrə 40 000 və 82 500 ABŞ dolları məbləğində ödənişlər tərəfimizdən təqdim olunan gömrük bəyannamələri əsasında bağlanılsa da hazırkı xx.xx.2023-cü il tarixli ödəniş əsassız olaraq bağlanılmamışdır. Belə ki, tərəfimizdən təqdim olunan xx.xx.2023-cü il tarixli 8 ədəd gömrük bəyannaməsi və xx.xx.2023-cü il tarixli bir bəyannamə ilə hazırkı ödəniş çərçivəsində mallar ölkə ərazisinə gətirilmişdir. Ümumilikdə mallar 20 gömrük bəyannaməsi üzrə hər birinin dəyəri 11 125 ABŞ dolları olmaqla ölkə ərazisinə idxal edilmişdir. Bəyannamələrə nəzər yetiridikdə aydın olur ki, bəyannamədə mal göndərən şirkətin adı (HE RE XİAN), alıcı, müqavilə nömrəsi (FR-0087), malların adı Kalsium Xlorid və digər bütün məlumatlar tam uyğunluq təşkil edir. Şirkət tərəfindən sadəcə olaraq ödəniş təyinatında texniki səhvə yol verilərək prepayment - əvvəlcədən ödəniş qeyd olunmuşdur. Beləliklə, təqdim olunan sənədlərdən aydın olur ki, İOSC şirkəti tərəfindən bütün ödənişlər əsasında mallar tam həcmdə ölkə ərazisinə gətirilmişdir. Şirkət tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Bundan əlavə bildiririk ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında artıq eyni xarakterli bir neçə iş olmuş, Məhkəmənin xx.xx.2025-ci il tarixli 3(011)-8551/2025 nömrəli Qərarı ilə (hakim Fuad Axundov), xx.xx.2025-ci il tarixli 3(011)-8443/2025 nömrəli Qərarı ilə (hakim Aygün Həsənova), xx.xx.2025-ci il tarixli 3(011)-7505/2025 nömrəli Qərarı ilə (hakim Rəfail Sadıxov) və digər qərarları ilə oxşar xarakterli protokollar üzrə icraata xitam verilmişdir. Məhkəmə təcrübəsinin vahidliyi nəzərə alınmaqla qeyd olunan qərarlardakı məhkəmənin mövqeyinin nəzərə alınmasını xahiş edirik. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın subyektiv cəhəti təqsirin bir növü olan qəsddir, yəni bu xətanı törətmiş şəxs əməlini öncədən görməli, dərk etməli və bunu arzulamalıdır. Müvafiq xətanın tərkib elementini hazırkı işə tətbiq etsək, Cəmiyyət sadəcə ödəniş tapşırığının təyinat hissəsində texniki səhvə yol vermişdir. Həmçinin bu inzibati xətanın qanunvericiliyə daxil edilmə məqsədlərinə nəzər saldıqda aydın olur ki, Cəmiyyətin yol verdiyi texniki səhv bu inzibati xətanı törətməyə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Cəmiyyətin təqdim etdiyi sənədlərdən məlum olur ki, malların ödənişi tam şəkildə mallar ölkəyə idxal edildikdən sonra köçürülmüşdür. Bu zaman nə dövlət maraqlarına ziyan vurulmuş, nə də ölkədə maliyyə sabitliyi pozulmuşdur. Sonda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs QSC-nin vəkili və nümayəndəsi Vəkil iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, hüquqi şəxs Şəxs QSC tərəfindən 100000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 07 dekabr 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 12 dekabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs QSC tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyrirezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 dekabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs QSC 100000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 07 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; iş materiallarında olan **********0122 saylı, **********0126 saylı, **********0134 saylı, **********0140 saylı, **********0143 saylı, **********0146 saylı, **********0147 saylı, **********0155 saylı, **********4879 saylı, **********4883 saylı, **********4887 saylı, **********4893 saylı, **********4900 saylı, **********5578 saylı, **********5589 saylı, **********5807 saylı, **********7886 saylı, **********7895 saylı, **********0450 saylı və **********0457 saylı gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara 100000.00 ABŞ dolları ödəniş edilmiş və 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış məhsullar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMCnin 100000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 07 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürdükdən sonra 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış malların idxal edilməsi barədə gömrük bəyannamələrini təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar