Məhkəmə qərarları › İş №3(5-94)-1044/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(5-94)-1044/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-94)-1044/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Hikmət Hacıyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 23 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda xx.xx.2026-cı il tarixdə Nizami rayonu, Keşlə ŞTQ köndələn uzununa 1-ci ünvanında “Göktaş” mağazasında keçirilən YTM zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən “İSH” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə barələrində əsassız olaraq tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Hikmət Hacıyev inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC tərəfindən “İSH” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələbinin pozulduğunu bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hüquqi şəxs tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasını və bununla da “İSH” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasını təsdiqləyən sübutların məhkəməyə təqdim olunması hal-hazırda mümkün deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Hikmət Hacıyev tərəfindən tərtib edilmiş 23 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Nizami rayonu, Keşlə ŞTQ köndələn uzununa 1-ci ünvanında “Göktaş” mağazasında keçirilən YTM zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən “İSH” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələbinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 16 yanvar 2026-cı il tarixli çıxarışdan görünür ki, xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə Şəxs MMC-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yanğın-texniki müayinənin aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. xx.xx.2026-cı il tarixli, 536 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs MMC-yə məxsus, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ köndələn uzununa 1-ci ünvanında yerləşən təsərrüfat obyektində aparılmış yoxlama zamanı aşağıda qeyd olunan pozuntulara yol verilməsi aşkar edilmişdir: 1) Obyektin icbari qaydada sığorta olunmasına dair şəhadətnaməsi təqdim edilməmişdir (Azərbaycan Respublikası “İSH” Qanun 35.2); 2) Obyektin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməsi barədə sınaq protokolu tərtib edilməmişdir (YTQ 01-2001 bənd 6.1); 3) Obyektdə mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun sazlığı barədə mütəxəssis aktı tərtib edilməmişdir (YTQ 01-2001 bənd 1.9.4); 4) Obyektdə mövcud odsöndürənlərin saxlanması qaydalarına riayət edilmir (YTQ-01-2001 bənd 10.4). Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMC-yə barələrində başlanmış inzibati iş üzrə icraatda səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsinə dair məktubun göndərilməsini və tərtib olunmuş inzibati xəta haqqında protokolun hüquqi şəxsə çatdırılmasını təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Hikmət Hacıyev inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasını və bununlada “İSH” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasını təsdiqləyən sübutların məhkəməyə təqdim olunmasının hal-hazırda mümkün olmadığını qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 469.1-ci maddəsində icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 23 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar