Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1061/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X7 oğlunun katibliyi, X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli, EQ 33204504 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli, EQ 33204504 nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 09 yanvar 2026-cı il tarixdə Məhəmməd Hadi küçəsi ilə Ukrayna dairəsi istiqamətində hərəkət edərkən inzibati xətaya görə cərimə olunmuşdur. Törətdiyi xəta isə piyadaya yol verməməyi göstərilir. X5 girişində olan piyada keçidində baş vermişdir. Təqdim olunan fotoşəkillərdən də görünür ki, piyada l zolağın kənarında dayanıb. O isə ll zolaqda hərəkət etmişdir. Təqdim olunan 2-ci şəkildə aydın görünür ki, piyada l zolağın kənarında hərəkətsiz dayanıb. Belə olan halda onun hərəkət sürətinin dəyişməsinə yol verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli, EQ 33204504 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli, EQ 33204504 nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 09 yanvar 2026-cı il tarixdə saat 13:05-də Əhmədli kəndinin girişində «Hyundai Elantra» minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclası zamanı baxış keçirilmiş fotoşəkillərdən görünür ki, piyada yolun kənarında durub gözləyir. Avtomobil onun olduğu hərəkət zolağında yox, ikinci hərəkət zolağından keçib gedir. Baş Dövlət Yol Polisi İdarəsinin təqdim etdiyi videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, piyada yolu keçmək üçün piyada keçidinə daxil olur. Buna baxmayaraq «Hyundai Elantra» minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili saxlayıb piyadaya yol vermir. Videodan həmçinin müşahidə olunur ki, «Hyundai Elantra» minik markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin piyada keçidinə yaxınlaşarkən sürətini azaltmaması piyadanın hərəkətini davam etdirməsinə maneə olur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin l hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin l hissəsinin 4-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Həmin Qanunun 56-cı maddəsinin 2-ci bəndinə əsasən əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 330.0.1-ci maddəsinə əsasən, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, inzibati xətaya dair protokol tərtib edilmişdir. Protokol inzibati işlər üzrə sübut hesab edilir. Həmin protokol əsasında da qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli, EQ 33204504 nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2026-cı il tarixli, EQ 33204504 nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1061/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1061/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver