Məhkəmə qərarları › İş №3(5-94)-1076/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1076/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1076/2026 28.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidov Xəzər Araz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Zaqatala rayonu, Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 28 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6776/2024 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7025/2024 saylı icra sənədləri üzrə olan borc Şəxs tərəfindən ödənilməmiş və o, icra məmurunun qanuni tələblərinə riayət etməmişdir. Halhazırda icra sənədləri üzrə olan borc müvafiq olaraq 22381 manat və 4068 manat təşkil edir. Beləliklə, göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildirişlər göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs şifahi xəbərdarlıq edilərək qətnamələrin icraları tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icralarını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6776/2024 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7025/2024 saylı icra sənədlərini icra etməkdən boyun qaçırmamışdır, lakin maddi imkanı aşağı olduğundan, himayəsində azyaşlı övladı olduğundan və kirayədə yaşadığından borcunu bu vaxtadək tam olaraq ödəyə bilməmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, borcunu ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6776/2024 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 18911.1 (on səkkiz min doqquz yüz on bir manat on qəpik) manat, faiz borcuna görə 2824.57 (iki min altı yüz yirmi dörd manat əlli yeddi qəpik) manat, cərimə borcuna görə 700.09 (yeddi yüz manat doqquz qəpik), cəmi 22235 (iyirmi iki min iki yüz otuz beş) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156.71 (yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Hazırda qeyd olunan icra sənədi üzrə qalıq borc 22136 manat və 156.71 manat rüsum xərci təşkil edir. Lakin cavabdeh tərəfindən borc bu vaxtadək tam olaraq ödənilməmişdir. Odur ki o, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş protokolla razılaşdığını və Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6776/2024 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 18911.1 (on səkkiz min doqquz yüz on bir manat on qəpik) manat, faiz borcuna görə 2824.57 (iki min altı yüz yirmi dörd manat əlli yeddi qəpik) manat, cərimə borcuna görə 700.09 (yeddi yüz manat doqquz qəpik), cəmi 22235 (iyirmi iki min iki yüz otuz beş) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156.71 (yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6776/2024 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7025/2024 saylı icra sənədindən görünür ki, Şəxs 541nkAHM/23 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3427 manat əsas, 531,95 manat faiz, 35,2 manat cərimə borcu olmaqla, cəmi 3994 (üç min doqquz yüz doxsan dörd) manat 15 (on beş) (qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 95 (doxsan beş qəpik) alınaraq "xxxx" X9 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7025/2024 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və tərəflərin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6776/2024 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7025/2024 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarlarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, Şəxs və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə cəmi 22235 (iyirmi iki min iki yüz otuz beş) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156.71 (yüz əlli altı manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin tutulmasının, habelə xx.xx.2023cü il tarixli müqaviləyə əsasən cəmi 3994 (üç min doqquz yüz doxsan dörd) manat 15 (on beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 95 (doxsan beş) qəpik pulun alınaraq "xxxx" X9 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs icra sənədləri üzrə bugünədək 22381 manat və 4068 manat məbləğində ödənilməmiş borcu vardır. Bu hal onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxsnın dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində azyaşlı övladının olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar