Məhkəmə qərarları › İş №3(5-94)-1077/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1077/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1077/2026 09.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Bakı şəhər X6 İdarəsinin 03 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X5 03 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində İXP7377217 nömrəli inzibati xəta protokolu əsasında 150 (yüz əlli) manat cərimə və əlavə olaraq dəbbə pulu hesablanmışdır. Qeyd etmək istəyir ki, eyni hadisə və eyni inzibati xəta faktı üzrə bundan əvvəl tərtib edilmiş inzibati xəta protokolu ilə bağlı o, məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə həmin cərimə ləğv edilmiş, işə yenidən baxılması tələb olunmuşdur. Lakin inzibati orqan tərəfindən məhkəmə qərarının mahiyyəti nəzərə alınmadan, eyni hadisə üzrə bu dəfə formal olaraq başqa protokol nömrəsi (İXP7377217) ilə yenidən cərimə tətbiq edilmişdir. Halbuki, inzibati xəta eyni tarixdə, eyni nəqliyyat vasitəsi ilə, eyni iddia edilən pozuntu üzrədir, sübutlar və faktiki hallar dəyişməmişdir. Bu isə inzibati orqanın məhkəmə qərarını dolayısı yolla icra etməməsi və eyni inzibati xəta üzrə şəxsin təkrar məsuliyyətə cəlb edilməsi anlamına gəlir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, inzibati xəta üzrə tətbiq edilmiş cərimə əsaslandırılmamış, təqdim edilmiş sübutların obyektivliyi və mötəbərliyi məhkəmə qərarına baxmayaraq yenidən qiymətləndirilməmişdir. İXP7377217 nömrəli inzibati xəta protokolu üzrə çıxarılmış qərar ləğv edilməsini, barəsində tətbiq edilmiş 150 manat cərimə və hesablanmış dəbbə pulu qanunsuz hesab edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, avtomobilə heç bir dəyişiklik etməmişdir. Özü taksi fəaliyyəti ilə məşğuldur. Ona purjuna görə irad bildirmiş və avtomobili cəriməyə salmışlar. Ekspertiza keçirilməsini xahiş etmiş və təyin etmişlər. Ekspert demişdir ki, avtomobilində heç nə yoxdur. Sonra demişlər ki, stopları dəyişib, zavod stopu deyil. Cərimə yazmışlar. Halbuki yeni üsulla istehsal olunmuş zavod stopudur. Sonradan yenə demişlər ki, purjun sayı əskikdir. Əgər purjunda problem var idisə, ona görə cərimə edərdilər. Göstərilənlərə əsasən şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X6 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 08:20-də Bakı şəhəri, Xətai rayonunda “Chevrolet Cobalt LTZ minik” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-8351/2025 saylı qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Məhkəmə iclasında Bakı şəhər X6 İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntüdən avtomobilin alt hissəsində asqı yayları və digər hissə və mexanizmlərinin olduğu görünür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 342.2.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər X6 İdarəsi tərəfindən tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli, TP ******* saylı qərara əsasən X1 xx.xx.2025-ci il tarixdə saat 08:20-də Bakı şəhəri, Xətai rayonunda “Chevrolet Cobalt LTZ minik” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanıldıqdan sonra müvafiq qaydada müayinə aparılmalı, habelə nasaz nəqliyyat vasitələri xüsusi cihazlardan istifadə olunmaqla yoxlanılmalı olduqları halda, polis əməkdaşı tərəfindən yalnız vizual formada nəqliyyat vasitəsinə baxış keçirilməklə kifayətlənilərək X1 nəqliyyat vasitəsini normativ tələblər pozulmaqla təkər bazasının və ya təkər düsturunun pozulması qənaətinə gəlinərək barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videoyazıya baxış keçirilməklə də inzibati xəta haqqında protokolda qeyd edilən pozuntuları müəyyən etmək (təkzib və ya təsdiq etmək) mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 03 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-8351/2025 saylı qərarı ilə iş yenidən araşdırılması və baxılması üçün səlahiyyətli orqana qaytarılsa da, X1 xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsinin 03 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul olunmuş 03 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar