Məhkəmə qərarları › İş №3(5-94)-1083/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1083/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1083/2026 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai RİŞ-nin böyük icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri , Xətai rayonu, məhəllə 2944, ev.87A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu barədə Bakı şəhəri Xətai RİŞ-nin böyük icra məmuru X7 tərəfindən MN ******* nömrəli, 29 yanvar 2026-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai RİŞ-nin böyük icra məmuru X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs icrası bütün şəxslər üçün məcburi olan icra vərəqəsinin icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş, barəsində 500 manat cərimə cəzası tətbiq olunmuş və hazırda həmin cərimə cəzasıda ödənilməmişdir. Buna görə də borclu şəxs Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən hazırki vaxta qədər yığılan 3444 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Bildirmişdir ki, hazırda heç bir yerdə işləmir. Tələbkarın uşaqları saxlamağa kifayət qədər imkanı vardır. Aliment ödəmədiyi üçün məhkəmə bir dəfə onun barəsində 500 manat cərimə tətbiq etmişdir və həmin cəriməni də ödəməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tələbkar X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-5495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 10 aprel 2024-cü il təvəllüdlü X8 və 03 iyun 2017-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 iyun 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 3(011)-10350/2025 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-1 maddəsinə əsasən, həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, barəsində ilk dəfə cərimə növündə inzibati tənbeh tətbiq edildikdən sonra belə, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Eyni zamanda, Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 3(011)-10350/2025 saylı qərarı ilə ona inzibati tənbeh tədbiri kimi tətbiq edilmiş 500 (beş yüz) manat məbləğində cəriməni də ödəməmişdir. Göründüyü kimi, Şəxs eyni icra sənədini icra etməyərək, inzibati xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. AR İXM-in 33.3-cü maddəsinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Odur ki, Məhkəmə AR İXM-in 33.1.2-ci maddəsini məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə almır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, daha əvvəl də barəsində inzibati tənbeh qaydasında tətbiq edilmiş inzibati cəriməni ödəməmiş Şəxs barəsində hazırda cərimə növündə inzibati tənbehin seçilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Beləliklə, məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 29 yanvar 2026-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar