Məhkəmə qərarları › İş №3(5-94)-1135/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1135/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1135/2026 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidov Xəzər Araz oğlunun katibliyi, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məmməd Məmmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonu, Qarğılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Cəlilabad rayonu, Mikayıllı Ə/D, Qarğılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məmməd Məmmədov tərəfindən tərtib edilmiş 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, barəsində əsassız olaraq nalayiq ifadələr işlədərək xuliqanlıq əməli törətməsi və polisə tabesizlik göstərməsi barədə protokol tərtib edilmişdir. Belə ki, həmin tarixdə o, telefonla danışaraq heç kimə qarşı nalayiq ifadə işlətməmişdir. Ondan yolda gedən zaman “ASAN xidmətin” ünvanını soruşmuşlar o isə bilmədiyini demiş və daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Siyasi fəaliyyətlə məşğul olması səbəbindən barəsində protokol tərtib edilmişdir. O, səs-küy salmamış, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məmməd Məmmədov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə polis əmıkdaşı Fikrət Məmmədov inzibati ərazidə xidmətdə olarkən, saat 09:45 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Lalələr parkının qarşısında bir nəfər şəxsin telefonla danışan zaman ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. Yaxınlaşıb özünü təqdim edib xidməti vəsiqəsini göstərmişdir. Həmin şəxslə profilaktik söhbət apardığı zaman həmin şəxs aqressiv şəkildə onunla kobud danışmağa başlamış, ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxsi Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etdikdə tabesizlik göstərmişdir. Daha sonra həmin şəxsi Xətai RPİ-nin 37-ci PŞ-nə təmin etmişdir. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü Şəxsdur. Beləliklə o, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Məmməd Məmmədov tərəfindən tərtib edilmiş 02 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qaydada tutma haqqında 02 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 10:00-da tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edən şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməməsi barədə verdiyi izahatına tənqidi yanaşır və hesab edir ki, həmin izahat şəxsin özünü müdafiə xarakteri daşıyır. Həmçinin, onun izahatında qeyd etdiyi xüsusatlar inzibati xəta haqqında protokolu tərtib edən şəxsin izahatı və iş materialları ilə təkzib olunur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2026-cı il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2026-cı il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar