Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1183/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində çıxarılmış EQ 33577782 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə etdiyi **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə aid olmayan atasının idarə etdiyi avtomobilinə gələn cərimələr (ballar) onun sürücülük vəsiqəsinə gəlmişdir. Bunun nəticəsində sürücülük vəsiqəsinə məhrumiyyət qoyulmuşdur. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə “Changan Qiyuan Q07 Plug-İn Hibrid minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərardan görünür ki, X1 xx.xx.2026-cı il tarixdə, saat 09:13-də Gəncə prospekti, Fəridə Şadlıq sarayının qaşısında “Changan Qiyuan Q07 Plug-İn Hibrid minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etməsi və bir il ərzində 20 və daha çox bal toplaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 327.7ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və sürücülük hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X2 inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə -yüz manat məbləğində cərimə edilir; 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli elektron qərarla X1 Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həmin tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatı alınmış X4 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə “Changan Qiyuan Q07 Plug-İn Hibrid minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili o, özü idarə etməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanın sırf onun tərəfindən törədilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə elektron qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.7-ci maddələri ilə inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1183/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1183/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver