Məhkəmə qərarları › İş №3(5-94)-1233/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1233/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1233/2026 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-ci Polis Şöbəsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1965-ci ildə İsmayıllı rayonu, Şabiyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 02 dekabr 2025-ci il tarixdə DİN-nin 102 xidməti mərkəzinə zəng edərək qeyrietik ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-ci Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 06 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətində olduğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-ci Polis Şöbəsinin sahə inspektoru X3 oğlu izahatında göstərdi ki, Şəxs DİN-nin 102 xidməti mərkəzinə zəng edərək qeyri-etik ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Həmçinin, Şəxs protokol tərtib etmək üçün gətirilən zaman ətrafda olan şəxslərə baxmayaraq, ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Xahiş edir ki, şəxsin barəsində həbs növündə inzibati tənbeh tətbiq edilsin. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, fərdi qaydada işlədiyi adamdan pulunu ala bilmədiyi üçün DİN-nin 102 xidmətinə müraciət etmiş lakin, nəticə olmadığı üçün təkrar olaraq yenə də DİN-nin 102 xidmətinə müraciət edən zaman qeyri-etik ifadələr işlətmişdir. Lakin, sonradan protokol tərtib olunmaq üçün gətirilərkən hər hansı qeyri-etik ifadə səsləndirməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, 06 fevral 2026-cı il tarixdə, saat 10-11 radələrində polis əməkdaşlarının bir nəfər yaşlı kişiyə yaxınlaşdıqlarını və bu zaman həmin kişinin ünvansız nalayiq ifadələr işlətməsini görmüşdür. Həmin kişi hazırda məhkəmə iclas zalında gördüyü Nazim adlı şəxsdir. X2 hüquqlarını müdafiə etdiyi şəxsin yaşlı olmasını, hadisənin onun əsəblərinin gərginliyi nəticəsində baş verməsini nəzərə alaraq, barəsində inzibati tənbehin tətbiq edilməməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, şahidi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510cu maddəsi ilə bağlı işlərə baxılması həmçinin rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiqi kifayət etmir, belə ki o, heç bir faydalı işlə məşğul olmur, DİN-nin 102 xidmətinə zəng edərək qeyri-etik ifadələr işlətmiş, eyni zamanda sonradan da hərəkətlərini davam etdirmişdir. Qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İş materiallarından və protokolu tərtib etmiş şəxsin izahatından görünür ki, Şəxs 06 fevral 2026-cı il tarixdə, saat 11:00-da protokol tərtib edilmək üçün gətirilmişdir. AR İXM-in 89.5-ci maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğundur. İnzibati həbs müddətinin başlanğıcı isə şəxsin protokol tərtib edilmək üçün gətirildiyi vaxtdan, yəni, 06 fevral 2026-cı il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Həmçinin, X1 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 manat məbləğində vəsait Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 04 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 06 fevral 2026-cı il tarixdən, saat 11:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma mərkəzində mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. X1 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 manat məbləğində vəsait Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar