Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1299/2026 12.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 05 fevral 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 30000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 07 yanvar 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür."Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 30000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 08 yanvar 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, № OX3 ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 30000,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 07 yanvar 2024-cü il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 13 yanvar 2026-cı il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüş 30000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların 2 il müddətinə ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunana xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Qeyd olunanları nəzərə alaraq "xxxx" ASC tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair sənədlər Azərbaycan Respublikası Mərkəzi X1 07 dekabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli RB 20210105 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı sifariş olunan 5.000000 (beş milyon) ABŞ dolları dəyərində malı müqavilədə nəzərdə tutulan müddətdə İnkoterms 2000 (FOB) şərtləri ilə çatdırmağı, Alıcı (Şəxs) isə malı qəbul etməmişdən öncə vəsaiti avans şəklində ödəyir. Müqavilənin 2.1.1-ci bəndinə uyğun olaraq, lazımi keyfiyyətdə və lazımi qablaşdırmada olan Malı sifariş verildikdən və invois tərəflər arasında razılaşdırıldığı gündən sonra 15 təqvim günü ərzində yükləməni Alıcının ünvanına həyata keçirmək. Mallar invoisda müəyyən olunan komplektdə təqdim olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 fevral 2026-cı il tarixli EP ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən 30000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 07 yanvar 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 30000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 07 dekabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli Qərarına görə, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. X3 Heyəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında müəyyən edilmiş tövsiyələrinə uyğun olaraq, həmçinin son illər ölkənin tədiyə balansının göstəricilərində müşahidə edilən yaxşılaşmanı, gömrük nəzarətinin, bütövlüklə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələrini nəzərə alaraq 20 fevral 2020-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik etmiş, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmışdır. Bundan başqa idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Məhkəmə Cəmiyyətin etirazda göstərdiyi dəlilləri Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında sərgilədiyi mövqeyə uyğun olaraq nəzərdən keçirərək qərara gəlir ki, hazırkı işdə təqsirin mövcud olmamasına dair dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi qeyd edilən qərarlarında azad sahibkarlıq hüququnun həyata keçirilməsini fiziki və hüquqi şəxslərin konstitusion hüququ kimi qeyd etməklə yanaşı dövlətin bu sahədə müvafiq tənzimləmələrinin də həmin hüquqa zidd olmaması nəticəsinə gəlmişdir. Bu mövqe həm də onu deməyə əsas verir ki, sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlərin müəyyən itkilərə və zərərə məruz qalmaq riski təkcə iqtisadi fəlaiyyət nəticəsində baş verən itkiləri deyil, eləcə də ilə bu fəlaiyyətlə bağlı məruz qala biləcəkləri sanksiyaları da əhatə edir. Bu mənada hüquqi şəxslərin məsuliyyəti fərdiləşdirilərkən onların xarici ticarət fəlaiyyətini həyaya keçirərkən məruz qala biləcəkləri itki və ya sanksiyaları qabaqcadan görməli və bilməli olduqları nəzərə alınmalıdır. Bundan istisnaya fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s. kimi hüquqi şəxsdən asılı olmayan hallarda yol verilir. Hazırkı işdə müqavilənin tərəfi kimi Şəxs müqavilə şərtlərinə uyğun olaraq məruz qala biləcəyi itkiləri, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə vəsaitini qaytarılmamasına görə üzləşəcəyi sanksiyaları öncədən görmüş və bilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən 07 yanvar 2024-cü il tarixində 30000,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və 2 il müddət keçsə də, 30000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən 07 yanvar 2024-cü il tarixində "xxxx" ASC vasitəsilə 30000,00 ABŞ dolları məbləğində pul vəsaitinin xaricə köçürülməsi və Şəxs MMC tərəfindən 30000,00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar ölkəyə idxal olunmasına dair hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməli, cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30000,00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 6000 (altı min) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov
Məhkəmə qərarları › İş №3(5-94)-1299/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1299/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver