Məhkəmə qərarları › İş №3(5-94)-1326/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1326/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1326/2026 10.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3076/2022 saylı, 29 iyun 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən 10 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3076/2022 saylı, 29 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh X4 570 (beş yüz yetmiş) manat, digər cavabdeh Şəxs isə 18.685 (on səkkiz min altı yüz səksən beş) manat pul vəsaiti alınaraq iddiaçı X3 ödənilməsi qeyd edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3076/2022 saylı, 29 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən X3 18833 ( bir min səkkiz yüz otuz üç) manat ödəniş etməlidir. İcra vərəqəsi Xətayi rayon İcra Şöbəsinin icraatına 01 msentyabr 2022-ci ildə daxil olub, borclunun ölkədən getmək hüququ müvəqqəti məhtudlaşdırılıb, icraat dönəmində müxtəlif vaxtlarda cəmi 2020 (iki min iyirmi) manat ödəniş olunub, hazırda borc 16813 (on altı min səkkiz yüz on üç) manat təşkil edir, borc ödənilmədiyindən borclu haqqında inzibati material hazırlanaraq baxılması üçün məhkəməyə göndərilib. Beləliklə, göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hal-hazırda daimi işi yoxdur, dırnaq ustasıdır və sifariş olanda işləyə bilir. Azyaşlı övladı var, borcu ödəmək istəyir, lakin, tam ödəməyə imkanı çatmır. Sonuncu dəfə mayda ödəniş etmişdir. Maddi imkanına uyğun bir qrafik təşkil olunarsa ödənişi edə bilər. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərdi ki, borcluya lazim olan qrafik təqdim edilmişdir. Belə ki, borclu tərəfindən hər ay 500 manat pul ödəməlidir, fəqrli intervallarla ödəmə etdikdən sonra sonuncu dəfə 2025-ci ilin aprel ayında 70 (yetmiş) manat, may ayında 100 (yüz) manat ödəniş etmişdir. Ondan sonra heç bir ödəniş etməmişdir. Borclu icradan yayınır, zənglərə cavab vermir. Dörd il müddətində 2020 (iki min iyirmi) manat pul ödənilmişdir. Axtarışa verilməyinə baxmayaraq, əlaqə saxlamaq mümkün olmamışdır. Cərimə tətbiq olunarsa yenidən yayınmağa cəhd edəcəkdir. Qeyd olunanların nəzərə alınmasını və borclu barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli e-191286/2022-4k nömrəli Xətayi rayon İcra Şöbəsinin “tələbin könüllü icrası haqqında” bildiriş məktubundan görünür ki, Şəxs Bəylər qızına borcun könüllü icra edilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 10 fevral 2026-cı il tarixli aktda qeyd edilir ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin 2(011)-3076/2022 saylı, 29 iyun 2022-ci il tarixli icra sənədinə əsasən borclu İmanlı X7 şəhəri, kristal ünvan 1 ünvanında qeydiyyatsız (kirayə) yaşayır. Əlavə olaraq qeyd olunmuşdur ki, Şəxs Bəylər qızı 2021-ci ilin iyul ayından Vunqtau küçəsi,ev 15 mənzil 813 ünvanında yaşamır (mənzil satılmışdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya sistemində görünür ki, Şəxs Bəylər qızının əmlak və gəliri yoxdur, pensiya almır. Göründüyü kimi, icra sənədinin çıxarıldığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, Şəxs icra sənədinin icra olunması üçün kifayət qədər addım atmamışdır. Belə ki, borclunun hazırda işsiz olması, əmlakı olmaması onun icra sənədinin icrasından boyun qaçırmasına haqq qazandıra bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-in 32.1.3-cü maddəsinə əsasən, hazırki iş üzrə Şəxs azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 9, 12, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar