Məhkəmə qərarları › İş №3(5-94)-1351/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1351/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1351/2026 11.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Rəşidov Xəzər Araz oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx xxxx 1976-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 fevral 2026-cı il tarixli qərardan və inzibati xəta haqqında 11 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı ildə, saat 16 radələrində ünvan 2 ünvanında yerləşən mağazada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Bununlada Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 11 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Rövşən adlı şəxs bir il qabaq onların evinə qızı Gülnarəyə görə elçi gəlmişdir. Rövşənin arvadı isə onlara elçi düşdüyünü bildiyi üçün onun nömrəsini Rövşənin telefonundan götürərək zəng vurmuşdur, özünü ona təqdim etmiş, Rövşənin arvadı olduğunu demiş, o, demişdir ki, Rövşən subay olduğunu deyib. Daha sonra da həmin qadına demişdir ki, o, Rövşənlə danışıb yığacaqdır. Rövşən ona demişdir ki, həmin xanıma baş qoşmasın. Səhərisi gün isə Nərmin Rövşəni polisə şikayət etmişdir. Daha sonra Rövşən ona general adlı şəxsin səsini atmış və demişdir ki, bu şəxs onun atasıdır, atası Nərminlə danışıb ki, şikayəti geri götürsün. Daha sonra o, Gülnarəyə Rövşənlə münasibəti qadağan etmişdir. Daha sonra Nərmin onun qızı Gülnarəni güdməyə başlamışdır. Beləliklə də onların arasında mübahisəli məsələlər yaranmışdır. Onlar hər dəfə Nərminin mağazasının qarşısından keçəndə ona, qızına nəvələrinə sataşmağa başlamışdır. O, Rövşənə demişdir ki, arvadı həmin mağazadan çıxsın və işləməsin, Rövşən də ona demişdir ki, arvadı orada işləməyəcək. xx.xx.2026-ci ildə o, Nərminin mağazasına getmiş, Rövşəni çağırmasını istəmiş, sonuncu da demişdir ki, atasını çağıracaq. O “atavı nə edirəm Rövşəni çağır” demiş və beləliklə aralarında mübahisə yaranmışdır, bir-birilərini təhqir etmişlər və aralarında mübahisə yaranmışdır. Onun qızının ünvanına nalayiq ifadə işlətdikdə o da mağazanı dağıdaraq qarşılıq vermişdir. Nərmin onun əlindəki pul kisəsini almış və qızlarına nalayiq ifadələr işlətmişdir, lakin o, Nərminə qarşı fiziki güc tətbiq etməmişdir. Göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 1 il qabaq onların mağazasında 3-4 gün satıcı işləyən Gülnarə adlı xanımın anası Şəxs və qızı Zərifə Cəfərzadə təxminən 4 aydır ki, hər dəfə onların mağazasının qarşısından keçdikcə mağazaya daxil olaraq ona qarşı nalayiq ifadələr işlədərək təhqir edirlər. Ona bu mağazanı işlətməməyini bildirirlər. xx.xx.2026-cı il tarixdə saat təxminən 16 radələrində o, işdə olduğu zaman mağazaya daxil olmuş, onun üzərinə hücüm çəkərək qarın nahiyəsindən dizi ilə bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. Bundan əlavə mağazanın içərisini dağıdaraq əlinə keçən əşyaları onun üz baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə nəticəsində o, həm xəsarət almış, həmdə mağazaya 250 manat maddi ziyan dəymişdir. Odur ki o, Şəxs bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİnin 34-cü Polis Şöbəsinin sahə inspektoru X2 11 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini bildirmiş və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elçin Qəhrəmanlı tərəfindən qəbul edilmiş 04 fevral 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır; Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 11 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı ildə, saat 16 radələrində ünvan 2 ünvanında yerləşən mağazada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elçin Qəhrəmanlı tərəfindən qəbul edilmiş 04 fevral 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə tibbi ekspertizasının 11 saylı xx.xx.2026-cı il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol budun qançırı və qarın nahiyəsinin zəif şişkinliyi (qarın əzələsinin diastazı) müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2026-cı il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarma görə özü-özünə yetirməsi inandırıcı deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Nərminin qızının ünvanına nalayiq ifadə işlətdikdə mağazanı dağıdaraq qarşılıq verdiyini, Nərminin onun əlindəki pul kisəsini alaraq qızlarına nalayiq ifadələr işlətdiyini, lakin Nərminə qarşı fiziki güc tətbiq etmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında 01 ədəd flash kartda olan videogörüntülərə və fotoşəkillərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Şəxs mobil telefon aksesuarlarının satışı ilə məşğul olan mağazaya daxil olur, daha sonra orada çalışan Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranır və onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlədirlər, mübahisə zamanı Şəxs mağazada satılan aksesuarları çantasına yığır və bir hissəsini dağıdaraq yerə atır, həmçinin Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq edir. Bununlada məhkəmə belə qənaətə gəlir ki, Şəxs izahatı həqiqəti əks etdirmədiyindən və iş materialları ilə təkzib olunduğundan inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş izahat kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməklə barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar