Məhkəmə qərarları › İş №3(5-94)-1354/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1354/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1354/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, X2 və X5 oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 05 fevral 2026-cı il tarixli, EQ 33695192 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin 05 fevral 2026-cı il tarixli, EQ 33695192 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adına olan maşına xx.xx.2026-cı ildə DYP müfəttişi tərəfindən İXM 346.5-ci maddəsinə görə cərimə yazılmışdır. Hansı ki, maşın yol kəsişməsindən azı 10 metr içəridə dayanmışdır. Maşının sağ təkəri yerdə kanalizasiya qapağının üzərindədir. Yerində kəsişmədən 10 sm çox aralı olduğu yoxlanıla bilər. 40 manat və 2 balın qeyri-qanuni olduğu qənaitindədir. DYP əməkdaşının hərəkətini araşdırıb qiymət verilməsini və cərimələrin silinməsinə köməklik göstərilməsini xahiş edir. Belə hal mütəmadi olduğu üçün məhkəməyə müraciət etmişdir ki, qanunsuz baş verən hallara DYP tərəfindən son qoyulsun. Həmin dayandığı yerdə heç bir xətt, heç bir nişan şəkildən göründüyü kimi yoxdur. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayətinə uyğun izahat verərək qərarın ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 05 fevral 2026-cı il tarixli, EQ 33695192 saylı inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, xx.xx.2026cı il tarixdə saat 18:16-da “Chevrolet Aveo minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilini Kamil Balakişiyev küçəsi 123 ərazisində idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan fotoşəkillərə baxış keçirilərkən yolun hərəkət hissələrinin kəsişməsi, kəsişən hərəkət hissəsinin kənarı müəyyən edilə bilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan şəxs tərəfindən qayda pozuntusunun törədilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.5-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 05 fevral 2026-cı il tarixli, EQ 33695192 saylı qərara əsasən xx.xx.2026-cı il tarixdə saat 18:16-da Kamil Balakişiyev küçəsi 123 ərazisində “Chevrolet Aveo minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 05 fevral 2026-cı il tarixli, EQ 33695192 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan şəxsin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin 05 fevral 2026-cı il tarixli, EQ 33695192 saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 05 fevral 2026-cı il tarixli, EQ 33695192 saylı inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar