Məhkəmə qərarları › İş №3(5-94)-1357/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1357/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1357/2026 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)26.01,2026-cı il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının və ona tətbiq edilmiş cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində, o, etibarnamə əsasında idarə etdiyi 90ZZ574 dövlət qeydiyyat nişanlı avtomobili əlilliyi olan şəxslər üçün ayrılmış P18001 nömrəli parklanma yerində saxladığı üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X hissəsinin tələbinin pozulmasına görə AYNA tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346-1.3-cü maddəsinə (Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə) əsasən AYN 1938827 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş protokol və qərar qanunsuz və əsassızdır. Belə ki, o, birinci qrup əlil olmaqla bu barədə müvafiq arayışı avtomobilinin ön alın şüşəsində aşkar görünən şəraitdə yerləşdirməklə avtomobili qeyd olunan parklanma yerində saxlamışdır. Lakin bu nəzərə alınmadan qanunsuz inzibati tənbeh tətbiq edilmişdir. Bununla bağlı AYNA-ya şikayət etməyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Buna görə də hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən xx.xx.2026-cı il tarixində, saat 12:11-də Bəsti Bağırova ünvanında “BMW X-5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerində parklanması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş əlilliyin qiymətləndirilməsinə dair arayışdan görünür ki, X4 İ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə - altmış manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 tərəfindən xx.xx.2026-cı il tarixində, saat 12:11-də Bəsti Bağırova ünvanında “BMW X-5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerində parklanması əsas gətirilərək Azərbaycan Respublikası İXMnin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında və şikayət ərizəsində birinci qrup əlil olmaqla bu barədə müvafiq arayışın avtomobilinin ön alın şüşəsində aşkar görünən şəraitdə yerləşdirməklə avtomobili qeyd olunan parklanma yerində saxladığını, barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X hissəsinin tələblərinə əsasən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Eyni zamanda, sürücülər "əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 72-ci maddəsinin 5-ci bəndinə əsasən “Əlilliyi olan şəxs” tanınma nişanı, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında, tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən “Əlilliyi olan şəxs” tanınma nişanı orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən və ya onların müraciəti və müvafiq orqanizmin funksiyalarının pozulması faizini təsdiq edən sənəd əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənişsiz təqdim olunur. “Əlilliyi olan şəxs” tanınma nişanı yerləşdirilmiş nəqliyyat vasitəsini idarə edən şəxs orqanizmin funksiyalarının pozulması faizini təsdiq edən sənədi özündə saxlamalı və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə yoxlanılması üçün ona təqdim etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkildən də məlum olduğu kimi X5 tərəfindən “BMW X-5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “Əlilliyi olan şəxs” tanınma nişanı quraşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar