Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1360/2026 04.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə 09 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2026-cı il tarixində su təsərrüfatı qurğusunun zədələnməsi və onların istismar qaydalarına riayət edilməməsi faktı aşkar edilmişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında Şəxs tərəfindən su təsərrüfatı qurğusunun zədələnməsi və onların istismar qaydalarına riayət etməməsi faktı aşkar edilmişdir. Şəxs törətdiyi əməl nəticəsində Azərbaycan Respublikası Su Məcəlləsinin və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Beləliklə o, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi Vəkil tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Əvvəldən həmin ərazidə xətt olub, onlar sadəcə xətti yuxarıdan qoşublar. Orada olan obyekt başqa adamın adına özəlləşdirilmiş yer olub və onlar alanda artıq xətt qoşulu vəziyyətdə olub. Həmin xətt Xətai rayon Su İdarəsi tərəfindən çəkilib. Protokolda qeyd olunan ərazidə çəkilmiş kanalizasiya xətti “T” şəkillidir, bir hissəsi moykaya qoşulub. Yağış yağan zaman su yerə töküldüyü üçün palçıq olduğundan, orada fəaliyyət göstərən bağçanın müdiri demişdir ki, uşaqların keçidinə çətinlik yaranır. Bu səbəbdən onlar xətti yuxarıdan qoşmuşlar, lakin yerdə heç bir qazıntı işləri aparılmamışdır. Bundan əlavə səlahiyyətli orqan tərəfindən Şəxs barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsinin baş məsləhətçisi müfəttiş X2 tərəfindən tərtib olunmuş 09 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 1 ünvanında xx.xx.2026-cı il tarixində su təsərrüfatı qurğusunu zədələməklə və onların istismar qaydalarına riayət etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 09 fevral 2026-cı il tarixli, 000396 nömrəli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonunun inzibati ərazisində su təchizatı və tullantı suları şəbəkələrinin monitorinqi həyata keçirilən zaman Şəxs mülkiyyətində olan qeyri-yaşayış obyektində (supermarket) kanalizasiya baxış quyusunu zədələməklə, müqavilə olmadan istismar qaydalarına riayət edilmədən tullantı suları şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Belə ki, Şəxs tərəfindən ona məxsus qeyri-yaşayış obyektində formalaşan kanalizasiya suları və həmçinin yağış suları istismar qaydalarına zidd olaraq müqaviləsiz d=100 mm-lik boru vasitəsilə kanalizasiya şəbəkəsinə axıdılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 39cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən yağış sularının axıdılması qadağandır. Lakin buna baxmayaraq vətəndaş Şəxs tərəfindən qeyri-qanuni çəkilmiş xətlə yağış suları kanalizasiya sisteminə axıdılır. Nəticədə vətəndaş Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 12 və 13-cü bəndlərinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 37, 56, 57, 58, 59, 67 və 68-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 9.11.3-cü bəndinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd diskdə olan videogörüntüdən görünür ki, Şəxs tərəfindən su təsərrüfatı qurğusunun istismarı qaydaları pozulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixdən Şəxs xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2026-cı il tarixində su təsərrüfatı qurğusu zədələnməklə istismar qaydalarına riayət edilməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin nümayəndəsinin Şəxs tərəfindən heç bir inzibati xəta hadisə törədilməməsinə və həmin ərazidə heç bir qazıntı işləri aparılmadıqlarına dair izahatına tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmçinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün: a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli; c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli; ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir. Həmin Qanunun 39-cu maddəsinin 1-ci hissəsinə əsasən ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır: a) yağış sularının; b) tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin; c) neft məhsullarının və kalsium karbidin; ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin; d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı sularının; e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və maddələrin. Həmin Qanunun 39-cu maddəsinin 2-ci hissəsinə əsasən tullantı sularının yağış kanalizasiya sisteminə axıdılması qadağan edilir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd diskdə olan videogörüntüdən görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında su təsərrüfatı qurğusunun istismarı qaydaları pozulmuş və ümumi istifadədə olan kanalizasiya sisteminə boru vasitəsilə yağış sularının axıdılmasına (atılmasına) şərait yaradılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi Vəkil əvvəldən həmin ərazidə xətt olduğunu, onların sadəcə xətti yuxarıdan qoşduqlarını, orada olan obyektin başqa adamın adına özəlləşdirilmiş yer olduğunu, onlar alanda artıq xəttin qoşulu vəziyyətdə olduğunu, həmin xəttin Xətai rayon Su İdarəsi tərəfindən çəkildiyini bildirsə də, iş materiallarına əlavə edilmiş çıxarışdan da məlum olduğu kimi Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, 1A ünvanında yerləşən qeyriyaşayış binası xx.xx.2020-ci il tarixdən Şəxs xüsusi mülkiyyətində olmuş, lakin istehlakçı tərəfindən su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarının pozuntuları uzun müddət ərzində aradan qaldırılmamışdır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi Vəkil səlahiyyətli orqan tərəfindən Şəxs barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilməsinin də qanunsuz olduğunu bildirsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Məhkəmə qeyd edir ki, Şəxs məxsus qeyri-yaşayış sahəsi market kimi fəaliyyət göstərir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(5-94)-1360/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1360/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver