Məhkəmə qərarları › İş №3(5-94)-1391/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1391/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1391/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Balakən rayon Katex kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 12 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-506/2025 saylı icra sənədi üzrə 1388 manat məbləğində aliment və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 3049/2020 saylı icra sənədi üzrə 618 manat məbləğində aliment Şəxs tərəfindən ödənilməmiş və o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədləri üzrə icraata başlanılmış, icra sənədlərinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərarlar və bildirişlər göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu maddi vəziyyəti aşağı olduğundan icra sənədlərinin icralarını tam təmin edə bilməmişdir. Həmçinin, borclu tərəfindən xx.xx.2026-cı il tarixdə zərərçəkmiş şəxslərin xeyrinə ayrı-ayrılıqda 500 manat məbləğində ödəniş edilmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)- 506/2025 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 3049/2020 saylı icra sənədlərindən məlumatı olmuşdur. İcra sənədləri üzrə olan borcunu ödəməkdən imtina etmir, lakin maddi imkanı zəif olduğundan bugünədək borcunu tam olaraq ödəyə bilməmişdir. Bundan əlavə fevral ayı üçün tələbkarların xeyrinə ayrı-ayrılıqda 500 manat məbləğində ödəniş etmişdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-506/2025 saylı icra sənədindən görünür ki, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X5 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 (bir tam yüzdə on səkkiz) misli həddində indeksasiya olunmuşdur; icraata başlama haqqında 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-506/2025 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3049/2020 saylı icra sənədindən görünür ki, Şəxs 17 sentyabr 2018-ci il təvəllüdlü X3 anası X1 üçün hər ay cavabdeh Şəxs qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alaimentin tutulaarq X7 ödənilməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması qət edilmişdir; icraata başlama haqqında 23 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3049/2020 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə 500 manat məbləğində pul Allahverdiyeva (Həsənli) Rəna Bəhruz qızının və xx.xx.2026-cı il tarixdə 500 manat məbləğində pul X5 xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədləri üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-506/2025 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3049/2020 saylı icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilmiş və həmin qərarlar tələbin könüllü icrası barədə bildirişlərlə bərabər borclunun ünvanına göndərilmişdir. Şəxs tərəfindən icra sənədləri üzrə olan borcdan mütəmadi olaraq ödənişlər edilmiş və "xxxx" MMC tərəfindən verilmiş ödəniş qəbzlərindən də göründüyü kimi Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə 500 manat məbləğində pul Allahverdiyeva (Həsənli) Rəna Bəhruz qızının və xx.xx.2026-cı il tarixdə 500 manat məbləğində pul X5 xeyrinə ödənilmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğin ödənilməsindən yayınmamış, icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğdən müəyyən ödənişlər etmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs tərəfindən məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun mütəmadi olaraq ödənişlər etməsi öz təsdiqini tapmışdır. Bundan əlavə Şəxs icra məmurunun bütün çağırışlarına vaxtı vaxtında gəlmiş və heç bir yayınma hərəkətləri etməmişdir. Belə olan halda, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınması, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırması halı istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi qismən təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 15, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar