Məhkəmə qərarları › İş №3(5-94)-1420/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1420/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1420/2026 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs –Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun öhdəliyinin icra edilməməsi müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən MN ******* nömrəli, 13 fevral 2026cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Şəxs bugünədək 1608 manat aliment borcu yaranmışdır. İcra məmurunun çağırışlarına gəlmiş, heç vaxt yayınmamışdır. Mütəmadi olaraq ödənişlər edir. Qəbzlər də var. Hazırda 250 manat ödəməyə hazırdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, son 1 ildir çətinliyi olmuşdur. Qazandığı puldan hissə-hissə ödəniş edir. Borcu ödəməyə hazırdır. Hazırda borcdan 250 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, 2 uşaq üçün 528 manat aliment təyin olunmuşdur. 5 il ərzində 4000 manatdan artıq yaranmış borcu ödəmişdir. Keçən ilin fevral ayından ödəniş etməkdən yayınır. Hazırda borcdan 250 manat ödəniş etmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: 13 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs bugünədək 1608 manat aliment borcu yaranmışdır. 8(011)-406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-751/2022 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləği indeksasiya olunması, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs sonrakı artımlar nəzərə alınaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli həddində aliment tutularaq tələbkar X4 ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-406/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və borcun müəyyən hissəsini ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, hazırkı 1608 manat pul borcu 3 aylıq ödəmə həcmində olmaqla təxminən 1 il ərzində yaranmışdır. Beləliklə, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zəfər Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar