Məhkəmə qərarları › İş №3(5-94)-1521/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1521/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1521/2026 16.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, Bakı şəhəri Xətai RPİ-nin X6 Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş 08 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 01:01 radələrində «Kia Sorento minik» markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 08 yanvar 2026-cı il tarixdə «Kia Sorento minik» markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş olmamışdır. Həmin tarixdə o, polis əməkdaşı tərəfindən saxlanılmış və polis əməkdaşı hər hansı bir xüsusi texniki vasitə ilə yoxlama aparmadan vizual şəkildə onun spirtli içki istifadə etməklə nəqliyyat vasitəsini idarə etməsi qənaətinə gələrək barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. O, avtomobili yorğun halda idarə etsə də, heç vaxt spirtli içki qəbul edib sükan arxasına əyləşməmişdir. Beləliklə o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin X6 Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, 08 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Xətai rayon DYPŞ YPX inspektoru, polis serjantı Yusif Əkbərov tərəfindən tərtib edilmişdir. İnzibati material ona daxil olan zamanı sürücünün nəqliyyat vasitəsini sərxoş halda idarə etməsini təsdiqləyən sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolun, alkotester qəbzinin və digər iş üçün əhəmiyyət kəsb edən sübutların olmadığını aşkar etmişdir. Hal-hazırda həmin sənədlərin tərəfindən təqdime dilməsi mümkün deyil. Beləliklə göstərilənlərə əsasən o, Şəxs barəsində başlanmış inzibati xəta haqqında işin həlli məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib olunmuş 08 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 01:01 radələrində «Kia Sorento minik» markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 08 yanvar 2026cı il tarixdə «Kia Sorento minik» markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş olmamışdır. Həmin tarixdə o, polis əməkdaşı tərəfindən saxlanılmış və polis əməkdaşı hər hansı bir xüsusi texniki vasitə ilə yoxlama aparmadan vizual şəkildə onun spirtli içki istifadə etməklə nəqliyyat vasitəsini idarə etməsi qənaətinə gələrək barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. O, avtomobili yorğun halda idarə etsə də, heç vaxt spirtli içki qəbul edib sükan arxasına əyləşməmişdir. Daha sonra, Bakı şəhəri Xətai RPİ-nin X6 Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X2 da Şəxsla razılaşaraq izahatında bildirmişdir ki, 08 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Xətai rayon DYPŞ YPX inspektoru, polis serjantı Yusif Əkbərov tərəfindən tərtib edilmişdir. İnzibati material ona daxil olan zamanı sürücünün nəqliyyat vasitəsini sərxoş halda idarə etməsini təsdiqləyən sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolun, alkotester qəbzinin və digər iş üçün əhəmiyyət kəsb edən sübutların əlavə edilmədiyini aşkar etmişdir. Hal-hazırda həmin sənədlərin tərəfindən təqdim edilməsi mümkün deyil. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin obyektiv tərəfini təşkil edən hərəkətlərə yol verilməsi iş materiallarına əlavə olunmuş sənədlərdə öz əksini tapmamış, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən də məhkəməyə hər hansı bir sübut və ya videogörüntü təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai RPİ-nin X6 Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar əldə olunmamış, səlahiyyətli orqan tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış və Şəxs barəsində əsassız olaraq 08 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə, Şəxs tərəfindən inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsində təqsirinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar