Məhkəmə qərarları › İş №3(5-94)-1524/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1524/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1524/2026 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Qərardan şikayət verən şəxs – X2 iştirakı ilə, Bakı şəhər X6 İdarəsinin 10 fevral 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X6 İdarəsinin 10 fevral 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 50 (əlli) manat cərimə edilmişdir. **-DS-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtonəqliyyat vasitəsi X2 şəxsi mülkiyyətindədir. xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Babək prospektində hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili tərəfindən ona saxla əmri verilmiş, nəqliyyat vasitəsini kənara çəkib saxladıqdan sonra avtomobilinə baxış keçirtməyə başlanılmış, “Sport amortizator” üçün qanunda olmayan qeyri-qanuni sənədlər tələb etdilmişdir. Halbuki, həmin sənədlər qeyri-qanunidir və protokol tərtib edilmədən avtomobili duracağa yerləşdirilmişdir. Yol Patrul əməkdaşı 5 dəqiqə ərzində cəriməni yazıb göndərəcəyini deyərək oradan uzaqlaşmış, lakin, həmin müddət ərzində və daha sonra protokol, qərar tərib edilməmişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə dərhal məlumat verilmiş, avtomobilin qanunsuz şəkildə protokol tərtib edilmədən cərimə meydançasında saxlanıldığını bildirmişdir. Daha sonra yenidən protokol tərtib edilmədiyinə görə bir sıra dövlət qurumlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra xx.xx.2026-cı il tarixdə gecə saatlarında İXP7817794 nömrəli protokolun tərtib edilməsi ilə bağlı bildiriş gəlmişdir. Protokolda tarix xx.xx.2026-cı il göstərilsə də bununla bağlı ona heç bir bildiriş gəlməmişdir və yalnız 10 fevralda bu barədə məlumatlı olmuşdur. Cərimə xarici işıq cihazlarında nasazlıq ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməyə görə verilmişdir. Lakin, polis əməkdaşı onun avtomobilini saxlayarkən bununla bağlı ona heç bir şey deməmiş, avtomobildə “sport amortizator”un qadağan olduğunu iddia edərək avtomobilini cərimə meydançasına aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə siləcəkləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə nəzərdə tutulmuşdur. Avtomobilində xarici işıq cihazlarının yaxud konstruksiyanın digər ünsürlərinin nasazlığı mövcud deyildir. Sonradan yol polis şöbəsinə yaxınlaşdıqda polis əməkdaşı avtomobildə duman faralarının olmamağına görə cərimənin yazıldığını və avtomobilində duman işığının bərpa olunmalı olduğunu bildirdi. X4 haqqında Azərbaycan Respublikası qanununa 1 Saylı Əlavədə nəqliyyat vasitəsindəki nasazlıqlar göstərilmiş, həmin qanunun İİİ bəndində xarici işıq ciahzlarının nasazlıqları qeyd olunmuş və orada duman faralarına dair heç bir müddəa nəzərdə tutulmamışdır. Həmin nasazlıqlarda Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nasazlıq kimi nəzərdə tutulduğu göstərilmişdir, lakin avtomobilində konstruksiya tələblərinə uyğun olmayan hər hansı bir dəyişiklik edilməmişdir. Avtomobilinin konstruksiyasına uyğun olaraq duman faraları ləğv olunmuşdur, avtomobil ilə eyni ildə mövcud olan digər markalarda görmək olur. Azərbaycan Respublikasının X1 duman işıqlarının çıxarılmasının qadağan olunması və ya duman işıqlarının mövcudluğunun məcburi olması ilə bağlı heç bir maddə öz əksini tapmamışdır. Odur ki, şikayətçi X3 barəsində olan, Bakı şəhər X6 İdarəsinin xx.xx.2026-cı il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixli TP7829614 nömrəli qərardan verdiyi şikayət əsaslıdır, haqqında tərtib edilmiş təhbeh vermə haqqında qərarın əsaslandığı inzibati xətanı törətməmişdir, mülkiyyətində olan avtomobildə bu xətanı törədəcək konstruksiya tələblərinə uyğun olmayan hər hansı bir dəyişiklik edilməmişdir. Qeyd edilənlərə əsasən, barəsində xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh verilməsi barədə qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ-nin X6 İdarəsinin tərəfindən tərtib edilmiş 10 fevral 2026-cı il tarixli inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər X6 İdarəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin: 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Göründüyü kimi, X2 barəsində 10 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmişdir. Belə ki, Bakı şəhər X6 İdarəsinin 10 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarında AR İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan konkret olaraq hansı nasazlığın olması öz əksini tapmamış və şikayət vermiş şəxsə avtomobilində olan hansı nasazlıqla əlaqədar inzibati tənbeh tətbiq edilməsi izah olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, onun inzibati xətanı törətməsi barədə səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, AR DİN Bakı şəhər X6 İdarəsinin 10 fevral 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında AR DİN Bakı şəhər X6 İdarəsinin 10 fevral 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar