Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-94)-1562/2026 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanova Nuranə Rauf qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 17 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs MMC Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5215/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra məmurunun tələblərini yerinə yetirməmişdir. Protokolu tərtib etmiş şəxsə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və tələbkara məhkəmə iclasının vaxtı, yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5215/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC (VÖEN **********) tərəfindən 20061 manat və illik 5 faiz məbləğində hesablanmaqla 1743 manat, ümumilikdə 21804 (iyirmi bir min səkkiz yüz dörd) manat pul vəsaiti və ödənilmiş 151 (yüz əlli bir) manat 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi tutlaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 11 dekabr 2025-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmışdır. 11 dekabr 2025-ci tarixli bildirişdən görünür ki Şəxs MMC-yə borcun icrası haqqında məlumat verib xəbərdarlıq olunsa da o, məhkəmə qərarını qəsdən icra etməmişdir. Borcluya göndərilən qərar, bildiriş və inkasso sərancamlarından Şəxs MMC-nin borcu icra etmədiyi və icra şöbəsinə borcu icra etməmə səbəbi haqqında lazımi məlumatlandırmanı vermədiyi öz təsdiqini tapır. AcessBank-ın xx.xx.2026-cı il tarixli məktuba cavabından görünür ki, e-2-2(113)- 5215/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi və inkasso sərəncamı icraya qəbul edilmiş, lakin, Şəxs MMC-nin hesabında vəsaitin olmaması səbəbindən silinmə əməliyyatı icra edilməmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs MMC-nin icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. AR İXM-in 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. AR İXM-in 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, Şəxs MMC-nin inzibati xətanı törətməsi icra vərəqəsi, bildiriş, inkasso sərancamları və iş materiallarında olan digər materiallarla tam sübuta yetirilir, inzibati məsuliyyəti istisna edən və iş üzrə icraatı rədd edən hallar yoxdur. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3.000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Əlizadə
Məhkəmə qərarları › İş №3(5-94)-1562/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(5-94)-1562/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver